Bazarlarda yerli kartof qıtlığı süni yaradılır, ya...

30-10-2021, 10:04           
Bazarlarda yerli kartof qıtlığı süni yaradılır, ya...
Son günlər bazarda kartofun qiymətinin artması müşahidə edilir. Adıçəkilən məhsulun qiymətinin artma səbəbi yerli məhsulun qıtlığı ilə əlaqələndirilir.

Ötən il kartofun satış qiyməti 60-80 qəpik olduğu halda, bu il bu məhsulun satış qiyməti 1 manat 50 qəpik - 4 manat arasında dəyişir. Satıcılar qiymət dəyişikliyinin yerli məhsulun qıt olması ilə bağlı olduğunu bildirir.

Kənd Təsərrüfatı Nazirliyi - Vüqar Hüseynov: “Yerli istehsal kartofun qiymətində ciddi dəyişiklik yoxdur”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, yerli istehsal kartofun qiymətində ciddi dəyişiklik yoxdur: “Kartofun pərakəndə satış qiyməti 80-85 qəpik arasında dəyişir. Hardasa qiymətin fərqli olması o demək deyil ki, yerli istehsalin həcmi aşağı düşüb. Məlumat üçün bildirim ki, bu ilin 9 ayında 3 min ton yerli kartof istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur”.

Kamran Məmmədli: “Bazarda bütün məhsulların qiyməti bahalaşırsa, təbii ki, kartofun da qiyməti bahalaşmalıdır”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı Kamran Məmmədli bildirdi ki, kartof Azərbaycanda nadir tərəvəzlərdəndir ki, ölkə əhalisinin tələbatını tam ödəyə bilər: “Ancaq bununla yanaşı, idxal da olmalıdır və biz də ixrac edirik. Yəni bu mübadiləni aradan qaldırmaq düzgün də deyil. Lakin məsələ ondadır ki, bu gün kartofun qiymətinin qalxması nə xaricdə kartofun qiymətinin bahalaşması, nə də yerli kartofun az istehsalı ilə bağlıdır. Ola bilər ki, builki məhsul müəyyən miqdarda az olsun. Ancaq qiymətin artmasına təsir edən əsas amil bu deyil. Qiymətin artmasına təsir edən əsas amil ölkədə ümumi qiymət artımı və bununla yanaşı enerji daşıyıcılarının qiymətlərinin artmasıdır. İlin əvvəlindən bəri bütün enerji daşıyıcılarının, qazın, dizel yanacağının, elektrik enerjisinin qiymətləri qalxıb. Bazarda bütün məhsulların qiyməti bahalaşırsa, təbii ki, kartofun da qiyməti bahalaşmalıdır. Kartofun qiymətinin qalxmasını inflyasiya ilə əlaqələndirirəm. Bu gün Azərbaycanda elan edirlər ki, 9 aya görə 5,2 faiz inflyasiya var, ancaq inandırıcı rəqəm deyil. Real rəqəmlər ikirəqəmli faizlərlə ifadə olunur. Ona görə də, digər məhsulların qiyməti kimi, kartofun da qiyməti qalxmalıdır”.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.