"Bu savadsız yığnağı olan-qalan erməniləri də qırmaq istəyir" - NƏ BAŞ VERİR?

15-09-2021, 08:39           
"Bu savadsız yığnağı olan-qalan erməniləri də qırmaq istəyir" - NƏ BAŞ VERİR?
44 günlük savaşda 10 min fərarisi olan Ermənistan hansı “ağıl”la yenidən hərbi ritorikaya üstünlük verir?; polkovnik: “Yaxın 5-10 ilə Ermənistanda döyüşmək gücündə olan hansısa hərbi hissə və birləşmənin yaradılması qeyri-mümkündür”

Ermənistanda ehtiyatda olan hərbçilərin görünməmiş miqyasda toplanışı davam edir. Birinci mərhələ hələ avqustun 25-də üç ay müddətinə başlayıb, ikinci üçaylıq toplanış mərhələsinə sentyabrın 15-də start veriləcək.

Keçmiş zabit, hərbi icmalçı Narek Nersisyan qeyd edir ki, qeyri-adi heç nə baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir: “Hərbi-siyasi, hətta elmi nöqteyi-nəzərdən müharibə ancaq o zaman bitmiş olur ki, tərəflərdən biri qalib gəlir...”

İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutyunyan isə sentyabrın 13-ü Xankəndində hərbi toplantı keçirərək yeni “ordu komandanı” Kamo Vardanyanı təqdim edib. Sentyabrın 11-də Mikael Arzumanyanı əvəzləyən 1966-cı il təvəllüdlü general-mayor Kamo Vardanyan işğalçı orduda 1 fevral 1992-ci ildən qulluq edir, sentyabrın 11-dək “qərargah rəisi”, “ordu komandanının birinci müavini” olub. Mikael Arzumanyan 2020-ci il oktyabrın 27-dən “ordu komandanı” idi.

Ermənistan ordusunun 15 ildən sonra miqyaslı toplanışlar qərarı diqqət çəkir. Görünür, Rusiya müharibədə dağıdılmış Ermənistan ordusunun rezervlərini nəzərdən keçirir. Çünki müharibədə rezervlər ordunun əsas qüvvələrindən hesab olunur. Buna paralel olaraq Araik Arutyunyan da “ordu rəhbərlyini ” dəyişir.

Yəni 44 günə darmadağın olmuş, hərbi texnikasının və silah-sursatının böyük bir hissəsi məhv edilən, bir qismi də Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənən düşmən ordusu yarımcan olduğu halda, revanşa meyllənir ki, bu da əcaib görünür. Hətta əcnəbi ekspertlər də Ermənistanın tezliklə toparlana biləcəyini mümkün saymır və erməniləri ağıllı olmağa, Azərbaycanla dil tapmağa çağırırlar. Düzdür, Ermənistanın havadarları yenə də hansısa stimullaşdırıcı vədlər verirlər. Görünür, Ermənistanda əhval-ruhiyyənin dəyişməsinə onlar da təsir edirlər. Bir neçə ay əvvələ kimi “biz müharibədə biabırçı şəkildə uduzduq” əhval-ruhiyyəsinin yerini, indi “müharibə hələ bitməyib” kimi sərsəmləmələr tutmaqdadır. Ancaq ermənilərin içərisində də reallığı anlayanlar var. Hətta Levon Ter-Petrosyan durumu yaxşı anlayır və etiraf edir ki, artıq “qatar gedib”.

Bəs belə olan halda Ermənistan ordusunu nəyə hazırlaşır? Doğrudanmı, ermənilər hələ də düşünürlər ki, müharibə bitməyib, Qarabadakı vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, 44 günlük müharibədə Azərbaycanın qətiyyətli qələbəsi Ermənistan ordusunun özü haqqında yaratdığı mifi darmadağən etdi: “Təsəvvür edin ki, hələ də itkiləri dəqiqləşdirə bilmirlər. Bu itkilər həm canlı qüvvə, həm texnika, həm də strateji əhəmiyyətli məntəqələrdir. Ermənistan rəhbərliyi belə düşünürdü ki, illərlə Rusiyanın vassalı kimi qalan bir ölkəyə ”sahib" çıxan bir dövlət tapılacaq. Lakin bu da baş vermədi. Daxildəki hərc-mərclik, Qarabağ klanı ilə yerli ermənilər arasında yaranan qarşıdurmalar, ordudakı korrupsiya ilk növbədə iqtisadiyyatı, sonra da olmayan, kağız üzərində yaradılan ordunu darmadağın etdi. Fərarilik, intizamsızlıq orduda adi hala çevrildi. Təbii ki, Rusiyanın 102-ci hərbi bazası da köməyə gələ bilmədi. Nə qədər qaçaq yolu ilə, hansısa kreditlərlə silah-sursat gətirilsə də, hərbi mütəxəssis olmadığı üçün metal tullantısına çevrildi və buna bütün dünya şahid oldu. Yəni dövlət və milli təhlükəsizliyə təhdidin qarşısını almalı olan əsas institut - silahlı qüvvələr demək olar ki, yox idi. Sadəcə olaraq, daxili və xarici siyasətdə terror, təxribat, saxta tarix və qonşuluq siyasətində qərəz, ərazi iddiası əsas prinsip götürüldü və sonu acı nəticəyə gətirib çıxardı". A.Nağıyev hesab edir ki, Ermənistanı məhz belə sonluq gözləyirdi: “Belə də olmalı idi. İndi isə bundan nəticə çıxarmağa çalışan erməni iqtidarı özü də gecikdiyini dərk edir və bilir ki, ölkəyə sərmaye qoyuluşu təhlükəsizliyə verilən zəmanətdən keçir. Ordu yox, iqtisadiyyat tənəzzüldə, siyasi qarşıdurma, miqrasiya problemləri ölkəni məhv edir. Ona görə də miqyaslı toplanışlara qərar verilir və hətta toplantılar da baş tutmur və fərarilik baş alıb gedir. Yəni bu, bir imitasiyadır. Büdcə darmadağın vəziyyətdəir, xarici qrantlar korrupsiya yolu ilə mənimsənilir”. Deputatın fikrincə, toplantılar hələ ordu demək deyil: “Qabaqcadan bilinir ki, artıq Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməzlər. Sadəcə, daxili auditoriyanı sakitləşdirmək və burada öz maraqları olan havadarlardan maddi dəstək almaq üçün bu addımlar atılır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda siyasi-hərbi rəhbərliyin bir müddət öncə elan etdiyi 3 aylıq hərbi toplanış qərarı fiaskoya uğradığı üçün onlar təkrarən toplanış keçirməyi qərara alıblar: “Çünki ermənilər Paşinyanın və Müdafiə Nazirliyindəki yeni avantürist Arşak Karapetyanın sərsəm bəyanatlarını eşitdikdən sonra belə qərara gəliblər ki, bu savadsız yığnağı olan-qalan erməniləri də qırmaq istəyir. Məhz ona görə də elan olunan toplanışa demək olar ki, heç kim ciddi yanaşmadı və Ermənistan adlı dövlətin formal da olsa, ordunu yenidən qurmaq və təşkil etmək siyasəti fiaskoya uğramaqda davam edir. Bu incəliklərdən bir qədər xəbərsiz olan insanlar da təkrarən toplanış elan olunması xəbərindən narahat olub fikirləşirlər ki, görəsən, nələr baş verir?” Ü.Cəfərov qeyd etdi ki, əslində qeyri-adi heç nə baş vermir: “Ötənilki 44 günlük savaşda Azərbaycan tərəfindən darmadağın edilən Ermənistanın elit hərbi hissə və birləşmələrinin yenidən ayaq üstə qalxması üçün mütləq mənada ehtiyat qüvvələrdən istifadə zərurəti yaranıb. Ona görə də onlar öz havadarlarının təkidləri ilə təcili səfərbərlik resurslarını işə salıb, nə isə etməyə çalışırlar. Ancaq nə edirlər-etsinlər, mümkün deyil ki, qısa bir müddətdə Ermənistan ordusunu ortabab səviyyəyə gətirsinlər. Hələ hərb elmi belə qısa müddətdə və belə zəif iqtisadiyyatla ordu quruculuğunun mümkünlüyünü subut etməyib və etməkdə acizdir. Necə deyərlər, bədnam qonşularımız həmişə onun-bunun əlində alət olduqlarına görə başları belə müsibətlər çəkib və çəkməkdə də davam edir. Hər halda, özləri bilər. Biz Azərbaycan olaraq onlara normal qonşuluq münasibətlərində regionda yaşamağın yollarını da demişik və göstərmişik. Onlar isə hələ ki, olmayan ağılları ilə hansısa revanşist xülyalarla yaşayırlar”. Polkovnik əmindir ki, ehtiyatda olan hərbçilərini deyil, lap xaricdən ən hazırlıqlı erməniləri də yığıb İrəvana doldursalar, bundan sonra yaxın 5-10 ilə Ermənistanda döyüşmək gücündə olan hansısa hərbi hissə və birləşmənin yaradılması qeyri-mümkündür: “Buna heç kimin şübhəsi olmasın. Say göstəricisi heç də keyfiyyəti əvəz etmək gücündə deyil. Ona görə də Ermənistanın yeganə düzgün çıxış yolu var: başını aşağı salıb, regionda qonşuları ilə münasibət quraraq yaşamaq. Bu olacaqsa, ermənilər yaşaya biləcəklər, olmayacağı təqdirdə isə vəziyyət lap pisləşəcək və dövlətçilikləri məhv olmaq təhlükəsi ilə baş-başa qalacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.