Artur Rasizadənin özü getsə də, verdiyi qərarın zülmü hələ də davam edir...
31-10-2021, 12:28

2016-cı il fevralın 25-də o vaxtkı baş nazir Artur Rasizadənin imzaladığı 86 saylı qərar minlərlə insanın həyatını dəyişdirdi. Ümumi olaraq, 9 rayonda istismar müddəti bitmiş binaların sökülüb yenisi ilə əvəz edilməsi barədə müddəaların yer aldığı qərardan sonra Bakıda söküntü hücumu başladı. Təbii ki, bu söküntülərin narazıları da var idi. Bəzi tikinti şirkətləri, mənzilləri söküləcək vətəndaşlara mənzil vəd etsə də, bəzi şirkətlər də mənzilləri dəyərindən daha ucuz qiymətinə almaq niyyətində idi.
86 saylı qərara görə; Nəsimi rayonunda 226, Suraxanı rayonu üzrə 63, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməli və yerində yenisi tikilməli idi.
Ən çox şikayət Bakının Nəsimi, Səbail və Yasamal rayonlarından daxil olurdu. Vətəndaşlar, tikinti şirkətlərinin haqsız davranışlarından boğaza yığılmışdı.
Sözün əsl mənasında, vətəndaşlara qarşı haqsız davranışlar nümayiş etdirilirdi. Vətəndaşlar mülklərindən çıxarılır, əşyaları özlərinin icazəsi olmadan həyətlərə yığılır və evləri gözlərinin qarşısında dağıdılırdı. Halbuki, ölkə başçısı çıxışlarında sakinlərin rahatlığının təmin edilməsi və onların razı salınması məsələsini dəfələrlə vurğulayırdı. Amma nə fayda, dəyirman öz işində çax-çax baş ağrıdırdı...
Beləcə, minlərlə insan evlərindən uzaqlaşdırıldı. Bəziləri təklif edilən vəsaitin verilməməsindən qorxaraq razılaşır, bəziləri mübarizə aparıb işi məhkəmələrə qədər uzadırdı. Düzdür, vətəndaşlar arasında da haqqsız olanlar və yaşadıqları əraziyə dəyərindən dəfələrlə baha qiymət biçənlər də var idi. Bu bir dövr idi. Çətin, ağır və bəziləri üçün də qarmaqarışıq... Nəticədə vətəndaşların hüquqları tapdanırdı. Bu haqda yazılan yazılar da sifarişlə saytlardan silinirdi.
2019-cu il 17 dekabr... Baş nazir Əli Əsədov, bu qərarı ləğv etdi. Çünki o bilirdi ki, bu qərarı əldə əsas tutaraq, vətəndaşlara haqsızlıq edən kifayət qədər məmur və tikinti şirkəti var. 86 saylı qərarın ləğvindən sonra ölkədə bu sahədə durğunluq yarandı. Qlobal böhranla da bağlı olaraq tikinti sahəsində müəyyən qədər sakitlik müşahidə edilməyə başladı. Eyni zamanda, tikinti qaydaları da sərtləşdirildi. Ancaq artıq gec idi. 86 saylı qərarın 3 il qüvvədə olması, Bakını tarmar etmişdi. Yüzlərlə bina "istismara yarasız", "qəzalı" adı altında sökülmüş, sakinləri isə cüzi məbləğlə Bakıdan Xırdalan, Masazır və Hövsan kimi ərazilərə köçürülmüşdü.
Bu gün tikinti sahəsində yeni bir canlanma müşahidə edilir. 3 illik mübarizədə tikinti mafiyasına baş əyməmiş 100-ə yaxın həqiqətən qəzalı olan binaların söküntüsünə başlanılıb. Haqq üçün deyək ki, hələ ki, bu binalarda yaşayan sakinlərin şikayətləri, narazılıqları eşidilmir. Minlərlə Bakı sakininin həyatına qara pərdə endirən 86 saylı qərarın verdiyi zərərləri bu gün araşdırıb, məsul şəxsləri töhmətləndirmək yaxşı olmazdımı? Bu insanların yanan ürəyinə su çiləyərdi. Ən azından vətəndaş bilərdi ki, haqqı yerdə qalmadı.
Bu gün məhkəmələrdə 86 saylı qərarın yaratdığı kifayət qədər problemli iş var. Ancaq nə qədər qəribə olsa da, bu şikayətlərin heç birinin vətəndaşın xeyrinə bitdiyinə şahid ola bilmirik? Görəsən niyə? Bu sual açıq olaraq qalacaq...
Ancaq yaxşı olardı ki, bir daha insanların həyatına təsir edəcək qərar verilərkən nəticələrini düşünülsün. Kor-koranə hazırlanmış qərarlara imza atmaq, nəticələrini və vətəndaşlara dəyəcək zərərləri düşünmədən qərarlar vermək haqlı olaraq ölkə daxilində narazılıqlara səbəb olur ki, bu da heç xoş hal deyil. Bu qərarlar hansı meyarlarla verilir, deyə bilmərəm. Amma düşünürəm ki, baş Nazir Əli Əsədov hələ ki, bu günə qədər vətəndaşların kütləvi şikayətlərinə səbəb olacaq bir qərar verməyib. Fikrim kimisə tərifləmək deyil, sadəcə qərar verərkən vətəndaşın düşünülməsinin tərəfdarıyam. Dövlət məmurları və biznes qurumları onsuz da, istənilən qərardan faydalanmaq gücündədir. Sadə vətəndaşın gücü isə dilinə çatır...
Belə... yenə söküntü dalğası başlayır. Ümid edirəm ki, bu dəfə vətəndaşların haqqına girilməyəcək addımlar atılacaq.
İlahin, Bizimyol.info