Buğda bazarından təhlükəli siqnallar - Azərbaycan nə edəcək?
14-09-2021, 11:31

Yerli istehsalın keyfiyyət və kəmiyyət problemi həll olunmalıdır; aqroparkların istehsalda payı 2-3 faizdən yuxarı qalxmayıb...
Koronavirus pandemiyası dünya əhalisini tək sağlamlıq deyil, həm də qidalanma problemi ilə üz-üzə qoymaqdadır: tətbiq edilən məhdudiyyətlər qlobal qida çatdırılması zəncirində qırılmaları sürətlər artırır.
Eyni zamanda bir çox əsas ərzaq məhsullarının ixracatçısı olan ölkələr öz əhalisini mümkün risklərdən sığortalamaq üçün ixraca məhdudiyyətlər, müxtəlif kvotalar tətbiq edirlər. Belə məhsullardan biri buğdadır. Hələ ötən qış bir neçə iri buğda ixracatçısı bu məhsulun xaricə satışında məhdudlaşmalara getmişdilər. Lakin digər ölkələrdə məhsulun bol olması bazarda qıtlıq yaranmasının qarşısını aldı.
Çatdırılma zəncirindəki qırılmalar, ixraca məhdudiyyətlər digər ərzaq məhsullarında olduğu kimi, buğdanın qiymətində də bahalaşmaya səbəb olub. 2020-ci ilin avqust ayında bir ton buğdanın dünya bazar ixrac qiyməti 188-238 dollar arasındaydısa, həmin ilin dekabrında qiymətlər 219-265 dollara yüksəlib. Bu, son 4 ilin ən yüksək göstəricisidir. 2017-2018-ci illərdə buğdanın tonu 200 dollardan aşağı idi - 174-190 dollar civarında. 2021-ci ilin yanvar ayından sonrakı müddətdə də buğdanın dünya bazar qiymətlərində davamlı artımlar baş verməkdədir. Bir ton buğdanın ixrac qiyməti avqustun sonunda 266-286 dollara qədər artıbb.
Təəssüf ki, buğdanın bahalaşması prosesini dayandıracaq amillər mövcud deyil. Belə ki, qlobal buğda istehsalı ötən ilə nisbətən bu mövsümdə daha aşağıdır. Beynəlxalq Taxıl Şurasının məlumatına görə, cari ilin avqustun ortalarınadək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Halbuki ötən ilin eyni dövründə istehsal 760 milyon tona bərabər idi. Bunun əsas səbəbi isə 2021-ci ildə planetin əksər bölgələrində yaşanan kəskin hava fəlakətləri, quraqlıq, meşə yanğınları və istiləşmə nəticəsində su resurslarının paylanılmasında ciddi problemlərin yaşanmasıdır.
Yaranmış vəziyyət dünyanın ən iri taxıl istehsalçılarının ixrac həcmlərini azaldacağı, əlavə rüsumlar tətbiq edəcəyindən və nəticədə qlobal miqyasda taxıl tədarükünün daralacağından xəbər verir. Amerika qitəsinin əsas ixracatçıları olan ABŞ və Kanada buğda yığımında azalmalara görə müxtəlif kvotlar üzrə yaxın region ölkələrinə daha az məhsul satacağını, eyni zamanda əlavə rüsumların tətbiq olunacağını xəbərdar edib.
Dünyanın ən böyük buğda ixracatçılarından olan Rusiya bu ilin iyunundan bu məhsulun ixracına “üzən rüsum” tətbiq edir. Bu mexanizm ölkədən xaricə 200 dollardan yuxarı qiymətə çıxarılan hər ton buğdanın 200 dollardan yuxarı hissəsinə görə əlavə verginin tutulmasını nəzərdə tutur. Eyni zamanda istehsalın azalması fonunda Rusiya xaricə buğda satışının ümumi həcmini də məhdudlaşdırmaq niyyətindədir. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2021-ci il mövsümündə təxminən 80-81 milyon ton buğda istehsalı proqnozlaşdırılır ki, bu da 2020-ci il mövsümü ilə müqayisədə (ötən mövsüm - 85.4 milyon ton) 5 milyon tona yaxın azalma deməkdir. Bu səbəbdən də Rusiya yeni mövsüm ərzində buğdanın illik ixracını 40 milyon tondan 34 milyon tona endirəcəyini açıqlayıb. Rəsmi məlumatlar göstərir ki, 1 iyul-9 sentyabr aralığında Rusiyadan buğda ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz az - 6,7 milyon ton təşkil edib. Sentyabr ayında bu həcmin daha da azalacağı gözlənilir.
Buğda aldığımız Qazaxıstanda da istehsalın azalması prosesi davam edir. Belə ki, bu il Qazaxıstanda buğda istehsalı keçən illə müqayisədə 1,8 milyon ton azalaraq 12.5 milyon tona düşüb. Buna görə də əvvəlki mövsümlə müqayisədə ixracın bu il ən azı 8-9 faiz azaldılacağı və 5.3 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır.
Dünyada buğda ilə özünü təmin edən ölkələrin sayı 30-a çatmır. Öz əhalisinin istehlakından 6 dəfə çox buğda istehsal edən Latviya, yerli istehlakdan 2-4 dəfə çox istehsalı təmin edən Litva, Bolqarıstan, Kanada, Estoniya, Argentina, Avstraliya, Rumıniya və nəhayət, istehlakdan 1-2 dəfə çox istehsalı olan Fransa, ABŞ, Moldova, Ukrayna, Qazaxıstan, Rusiya, Slovakiya, Macarıstan, Almaniya, Danimarka, İsveç, Finlandiya, Çexiya, Xorvatiya, Polşa, Paraqvay, Pakistan, Hindistandan kənarda, qalan 160-dan artıq ölkə tələbatı az və ya çox dərəcədə idxal hesabına ödəməyə məcburdur. Qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 faiz, Azərbaycanda 58 faiz, Koreya, Kolumbiya, Oman, Qətər, Küveyt, Tailand kimi ölkələrdə isə sıfır faizdir.
Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehlak edən ölkələr sırasındadır. Belə ki, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, çörək və sair un məhsullarının istehsalına 2020-ci ildə 1 milyon 26 min 670 ton un istifadə edilib. Bu, adambaşına 102,667 kiloqram deməkdir. Daha 841 465 ton un isə ərzaq məhsulu kimi istifadə olunub. 2020-ci ildə Azərbaycanda 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Adambaşına un istehlakı isə 84,4 kiloqram təşkil edir.
Yuxarıdakı məlumatdan da aydın görünür ki, qlobal buğda bazarında baş verən proseslər Azərbaycan üçün müsbət heç nə vəd etmir. Nəzərə alsaq ki, uzun illər dövlətin ciddi dəstək verdiyi yerli istehsal keyfiyyət baxımından ərzaqlıq buğdaya olan tələbatı qarşılamaq iqtidarında deyil, onda bu məhsulun qiymətindəki dəyişikliklərin necə ciddi nəticələrinin ola biləcəyini təsəvvür edə bilərik. Düzdür, Azərbaycan dövləti artıq 5 ildən çoxdur daxildə çörəyin qiymətini sabit saxlamaq üçün buğda və un idxalını ƏDV-dən azad edib. 2021-ci ilin fevralından isə Nazirlər Kabinetinin qərarına əsasən un istehsalçıları istehsal etdikləri hər ton una görə dövlətdən 35 manat subsidiya alırlar. Lakin aydın məsələdir ki, dövlətin daxili bazarda qiymətləri stabil saxlamaq imkanlarının da bir həddi var. Dünyada elə bir təcrübə yoxdur ki, dövlətin bazara müdaxiləsi hansısa sektorda sürətli inkişafa gətirsin. Bu baxımdan, gec də olsa, dövlət çörək və un bazarında qiymət tənzimlənməsindən geri çəkilməlidir. Bu, ilk mərhələdə ağrılı olacaq əlbəttə - çörək və unun qiymətində bahalaşma özü ilə narazılıqlar da gətirəcək. Lakin dövlət əhalinin aztəminatlı hissəsinin sosial təminatına yönəlik addımlarla bu qrupu bahalaşmanın təsirindən qoruya və narazılıqların qarşısını ala bilər.
Buğda və un bazarından dövlətin əli yığışarsa, bu, yerli istehsalın keyfiyyətinin artırılması probleminin həllində də bir təkana səbəb ola bilər. Un və çörək istehsalı daha gəlirli bir sahəyə çevrilər, normal rəqabət mühiti yaranar ki, bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxarar. Digər tərəfdən, Azərbaycan torpaq resursları məhdud ölkələrdəndir. Bu baxımdan, buğda əkinlərinin genişləndirilməsi mümkün deyil. Bu sahədə artım yalnız işğaldan azad olunmuş ərazilər hesabına bir neçə on min hektar civarında mümkündür. Buna görə də ölkənin yeganə yolu buğda istehsalında keyfiyyəti və məhsuldarlığı artırmaqdır. Bu gün biz çörək və un istehsalı üçün buğdanı demək olar ki, yüz faiz xaricdən alırıq. Ölkədə buğda istehsalı üzrə orta məhsuldarlıq hər hektardan 31 sentner civarındadır. Bu, dünya üzrə orta göstəricidən xeyli aşağı bir nəticədir. 2019-cu ilin yekununa əsasən dünyada buğda üzrə ən yüksək məhsuldarlıq İrlandiyada qeydə alınıb - hər hektardan 99 sentner. Ardınca gələn Yeni Zelandiyada bu göstərici 91 sentner, Belçika və Niderlandda 89 sentner, Almaniyada 80 sentner, Birləşmiş Ərəb Əmirliklərində 76 sentner təşkil edir. Buğdanın məhsuldarlığı üzrə ilk onluğu 74 sentnerlə Danimarka tamamlayır. Bizim buğda tədarükümüzdə əsas yeri tutan Rusiyada orta məhsuldarlıq 20-27 sentner, Ukraynada 42 sentner təşkil edir.
Mövcud şərtlər, həmçinin dünya bazarında baş verənlər göstərir ki, Azərbaycan buğda ilə özünütəminat səviyyəsini təhlükəsiz hədd hesab olunan 70 faizə çatdırmağa nail olmalıdır. Dövlət hazırda buğda istehsalçılarına hər hektara görə 210 manat əkin subsidiyası ödəyir. Bu, fermerləri məhsuldarlığı artırmağa təşviq edəcək mexanizm sayıla bilməz. Bu baxımdan, dövlət buğda və un idxalına, un istehsalına tətbiq etdiyi subsidiyaları ölkədə yerli şəraitə uyğunlaşdırılmış məhsuldar buğda sortlarının yetişdirilməsinə yönəltməklə orta və uzunmüddətli dövrdə daha böyük nəticələr əldə edə bilər. Hətta xaricdən, məsələn, qardaş Türkiyədən seleksiyaçı alimlərin cəlb olunması yolu ilə Azərbaycan iqliminə uyğun sortların əldə olunması mümkündür.
Son illərdə Azərbaycanda dövlətin böyük vəsaitləri hesabına iri təsərrüfatların - aqroparkların yaradılması prosesi gedir. Aqroparkların bütün infrastrukturu dövlət hesabına qurulur -su, qaz, elektrik enerjisi və sair. On minlərlə torpaq sahələri də onlara pulsuz verilir, istehsal etdikləri məhsula, becərdikləri torpağa görə dövlətdən subsidiya alırlar. Aqroparklardan ən böyük gözlənti məhz keyfiyyətli buğda istehsalının təmin olunması idi. Beş ilə yaxındır proses getsə də, hələ aqroparkların istehsalda payı 2-3 faizdən yuxarı qalxmayıb. Buna görə də dövlət aqroparkların fəaliyyəti üzərində nəzarəti gücləndirməli, onların dövlətin prioritetlərinə uyğunluğu təmin edilməlidir.
Dünya SAKİT,
“Yeni Müsavat”