Moskva danışıqları ərəfəsində verilmiş net mesaj - Türkiyə də o masada var

29-10-2021, 09:41           
Moskva danışıqları ərəfəsində verilmiş net mesaj -
Bəzi ekspertlər hesab edirlər ki, Türkiyə prezidentinin Azərbaycana bir günlük səfərinin pərdəarxası tərəfləri də mövcuddur. Onlardan biri regionda Tehran üzündən yaranmış gərginlikdirsə, əsas səbəb noyabrın əvvəlində baş tutacağı iddia olunan Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin görüşü ilə bağlıdır.

Məlumdur ki, Azərbaycan və Türkiyə prezidentləri Zəngilandakı görüşlərində Bakı və Tehran arasında son vaxtlar yaranmış gərginliyi müzakirə ediblər. Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan Prezidenti bu məsələdə prinsipial və qətiyyətli mövqe tutur: “Biz İlham Əliyevlə bu məsələni müzakirə etdik. Azərbaycan Prezidenti qətiyyətli mövqeyindən geri çəkilmir. O qeyd edib ki, İsraillə münasibətlər Azərbaycanın digər ölkələrlə əlaqələrindən fərqli deyil və bundan sonra da belə olacaq. Ölkələr qərarların qəbulu mexanizmi məsələsində bir-birinə təzyiq göstərmək hüququna malik deyillər”.

Ərdoğan “Tehranın sağlam düşüncə ilə hərəkət edəcəyinə və İran və Azərbaycan arasında problem olmayacağına” ümid etdiyini bildirib. Qarşıdakı Moskva görüşünün müzakirəsi ilə bağlı isə bilgi yoxdur. Amma şübhə yoxdur ki, Türkiyə Prezidenti qapalı görüşdə bu barədə ətraflı bilıgiləndirilib. Əslində səfərdə verilən mesajın da bir anlamı budur ki, Türkiyə regionda çox ciddi faktordur və regionda proseslərin müsbət məcrada inkişafında, sabitlik mühitinin formalaşmasında xüsusi rola malikdir. Bunu Rusiya da bu cür qəbul edir və Ərdoğanın Ermənistan-Azərbaycan arasında danışıqlarla bağlı açıqlamaları, Türkiyənin sərhədlərin açılması ilə bağlı öz şərtini bir daha xatırlatması Moskva danışıqlarına yönəlik mesajlardır. İkinci bir tərəfdən, Rusiya prezidentinin digər kənar vasitəçilərə qapıları bağladığı haqda bəyanatı Türkiyənin də proseslərdən kənarlaşdırla biləcəyi haqda ehtimallar yaratmışdı. Amma bu qısa səfər, verilən mesajlar (xüsusilə Zəngəzur yolunun inşası ilə bağlı) Türkiyənin bu regionda və masada olduğunu bir daha sübut etdi. Bu, qarşıdakı görüş(lər)də Azərbaycanın mövqelərini bir daha gücləndirəcək ciddi amildir.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Ərdoğanın səfərinin çox mətləblərin üstünü açdığını qeyd etdi: “Ərdoğanın Azərbaycana bir günlük səfərini tək Füzuli hava limanı ilə bağlamaq istəməzdim. Bu, səfərin rəsmi səbəbidir və görünən hissəsidir. Regionda son aylar baş verən proseslərdən dolayı Türkiyə aktiv fəaliyyətdədir və əminəm ki, bu istiqamətdə Azərbaycanla gündəlik təmaslar davam edir. Eynilə məlum səfər zamanı da bu təmaslar həm canlı şəkildə həyata keçirilmiş, həm də regionda bizim maraqlarımıza zidd güclərə də mesaj vermişdir. 44 günlük müharibədən sonra ilk baxışda Türkiyənin Rusiyanın dirənişi ilə proseslərdən kənarda saxlanılması görüntüsü yaranmışdı. Həm sazişdə Türkiyənin imzasının olmaması, həm də sülhməramlı kontingentdə təmsil olunmaması hamını təəccübləndirmişdi, eyni zamanda ictimaiyyəti də çox narahat etmişdi. Amma görünürdü ki, Türkiyəni bu proseslərdən kimsə kənarda saxlaya bilməz. Hazırkı vəziyyət göstərir ki, Türkiyə nəinki kənardadır, əksinə, proseslərin mərkəzindədir və həlledici mövqeyə malikdir. İranla Azərbaycan arasında yaranmış son münasibətlərdən dolayı Rusiya artıq əmin olub ki, Türkiyəsiz regionda müsbət nəticələrə nail olmaq mümkün deyil. Qarabağ və regionla bağlı mühüm qərarların veriləcəyi gözlənilən İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan görüşü ərəfəsində Ərdoğanın səfəri bir çox mətləbləri açdı. Görünür, mətbuata və ictimaiyyətə açıq olmayan görüşlərdə, danışıqlarda Rusiya ilə bir çox məqamlar razılaşdırılıb və paralel olaraq bu razılaşmalar Moskva vasitəsilə Ermənistan rəhbərliyi ilə müzakirə olunub. Son vaxtlar həm Putinin, həm də Paşinyanın Türkiyə və Ermənistan arasında münasibətlərin düzəlməsi və kommunikasiyaların açılmasının vacibliyi ilə bağlı çıxışları da təsadüfi deyil. Yəni hər hansı ciddi hadisələr baş verməsə, yaxın günlərdə regionda sabitliyin bərkiməsinə və yekunda sülh danışıqları prosesinin yekunlaşmasına xidmət edəcək hadisələrin şahidi ola bilərik. Məlumdur ki, son illər Türkiyə və Rusiya arasında münasibətlər situasiyaya görə qarşılıqlı maraqlardan doğan səbəblərə görə formalaşıb. Bu gün də həmin istiqamət qüvvədədir. Təbii ki, indiki məqamda bir sıra güclər Türkiyə və Rusiya münasibətlərini yenidən pozmaq üçün cəhdlər göstərəcəklər. Bir neçə gün öncə Ukraynanın Bayraktar TB2 ilə Donbas ərazisində olan artilleriya qurğusunu məhv etməsindən istər xaricdən, istərsə də Rusiyanın daxilindən Türkiyə ilə münasibətləri gərginləşdirmək üçün cəhdlər edildi. Rusiya bu məsələdə Ukraynanı ittiham etsə də, Türkiyə ilə bağlı neqativ heç nə demədi. Halbuki belə hadisə bir neçə il qabaq olsa idi, Türkiyə açıq ittiham olunardı, sanksiyalar-filan tətbiq edərdilər. Hesab edirəm ki, belə yanaşma Türkiyə ilə ciddi razılaşmaların nəticəsi ola bilər və region çox güman ki, bu razılaşmalardan ancaq qazanar”.

Siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, bu səfərdən hər kəs mesajını aldı: “Əslində Ərdoğanın Qarabağa səfəri hər kəsə bir mesaj idi. Amerika, Rusiya və İrana net şəkildə mesaj göndərilirdi ki, sülh müqaviləsinin imzalanacağı ilə bağlı söhbətlərin getdiyi bir vaxtda Türkiyə, Ərdoğan buradadır, Azərbaycanın yanındadır. Heç kəs bu məsələdə təsəvvürünə gətirməsin ki, Türkiyə yoxdur. Hər zaman olduğu kimi, Türkiyə var və ölkəmizin yanındadır. Sadəcə, bu səfər mesaj göndərmək üçün bir bəhanə idi. Cümhurbaşqanının ölkəmizə səfəri tarixi bir hadisə oldu. Hər kəs bu səfərdə mesajını aldı. Ərdoğan çıxışında dedi ki, İlham Əliyev mövqelərində israrlıdır. Burada həm də o mesaj verildi ki, Azərbaycan üçün ərazi bütövlüyü məsələsi qırmızı xətdir”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.