Kapitulyasiya aktının 9-cu bəndi 6-cı bəndə qarşı - Laçın dəhlizi uzağı 100 günə bağlana bilər

18-09-2021, 09:53           
Kapitulyasiya aktının 9-cu bəndi 6-cı bəndə qarşı -
Bakının səbri sonsuz deyil; Rusiyanın sülhməramlı imici geridönməz şəkildə zədələnəcək, əgər...; İrəvan isə hələ də sülhün imitasiyasına üstünlük verir...

Gorus-Qafan yolunun Azərbaycandan (Qubadlıdan) keçən hissəsində qayda-qanunlarımızın bərpası səbəbilə Ermənistan əlavə və ciddi problemlər yaşamaqdadır. Vəziyyətin unikallığı həm də ondadır ki, rəsmi İrəvan sırf iqtisadi rıçaqı işə salmış Bakıya daha heç bir irad bildirə bilmir. Çünki Azərbaycan öz ərazisində kontur-tədbirləri sırf beynəlxalq hüquq normaları əsasında həyata keçirməkdədir.

Çıxılmazda qalan, yeni iqtisadi-ticari itkilərlə üzləşən kasıb Ermənistan isə Azərbaycanla problemi ikitərəfli formatda həll eləmək əvəzinə, yenə “rəngləri” tündləşdirir, İrandan və Rusiyadan kömək umur, Moskva və Tehranın Bakıya təzyiq edəcəyinə ümid edir. Belə bir şey isə olmayacaq, gözlənilmir. Çünki məsələnin şimal və cənub qonşumuza bəlkə də ən axırıncı dəxli var və onlar üstəlik, ermənilərə görə bölgənin açar dövləti ilə - Azərbaycanla üz-göz olmaq istəmirlər. Moskva və Tehrandan gələn reaksiyalar buna şübhə yeri saxlamır...

*****

“Varatan kəndi yaxınlığındakı vəziyyətin inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə tezliklə başlanmasının vacib olduğunu təsdiqləyir. Bu barədə Rusiyanın təklifi həm Bakıya, həm də İrəvana təqdim olunub. Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gorus-Qafan yolunda Azərbaycan tərəfinin İranın yük avtomobillərini saxlamasına münasibət bildirərkən deyib.

Bununla da Moskva məsələdə İrəvana hər hansı kömək edə bilməyəcəyini, problemi özünün həll eləməli olduğunu onun diqqətinə çatdırıb. Eyni zamanda, Ermənistana belə insidentlərdən qaçmağın ən etibarlı yolu kimi isə sərhədinin delimitasiya və demarkasiya prosesinə tezliklə başlamağı məsləhət görüb.

Ermənistan üçün ən ağrılı məsələ də məhz delimitasiya və demarkasiyadır. Çünki bu problemin həlli iki qonşu ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasından keçir. Bu səbəbə rəsmi İrəvan sülhdən dəm vursa da, sülhə ən böyük əngəl elə özü olaraq qalır - bacardıqca vaxtı uzatmağa səy göstərməklə.

*****

Ancaq bunun da bir sonu gələcək. O cümlədən 10 noyabr 2020-ci il kapitulyasiya sənədində nəzərdə tutulan Zəngəzur dəhlizini Ermənistan açmalı olacaq. Sadə səbəbə: çünki həmin sənədin 6-cı bəndinə əsasən Laçın dəhlizi 11 aydır işləyirsə, 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi də çoxdan işə düşməli idi.

Hər iki dəhliz əslində eyni vaxtda fəaliyyət göstərməlidir. Bu mənada Azərbaycan tərəfi humanitar jest olaraq səbir göstərdiyi Laçın dəhlizinin uzun müddət birtərəfli qaydada fəaliyyət göstərməsinə laqeyd qala bilməz. Dəhlizin biri işləməyəcəksə, digəri də qapanmalıdır. 10 noyabr kapitulyasiya aktı ya bütünlüklə işləyəcək, ya da heç bir bəndi qüvvədə olmayacaq...

“Ermənistan hökuməti əlindən gələni edəcək ki, mövcud Laçın dəhlizi dəyişməz qalsın”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentin srağagünkü iclasında deputatlardan birinin Laçın dəhlizinin marşrutunun dəyişməsi mümkünlüyü ilə bağlı sualını cavablandırarkən söyləyib. Onun sözlərinə görə, “bu mövzuda Qarabağ ”hakimiyyəti" və Rusiya sülhməramlı korpusunun komandanlığı ilə işçi müzakirələr aparılıb və sonra Ermənistan nümayəndələri də onlara qoşulacaq".

Xatırladaq ki, 10 noyabr üçtərəfli sənədinin 6-cı bəndində deyilir: “Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək”.

Paşinyanın sözündən isə belə çıxır ki, onları Laçın şəhərindən keçən indiki dəhliz əslində tam qane edir və təzəsinə ehtiyac yoxdur. Yəni ən azı buna mane olacaqlar. Başqa sözlə, üçtərəfli sazişin daha bir bəndini sabotaj eləmək hədəfi güdülür...

*****

Təbii ki, Bakı Laçın şəhəri də daxilı, özünün bütün qanuni torpaqları üzərində suverenliyinin tam həcmdə bərpasına süni şəkildə, illər uzunu əngəl yaradılmasına seyrçi qala bilməz. Həm də 10 noyabr sənədinin erməni tərəfinə sərf eləməyən bəndlərinin yerinə yetirilməməsi fonunda.

Laçın şəhəri ermənilərdəmi qalır? Ermənilərə belə deyilib, amma onlar şəhəri tərk edir - BBC News Azərbaycanca

Bu xüsusda zərrəcə şübhə yox ki, Azərbaycan dövləti uzağı kapitulyasiya sənədinin imzalanmasının 1-ci ildönümünə və ya maksimum ilin sonuna kimi (təxminən 100 gün) səbir göstərəcək. Ondan sonra da vəziyyət olduğu kimi qalarsa, yəni Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməzsə və Qarabağın anklav hissəsindən işğalçı ordunun qalıqlarını çıxarmazsa, bütövlükdə sülh müqaviləsi imzalanmazsa, onda dəhliz qapadılacaq və tam Azərbaycan qüvvələrinin nəzarətinə keçəcək.

Bu isə həm də Rusiya sülhməramlılarının fəaliyyətinə Bakının “iki” qiyməti verməsi anlamına gələcək - buradan çıxan bütün məntiqi nəticələri ilə birgə. Odur ki, Rusiya dövləti özünün sülhməramlı imicinin və Azərbaycanla münasibətlərinin ciddi şəkildə zədə almasını istəmirsə, tələsməlidir.

*****

Bu arada Ermənistan mediası Moskvada “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiası ilə çıxış edib (Axar.az). İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021" hərbi təlimləri çərçivəsində Azərbaycanla ”sülh müqaviləsi"nin detallarını müzakirə edib.

Son dövrlər Azərbaycanın siyasi-hərbi rəhbərliyindən heç kimin Rusiyaya səfər etmədiyini nəzərə alsaq, bu iddianın reallıqla əlaqəsi çox az görünür, lakin detallar hər halda maraqlıdır:

- Sərhədin delimitasiya və demarkasiya prosesinin SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb;

- Qarabağın “statusu” ilə bağlı erməni tərəfi heç nəyə nail olmayıb: bu məsələ İrəvan tərəfindən hələ də açıq saxlanılır;

- Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılacaq;

- Zəngəzur dəhlizinin açılması reallaşacaq;

- Sənədin tamamlanması yanvar ayına qədər yekunlaşacaq;

Siyasi müşahidəçilərə görə, sadalanan məqamlar Azərbaycanın Ermənistana təqdim etdiyi yekun sülh müqaviləsi proqramına uyğundur. Erməni mənbələrin “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı və tirajladıqları detalların həqiqiliyi isə sual altındadır. Lakin Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimlərinin sülh müqaviləsi masasında Bakının əlini gücləndirəcəyi şübhəsizdir.../“Yeni Müsavat”/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.