Hökumətin iqtisadiyyatı planlaşdırması ciddi problemə çevrilib - FAKT BUDUR!
28-10-2021, 12:24

“Xeyli müddət əvvəl 2022-2025-ci illər üzrə büdcənin parametrləri açıqlanmışdı. Bu gün açıqlanan son göstəricilərdən aydın olur ki, təxminən ay yarım əvvəl yayılan proqnozlarla müqayisədə büdcənin gəlirlər hissəsi 409 mln. manat, xərcləri hissəsi isə 905 mln. manat artırılıb”.
Reyting.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, hökumət xərclərin artımını enerji daşıyıcılarının bahalaşdırılmasından dolayı sosial paketlə əlaqələndirəcək.
R. Ağayev əlavə edib ki, təxminən bir ay yarım ərzində açıqlanan iki proqnozda dəyişən göstəricilərdən biri də Neft Fondundan transfertlərin həcmidir:
“İlkin çərçivə sənədində Fonddan transfertlər 11.860 mlrd. manat nəzərdə tutulmuşdu. Son proqnoza görə isə həmin məbləğ 850 mln. manat artırılaraq 12.710 mlrd. manata çatdırılıb.
İlkin versiyada Fonddankənar büdcə yığımları 14.547 mlrd. manat nəzərdə tutulmuşdusa, son varianta görə bu məbləğ 441 mln. azalaraq 14.106 mlrd. manata endirilib.
Hökumət proqnozların ilk açıqlamasından ötən dövr ərzində aydın görüb ki, proqnozlar real deyil və iqtisadiyyatın həmin vergi yığımlarını təmin etməsi mümkün olmayacaq.
Başqa bir məqam - tənzimlənən taariflərin qəfil artımı, ondan dolayı xərclərə yenidən baxılması da göstərir ki, hökumətin iqtisadiyyatı nəinki orta və uzun, hətta qısa dönəmdə planlaşdırması ciddi problem olaraq qalır”.