“QRU” 1990-cı illərdə ordumuza öz agenturasını yerləşdirib – Ərəstun Oruclu

21-10-2021, 19:40           
“QRU” 1990-cı illərdə ordumuza öz agenturasını yerləşdirib –
Keçmiş təhlükəsizlik əməkdaşı Ərəstun Oruclu ilə hafta.az üçün növbəti söhbətimizdə hələ sovet dövründə, yəni 1980-ci illərin sonu 1990-cı illərin əvvəlində Qarabağ münaqişəsinin qondarılıb ortalığa atılmasında, həmin dövrdəki hakimiyyət dəyişikliklərində, eləcə də son 3 onillikdəki Qarabağ savaşlarında keçmiş SSRİ “KQB”-si ilə yanaşı, digər aparıcı xarici kəşfiyyat qurumlarının (ABŞ MKİ, Britaniya- “Mİ-6”), xüsusilə yaxın qonşularımız Rusiya və İran xüsusi xidmət orqanlarının mənfi rolunu təhlil etməyə çalışdıq...

-Ərəstun bəy, 1988-ci ildən bəri Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsinin körüklənərək “münaqişə”, daha sonra müharibə müstəvisinə gətirilməsində xarici kəşfiyyatların rolu haqqında nə demək olar?

-Hesab edirəm ki, 1988-c ildən Qarabağ məsələsinin “münaqişə”, daha sonra müharibə müstəvisinə gətirilməsində xarici kəşfiyyatların rolu bəzən ortaya çıxan müəyyən məlumat və açıqlamalarda deyildiyi qədər olmayıb. Postsovet məkanında SSRİ-nin dağılması ərəfəsində yaradılan bütün etnik münaqişələrə ilk növbədə SSRİ DTK, başqa cür desək, “KQB” nəzarət edirdi. Desəm ki, həmin münaqişələri “KQB” yaradıb, yəqin ki, yanılmaram. Və bu barədə hazırda məlumatlı mənbələrin xeyli açıqlamaları var...

SSRI-nin çökməsində Stalindən sonrakı mərhələdə - Xruşovun dönəmindən “KQB” ilə kommunist partiyası arasındakı çəkişmələr böyük rol oynadı. Tarixdən gördüyümüz kimi, həmin münaqişə 30 ilə qədər çəkdi. Və son nəticədə Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Burada əsas dağıdıcı, detonator rolunu isə məhz SSRİ DTK oynayırdı. 1980-ci illərin ortalarında Qorbaçovun hakimiyyətə gəlməsi ilə “KQB”-nin partiya üzərində nəzarətinin zəifləməsindən sonra dağıntı prosesinə start verildi. Məsələn, Qarabağ münaqişəsinin körüklənməsində məhz SSRİ DTK-nın 5-ci baş idarəsinin rəisi və sonradan eyni zamanda DTK sədrinin birinci müavini vəzifəsini tutmuş general Filip Bobkovun müstəsna xidmətləri olub. Bunu şahidlər deyirdi... Generalı dəfələrlə müşayiət edən şəxlər danışırdı ki, Qarabağ münaqişəsi ərəfəsində və onun yarandığı dövrdə F.Bobkov dəfələrlə xüsusi komanda ilə həm Azərbaycan, həm də Ermənistanda olub. Və o, Azərbaycan-Ermənistan münaqişəsini faktiki olaraq həm yaradıb, həm də idarə edib. Şübhəsiz ki, yerli DTK orqanları da bu işdə fəal iştirak ediblər...

Bilirsiz ki, Qarabağ münaqişəsi keçmiş SSRİ məkanındakı (Abxaziya, Dnestryanı, Osetiya, Özbəkistan və s.) bir neçə etnik münaqişədən biri idi. Və maraqlıdır ki, bunların hamısında F.Bobkovun adı çəkilir. Amma tamam başqa kontekstdə. Guya o, milli münaqişələlərin profilaktikası və aradan qaldırılması üzrə mütəxəssis olub və s. Amma onun necə mütəxəssis olduğunu artıq yaxşı bilirik...

Maraqlı məqamlardan biri də odur ki, etnik münaqişələrin yarandığı ərəfədə DTK-nın Sovetlərin tərkibindəki respublikalardakı şöbələrinin rəhbərliyinə xüsusi adamlar gətirilib. Məsələn, Azərbaycanda bu, Vaqif Hüseynov idi. O, hazırda Moskvada yaşamaqda davam edir. V.Hüseynov Elçibəy hakimiyyəti dönəmində həbs olundu. Onu 20 Yanvar faciəsi ərəfəsində, yəni 1990-cı il yanvarın 19-u axşam Azərbaycan televiziyasının enerji blokunun partladılmasında suçlayırdılar. Amma az sonra Rüstəm İbrahimbəyov kimi Moskva emissarlarının “ziyalılar adından” xahişi ilə prezident Elçibəy tərəfindən azadlığa buraxıldı və Rusiya paytaxtına yollandı. Bundan sonra V.Hüseynov Azərbaycana qayıtmayıb. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qısa müddətə Bakıya gəldi və sonra yenidən Moskvaya qayıtdı...

Sualınızın cavabına yekun olaraq deyim ki, şübhəsiz, Sovet İttifaqı qapalı ölkə olsa da, xarici kəşfiyyatlar: “CİA”, “Mİ-6”, “Mossad” və digərləri müəyyən dərəcədə proseslərə qatılırdı. Amma həlledici və aparıcı rolu yenə də “KQB” oynayırdı. Etnik münaqişələri məhz “KQB” yaradırdı. Onun rəhbərlərinin məqsədi ya SSRİ-ni dağıtmaq idi, ya da onlar İttifaqın dağılacağını bilirdilər, ona görə də gələcəkdə Rusiyanın geostrateji mövqelərini qorumaq üçün mühüm strateji bölgələrdə həmin münaqişələri yaradır və onu idarə edirdilər...

-Bütün bunlara rəğmən belə versiyalar var ki, postsovet məkanındakı digər konfliktlər kimi, Qarabağ məsələsinin də münaqişə səviyyəsinə gəlməsində SSRİ-ni çökdürmək məqsədi güdən ABŞ MKİ- “CİA” da mühüm rol oynayıb, hətta “Mİ-6” və “Mossad” da ona dəstək verib...

-Əslində öncəki sualınıza cavabda bu sualı da xeyli dərəcədə cavablandırdım. Onu əlavə edim ki, sadalanan etnik münaqişələri Qorbaçovun tərəfdarları deyil, əleyhdarları yaradırdılar. Və təsadüfi deyil ki, onların bir çoxu məhz Qorbaçov tərəfindən istefaya göndərildi. O cümlədən adını çəkdiyim, bütün bu münaqişələrin müəllifi F.Bobkov Qorbaçov tərəfindən DTK-dakı vəzifəsindən azad edilərək Müdafiə Nazirliyində müşavir işinə təyin olundu, sonra isə ümumiyyətlə, istefaya göndərildi... Mən belə düşünürəm...

-Amma Qərb kəşfiyyatlarıyla paralel və birgə SSRİ “KQB” və “QRU”-nun Qorbaçova işləyən xeyli hissəsinin də Qarabağda, Qərbi Azərbaycanda, o cümlədən Sumqayıtda, Bakıda olayların qızışdırılmasında böyük rol oynadığını deyənlər var...

-Əlbəttə, bu proseslərdə, o cümlədən Qarabağ münaqişəsi və döyüşlərində “KQB” və “QRU”-nun paralel iştirakı olub. Məsələ burasındadır ki, onların arasında bir iş bölgüsü var idi. “KQB” daha çox siyasi, iqtisadi, texnoloji casusluq və əks-kəşfiyyatla məşğul olurdu. “QRU” isə əsasən hərbi kəşfiyyat sahəsində işləyirdi. Bu gün də eyni sahədə fəaliyyətini davam etdirir. Ancaq bu o demək deyildi ki, həmin qurum mülki işlərlə məşğul olmurdu. Məsələn, Azərbaycanda “QRU”-nun ən çox işlədiyi mülki qurumlardan biri Bakı Dövlət Universiteti olub. Və BDU tələbələri arasında “QRU” bəlkə də yüzlərlə fəalı əməkdaşlığa cəlb edib...

Ümumilikdə keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov bir dəfə mətbuatda “QRU” ilə əməkdaşlıqla bağlı 55 min nəfər rəqəmini səsləndirmişdi... Bu adamların çoxu sovetlər dönəmində ali məktəblərdə təhsillərini bitirdikdən sonra hərbi toplantı-təlimlərinə cəlb olunurdu və bir neçə ay həmin təlimlərdə iştirak edirdilər. Həmin dövrdə o tələbələrin çoxu “QRU” ilə əməkdaşlığa cəlb olunuraq konservləşdirilmiş, yəni qeyri-fəal agent şəklində saxlanılırdı ki, məhz bu gün də həmin şəbəkənin üzvlərinin bir çoxu aktivləşdirilərək Azərbaycanda fəaliyyətə cəlb olunublar... 1992-1993-cü illərdə də o agentlərin bir hissəsi aktivləşdirilərək yenicə qurulmaqda olan Müdafiə Nazirliyi sisteminə və digər dövlət orqanlarına yerləşdirildi və onların vasitəsilə yalnız hərbi deyil, siyasi vəziyyətə də təsir göstərildi. O dövrdə həmin casusların bir çoxu aşkarlanmışdı. Təəəsüf ki, siyasi hakimiyyət bir sıra hallarda onların zərərsizləşdirilməsinə imkan vermirdi. Digər tərəfdən isə Elçibəy hakimiyyəti dövründə “KQB” arxivlərinin qapalı olması xüsusi xidmət orqanlarının Azərbaycandakı agentlərin aşkarlanması üzrə fəaliyyətinə ciddi məhdudiyyətlər yaradırdı. Bundan başqa, AXC hakimiyyəti dövründə siyasi hakimiyyətlə xüsusi xidmət orqanları arasında müəyyən dərəcədə sıx əlaqə olmaması bir sıra hallarda həmin orqanların verdiyi məlumatların açıq-aşkar inkar olunmasına gətirib çıxarırdı. Məsələn, o vaxtkı MTN hakimiyyətə kimlərinsə konkret hansı sahədə agentliklə məşğul olduğunu bildirirdi. Fəqət sonra gözlənilmədən baxırdın ki, həmin adamlar vəzifələrə irəli çəkilib. Bax belə müəmmalı məqamlar da var idi. Hazırda Elçibəy dövründə hakimiyyətdə olmuş şəxslər bu mövzunu sevmirlər və mövzu açıqlanan kimi hücuma keçirlər. Amma bu, faktdır...

-Sözsüz ki, Qarabağ savaşlarında daha çox “KQB”(indi “FSB”) və “QRU”-nun rolunun olması bizim üçün aydındır. Bildiyimizə görə, sizin də keçmiş MTN-də çalışdığınız AXC hakimiyyəti dövründə, yəni 1992-1993-cü illərdə konkret şəxslərin hərbi və siyasi sahədə Rusiya kəşfiyyatına xidmət etməsi və Qarabağdakı hərbi əməliyyatlara bilavasitə təsir göstərməsi haqda məlumatlar və faktlar meydana çıxıb. Bəziləri təqib də olunub. Hətta həbs olunub sonradan azad olunanlar da olub...

-Azərbaycanda ordusunda son 30 il ərzində hansısa “QRU” agentinin həbsi ilə bağlı məlumatım yoxdur. Amma onu dəqiq bilirəm ki, Azərbaycanın xüsusi xidmət və əks-kəşfiyyat qurumları daim bu qurumun agentləri haqda məlumatlı olub və onları nəzarətdə saxlamağa çalışıb. Fəqət, görünür, həmin agentlərin arxasında Rusiya dayandığına görə həbs olunmaları haqda siyasi qərar verilməyib. Hətta Heydər Əliyev dönəmində Surət Hüseynovun 1994-cü ilin oktyabrındakı ikinci qiyam cəhdində həbs edilən hərbçilər olub ki, onlar sonradan, çox güman ki, Moskvanın təkidi ilə azad olunublar. Çoxu da qaçıb gedib Rusiyaya...

- Müstəqilliyimizin ilk dövrlərində xüsusən Müdafiə Nazirliyi Baş Qərargahında “QRU” şəbəkəsinin qurulması haqda da faktlar və fərziyyələr meydana çıxıb. Hətta keçmiş Daxili İşlər naziri Ramil Usubovun 2018-ci ildə “Azərbaycan” qəzetinə müsahibəsində etiraf etdiyinə görə, 1990-cı illərin sonunda dövlətimizə qarşı bir sıra cinayətlərdə suçlanan keçmiş Baş Qərargah rəisi general Şahin Musayevi Bakıya ekstradisiya etmək üçün prezident Heydər Əliyevin göstərişi ilə Moskvaya gedib. Lakin R.Usubovla görüşən Ş.Musayev açıq şəkildə deyib ki, mən Rusiyanın agentiyəm, məni sizə verməyəcəklər. Eləcə də Rusiya prezidenti Boris Yeltsin Heydər Əliyevin telefon zənginə cavab olaraq deyib ki, Ş.Musayev Rusiyanın dövlət sirlərinin daşıyıcısıdır, biz onu sizə verə bilmərik... Bundan sonrakı Baş Qərargah rəisi Nəcməddin Sadıqov isə 27 il ardıcıl işləyib...

-General Şahin Musayevlə bağlı məsələni bilirəm. Bəli, belə olubdur. Amma o, tək deyildi. Bu, elə Vaqif Hüseynovun özü ilə də əlaqəli idi. Mən öncə qeyd elədim ki, Moskva emissarları onun azad edilməsi ilə bağlı “ziyalılar” adından Elçibəyə müraciət etdilər və V. Hüseynovun azad olunmasına nail oldular. Bəli, Moskva öz agentlərini gizlədir və qoruyurdu, təhvil vermirdi. Bu, indi də belədir. Elə eyni işlər Gürcüstanda da baş verirdi. 1992-ci ildə Qamsaxurdiyaya qarşı çevrilişi həyata keçirən o vaxtkı müdafiə naziri Tengiz Kitovani bu günədək Rusiyada yaşayır və həmin dövlətdən yüksək pensiya alır. Eynilə Azərbaycanda da bir sıra cinayətlər törətmiş agentlərin bir çoxu sonradan Rusiyada sığınacaq tapdı...

Bilirsiz, Azərbaycanda “QRU”nun fəaliyyəti əsasən 1990-cı il 20 Yanvar qətliamı ərəfəsindən başlanmışdı. Bakıya sovet qoşunları yeridildikdən sonra “QRU” Bakı kəndlərində “Qardaşlıq” cəmiyyətini yaratmağa start verdi. Bu, sırf həmin Rusiya kəşfiyyat qurumunun layihəsi idi. Və çox maraqlı bir fakt da odur ki, o dövrdə hələ SSRİ DTK-nın tərkib hissəsi olan Azərbaycan SSR DTK “Qardaşlıq” cəmiyyətini nəzarətdə saxlamış və onun barəsində yetərincə məlumat da toplamışdı. Halbuki həmin cəmiyyət İttifaqın digər kəşfiyyat qurumu tərəfindən yaradılmışdı... Və qoçulardan, kriminallardan (əslində “QRU” ilə əməkdaşlıq edən qoçu və kriminallardan) ibarət “Qardaşlıq” cəmiyyəti guya Ayaz Mütəllibovun hakimiyyətini qoruyurdu. Amma əslində həmin təşkilatın qarşısında Rusiya kəşfiyyatının qoyduğu məqsəd Azərbaycanda rayonlular və bakılılar arasında qarşıdurma yaratmaq idi...

Bundan başqa öncə qeyd etdiyim kimi, “QRU” 1991-1993-cü illərdə Azərbaycanda yenicə formalaşan Silahlı Qüvvələrin müxtəlif səviyyəli qurumlarına öz agenturasını yerləşdirirdi. Rusiyanın bu kəşfiyyat qurumu 1993-cü ilin iyun qiyamında birbaşa təşkilatçı rolunu oynamışdı. Surət Hüseynovun ətrafındakı əksər hərbçilər, eyni zamanda hərbçi olmayanlar da bilavasitə “QRU” agentləri idi. Bu, hər kəsə bəllidir. Surət Hüseynova siyasi dəstək verənlərin bir hissəsi də “QRU” agenturası idi. Amma onlar hərbçi deyildilər. Və ümumiyyətlə, 1993-cü ilin iyun çevrilişi “QRU”-nun layihəsi olub. Bu, birmənalı olaraq belədir. Mən həmin proseslərin tən ortasında olmuşam. Kim istəsə, polemikaya hazıram...

-Bəzi versiyalara görə, 2016-cı ilin Aprel, 2020-ci ilin yayındakı Tovuz döyüşlərində də Rusiya kəşfiyyatının, “QRU”-nun izləri görünür. Eləcə də 44 günlük müzəffər savaşımızda Rusiya kəşfiyyatının təxribatları özünü göstərib. Bütün bunların ardınca isə 10 noyabr razılaşmasına əsasən Laçın rayonunun “dəhliz” adlandırılmış bir hissəsi və Qarabağın ermənilərin yaşayan ərazisində yerləşmiş sülhməramlı hesab edilən Rusiya hərbi kontingenti də son bir il ərzində həm faktiki, həm də virtual təxrubatlara əl atmaqdadır... Məsələn, sizcə, Tərtər rayonunun Qapanlı kəndinin 2021-ci il sentyabrın 26-dən oktyabrın 1-dək, yəni 5 gün ərzində Rusiya “sülhməramlı”larının xəritəsində onların məsuliyyət zonasına salınması ilə həmin kəndlə üzbəüz ermənilər yaşayan və o kəndi 30 ilə yaxın atəş altında saxlayan Seysulan kəndinin 1994-cü ildən bəri, o cümlədən Aprel döyüşlərində və 44 günlük II Qarabağ savaşında azad oluna bilməməsi(!) arasında əlaqə varmı? Burada Rusiya kəşfiyyatının, “QRU”-nun hansısa rolu olubmu?

-Hesab edirəm ki, Tərtər rayonunun Qapanlı kəndinin heç bir hüquqi və hərbi əsas olmadan Rusiya kontingentinin məsuliyyət zonasına daxil edilməsi təsadüfi olmayıb. Həmin kəndlə eyni rayonun düşmən işğalı altında qalan Seysulan kəndi istər 1-ci Qarabağ müharibəsi, yəni 1990-cı illərdə, istər 2016-cı ilin Aprel döyüşləri, istərsə də 44 günlük II Qarabağ savaşı dönəmində həm Azərbaycan, həm də düşmənlərimiz üçün kifayət qədər strateji əhəmiyyət kəsb edib. Çünki Tərtər şəhərinin işğalı Ermənistan və Rusiya üçün prioritet məsələlərdən biri olub...

Düşmən ordusunun Seysulanı Tərtərə girmək üçün strateji baxımdan əlverişli mövqe kimi nəyin bahasına olursa-olsun qoruyub saxlaması da məhz bu məqsədə xidmət edirdi ki, gələcək müharibədə Tərtəri zəbt etmək asanlaşsın (Hamı bilirdi ki, gec-tez müharibə olacaq). Ona görə ki, mediada və digər çıxışlarımda dəfələrlə söylədiyim kimi, Tərtərin işğalı neft-qaz kəmərlərinin keçdiyi Gəncə dəhlizinə, Bakı-Yevlax-Gəncə-Qazax yoluna nəzarət məsələsini həll etmək idi. Həmin plana görə, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti Laçına yox, Goranboya yerləşdirilməli idi...

Ümumiyyətlə, Tərtərin Qarabağ uğrundakı bütün müharibələrdə belə başıbəlalı olması, quru qoşunları və artilleriya, raket hücumlarına daha çox məruz qalmasının səbəbi onun strateji mövqeyidir. Çünki Ermənistan üçün Gəncə dəhlizinə çıxış iki yerdəndir: Tərtər və Tovuzdan. Tovuzdan çıxış düşmən üçün qeyri-mümkündür, sərfəli deyil. Çünki bu halda Ermənistan dövlət sərhədimizi pozmaqla Azərbaycanla bilavasitə özü genişmiqyaslı hərbi əməliyyatlar aparmalıdır. Tərtəri isə işğal etmək adları çəkilən hər üç dövrdə ermənilərə Azərbaycan ordusunun qəhrəmanlıqla vuruşması, şəhid və qazilərimizin canı və qanı sayəsində müəssər olmamışdı. Əksinə, Aprel döyüşlərində igid döyüşçülərimiz Rusiya və erməni kəşfiyyatının bütün təxrubatlarına rəğmən düşmənin ən güclü istehkamlarını dəf edərək Talış istiqamətində düşmənin bir sıra mövqelərini işğaldan azad etmişdi. Bir sözlə, istər 2016 və 2020-ci illərdə Seysulanın işğaldan azad edilməməsi, istər 2017-ci ilin mayında Tərtərdə baş verənlər, istərsə də 44 günlük savaş zamanı Ağdərə istiqamətində daha uğurlu hücumlarımızın qarşısını əngəlləmək üçün törədilmiş xəyanət və təxribatlar – hamısı eyni mərkəzdən idarə olunan proses idi...

-Ərəstun bəy, bəs İran kəşfiyyatı 1990-cı illərdən bəriki Qarabağ savaşları boyu özünü Azərbaycanın hərbi meydanına necə göstərib? Bu barədə hansısa faktlar olubmu?

-Açığı, İran kəşfiyyatının Qarabağ savaşlarına hansısa müdaxilələr etməsinə bir qədər skeptik yanaşıram. Məsələ burasındadır ki, bu ölkə kəşfiyyatı, əlbəttə, prosesləri izləyirdi. Amma onlara təsir imkanları, demək olar ki, minimum idi. Əvvəla, ona görə ki, meydanda Rusiya var idi və Rusiya heç bir halda İranı öz nəzarətində olan hesab etdiyi ərazilərə buraxmır və buna çox qısqanc yanaşır. Digər tərəfdən isə Qarabağdakı hərbi əməliyyatlara təsir göstərmək üçün İranın o qədər resursları yox idi. Amma İran üçün Azərbaycanla sərhədyanı zolaq boyu ordumuzun irəliləməsi həyati əhəmiyyət kəsb edirdi. Odur ki, həm I Qarabağ savaşında, həm Aprel döyüşlərində, həm də 44 günlük müharibədə həmin ərazilərdəki əməliyyatları ciddi şəkildə izləyirdilər...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.