"Dövriyyədə olan pulun həcmi azalacaq" - Mərkəzi Bankın uçot dərəcəsinin artırılması qərarı ilə bağlı AÇIQLAMA
30-10-2021, 09:31

“Uçot dərəcəsi Mərkəzi Bankın digər banklara verdiyi kreditin faiz dərəcəsidir. İqtisadi nəzəriyyəyə əsasən, uçot dərəcəsinin artırılması inflyasiya, yəni qiymət artımı ilə mübarizə alətidir. Yəni, Mərkəzi Bank faiz dərəcəsini artırırsa, deməli, digər banklar Mərkəzi Bankdan daha az və ya krediti daha baha götürəcəklər. Belə olan halda isə əhali və sahibkarların da banklardan daha az kredit götürməsinə şərait yaranacaq. Nəticədə dövriyyədə olan pulun həcmi azalacaq”.
Bunu Pravda.az-a açıqlamasında iqtisadşı ekspert Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, dövriyyədə olan pulun həcminin azalması qiymət artımının qarşısını alacaq: “Məlum olduğu ki, elektrik enerjisinin və təbii qazın qiymətinin artırılması ölkədə inflyasiya təhlükəsini artırıb. Doğrudur, ölkədə inflyasiya həmişə olsa da, indi prosesin daha sürətli olması ehtimalı risk yaradır. Ümumiyyətlə, bu alət bütün dünyada işlək olsa da, Azərbaycanda işlək deyil. Çünki alətin işlək olması üçün bankların və bank olmayan kredit təşkilatlarının şəffaf və rahat şəkildə Mərkəzi Bankdan kredit götürməsi mümkün olmalıdır. Azərbaycanda isə bank və bank olmayan kredit təşkilatları Mərkəzi Bankdan kredit götürə bilmədiyi üçün uçot dərəcəsinin artmasının və ya azalmasının heç bir əhəmiyyəti yoxdur. Misal üçün, bir neçə il əvvəl Mərkəzi Bankın uçot dərəcəsi çox aşağı - cəmi 2-3 faiz olsa da, bankların faiz dərəcəsi indikindən də xeyli yüksək idi”.
Qeyd: Oktyabrın 29-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqqında qərar qəbul edib. Uçot dərəcəsi 6,5 faizdən 7 faizə, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7 faizdən 8 faizə yüksəldilib.