Rusiya təyyarələri Füzuliyə ensin... - Xankəndinə gedən yüklərə nəzarət imkanları artır

29-10-2021, 08:33           
Rusiya təyyarələri Füzuliyə ensin... - Xankəndinə gedən yüklərə nəzarət imkanları artır
Azərbaycanın Qarabağ ərazisinə İranın qanunsuz yük daşımasına etirazından və sanksiyalarından sonra başlamış gərginlikdə rəsmi Bakı qətiyyətli mövqe ortaya qoydu. Bu da onunla nəticələndi ki, Tehran geri addım atdı. Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyinin “İl-76" yük təyyarəsi Qarabağa çatdırılmaq üçün ”ehtiyacı olan köçkünlər və Qarabağın çoxuşaqlı ailələri" üçün “xeyriyyə təşkilatları” tərəfindən toplanan 10 ton humanitar yükü İrəvana gətirib. Buradan isə yük Xankəndinə aparılıb. Bəs Azərbaycan Rusiyadan gətirilmiş yükləri necə yoxlamalıdır? Rusiya Müdafiə Nazirliyi Qarabağa qanunsuz silah-sursat və ya digər hərbi texnikaların tədarükünü həyata keçirə bilərmi?

Məlumdur ki, Xankəndi yaxınlığında fəaliyyət göstərən Xocalı aeroportu olsa da, separatçılar ondan istifadə edə bilmirlər, çünki bunun üçün rəsmi Bakıdan icazə lazımdır. Hava limanı yalnız Azərbaycanın bütün Qarabağ, o cümlədən Xankəndi üzərində suverenliyi təmin edildikdən sonra işə salına bilər.

Füzuli beynəlxalq aeroportu istifadəyə verildikdən sonra isə Azərbaycanın şübhə doğuran yükləri də yoxlamaq imkanları yaranıb, eləcə də Rusiya sülhməramlılarının işini asanlaşdırmaq da olar. Belə ki, artıq yükləri Ermənistandan Qarabağa aparmamaq olar, bunun üçün daha yaxın və əlverişli hava məkanı açılıb. Yükləri Füzulinin sülhməramlıların nəzarətində olan Qırmızı Bazar qəsəbəsindən keçməklə Xankəndinə daha rahat aparmaq olarmı?

Politioloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Qarabağda sülhməramlı qüvvələri müvəqqəti fəaliyyət göstərir. Bu məsələ 10 noyabr üçtərəfli bəyanatı ilə reallaşdırılıb: “Odur ki, Rusiyadan Qarabağa yük daşınması Azərbaycanla Rusiya arasında razılaşmaya əsasən keçirilir. Azərbaycan tərəfi bu vaxta qədər bu məsələ ilə bağlı ciddi narazılıq bildirməyib. Narahatlıq doğuran məsələlər isə olub. Beynəlxalq uçuş qaydalarına görə, Xankəndi hava limanına hər hansı xarici ölkənin təyyarəsinin enməsi və hava dəhlizinin verilməsi üçün Azərbaycanın rəsmi razılığı olmalıdır. Eyni zamanda əslində Xocalı aeroportu hələ texniki cəhətdən bütün imkanlara malik deyil. Ona görə də "İL-76" təyyarəsində 10 tona yaxın humanitar yük olduğu deyilir.

Həmin yük Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa çatdırılıb. Bu vəziyyət müvəqqətidir. Artıq Azərbaycanın Füzuli beynəlxalq aeroportu fəaliyyətə başlayıb. Füzuli aeroportundan Qarabağa müasir yollar tikilir. Bu yollar tam hazır olandan sonra mən tam əminəm ki, Rusiya tərəfindən Qarabağa göndərilən humanitar və digər yüklər məhz Füzuli aeroportuna gətiriləcək və oradan Qarabağa daşınacaq. Bu, Rusiya üçün daha rahat və daha az xərcli olacaq. İrəvandan Laçın dəhlizi vasitəsilə yük daşınmasının Rusiya üçün əhəmiyyəti azalacaq. Rusiya üçün ən əlverişli və rahat yol məhz Füzulu hava limanından yüklərin Qarabağa daşınması olacaq”.

Siyasi şərhçi, AĞ Partiya sədrinin müşaviri Azər Hüseynov isə bildirdi ki, Füzuli beynəlxalq aeroportunun açılması Rusiyanı və erməniləri fakt qarşısında qoyur. Azərbaycan rəsmən tələb irəli sürə bilər ki, yüklər İrəvandan yox, Füzulidən daşınmalıdır. Düzdür, ruslar da iddia edə bilər ki, yükü öz nəzarətimizdə olan yollarla daşımağı uyğun bilirik. Azərbaycan hər bir halda yüklərə gömrük rüsumları tətbiq edəcəyini bəyan eləsə, rusların bəhanəsi müəyyən qədər aradan qalxar: “Bütün bəhanələrin qarşısının alınması üçün biz həm də Qarabağda real həyatı canlandırmalıyıq. Buna görə də insani qayıdış tezləşdirilməlidir. Həm də rusların iqtisadi maraqlarına da yer verib onların militarizmini zəiflətməliyik. Azərbaycan bölgədə ”müsəlman İsrail" olmalıdır. İqtisadi iştirakda bir çox qlobal oyunçulara yer verməliyik. Bu yeni aeroportlara beynəlxalq daimi reyslərin şəbəkəsini artırmalıyıq. Erməniləri humanitar və hərbi üzükdə saxlamalıyıq. Türkiyə amilini və perspektivdə Turan amilini gücləndirməliyik. Bununla müxtəlif istiqamətlərdən rusları da əhatə edə bilməliyik. İndi innovasiya dövrüdür, güc ərazi böyüklüyündə deyil, intensiv təfəkkürdədir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.