İqtisadçı: "Büdcə kəsri kifayət qədər böyükdür"

31-10-2021, 15:52           
İqtisadçı: "Büdcə kəsri kifayət qədər böyükdür"
“Büdcə kəsrini yüksək götürürlər ki, Neft Fondundan transfer etsinlər. Neft Fondunun ehtiyatları yüksəkdir və hökumət onu götürüb xərcləməyə alışıb”.

İqtisadçı Nazim Bəydəmirli 2022-ci hesabatında proqnazlaşdırılan büdcə kəsrini “Toplum TV”-yə şərh edərkən belə deyib.

Azərbaycanın 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 26,816 mlrd. manat, xərcləri isə 29,879 mlrd. manat həcmində olacağı nəzərdə tutulur.

Mərkəzləşdirilmiş gəlirlər 25,874 mlrd. manat, yerli gəlirlər 941,503 mln. manat, mərkəzləşdirilimiş xərclər 28,900 mlrd. manat, yerli xərclər isə 978,959 mln. manat səviyyəsində təsdiq edilib. Beləliklə, 2022-ci ilin dövlət büdcəsinin kəsiri 3,063 mlrd. manat səviyyəsində nəzərdə tutulur.

N.Bəydəmirlinin fikrincə, hökumət düşünür ki, neft gəlirləri hesabına büdcə kəsri tənzimlənəcək: “Görünən odur ki, makroiqtisadi göstərici olaraq neftin qiyməti Neft Fondunun gəlirlərinə təsir edir. Dövlət büdcəsinə təsiri neft şirkətinin vergi ödənişlərinin artması ilə ola bilər. Nəzərə alsaq ki, bu gün neftin qiyməti dünya bazarında 80 dollardan yuxarıdır və gələn ilin büdcəsi fevral ayından başlayır. Ona görə də hökumətin özü də bilir ki, neftin qiyməti yüksək olacaq və bu qədər kəsrdə neftdən gəlirlər hesabına bağlanacaq. Büdcə kəsri əslində xəzinədarlığın vahid hesabında qalan vəsaitdən, özəlləşdirmədən və birdə xarici-daxili borclardan maliyyələşir. Ancaq hökumət artıq bilir ki, neftin ortalama qiyməti gələn il ola bilsin, 50 dollardan yuxarı olsun. Ona görə də rahatca büdcə kəsri proqnazlaşdıra bilir”.

İqtisadçı ekspert Rəşad Həsənovsa deyir ki, hökumət mümkün qədər ehtiyatlı davranır: “Son illərdə neftin qiymətləri ilə bağlı ehtiyatlı davranmağa çalışır. Çünki son olaraq 2016-cı ildə bu istiqamətdə ciddi təzyiqlə üzləşib. Neftin qiyməti adiyyatı qurumlar və neft şirkəti tərəfindən çox yüksək qiymətləndirildi. Səhv etmirəmsə, büdcəyə 90 dollarla daxil edildi. Sonradan vəziyyət tam əksinə dəyişdi, yəni neftin qiyməti kəskin azaldı. Büdcəyə də yenidən baxılma zərurəti yarandı. Son illər isə hökumət daha ehtiyatlı davrandı. Mən düşünürəm ki, ehtiyatlı davranmağın özü pis deyil. Yəni mümkün qədər xərclərdə azaldılır. Neftin qiyməti 80 dollardan götürülsəydi, böyük ehtimalla neft sektorundan daxil olan vergi gəlirlərini də artıracaqdılar. Eyni zamanda Neft Fondunun gəlirləri də yüksək görünəcəkdi. Onun müqabilində fonddan transferin həcmini daha yüksək tutacaq, xərcləri şişirdəcəkdilər”.

“Gələn il neft gəlirlərinin indiki səviyyədə qalacağına dair zəmanət yoxdur. Neft bazarı kifayət qədər qarışıqdır. Burada qiymətlər pozitivdir. Ancaq Beynəlxalq Enerji Agentliyinin, ABŞ Enerji İnformasiya Administrasiyasının, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının bununla bağlı proqnozları 58-70 dollar arasında dəyişir. Bu özü belə dövlətin büdcədə nəzərdə tutduğunun üzərindədir”, - deyə R.Həsənov qeyd edib.

“Büdcədə neft qiymətinin proqnoz kimi göstərilməsinin əhaliyə heç bir təsiri yoxdur”

N. Bəydəmirli bildirib ki, büdcənin gəlirlərinə neftin real qiymətinin təsiri var: “Dünya bazarında neft reallıqda baha satılırsa, büdcə gəlirləri arta bilir. Bu da təbii ki, həm ölkənin büdcəsinə xeyirdir, həm də əhaliyə xeyri ola bilər. Neft gəlirlərinin çox olması dövlətin investisiya xərclərini, valyuta ehtiyatlarının artırmasına imkan yaradır”.

Rəşad Həsənov-Açıq mənbələrdən götürülüb
İqtisadçı ekspert R.Həsənov da düşünür ki, neft qiymətinin büdcədə nə qədər nəzərdə tutulmasının əhaliyə birbaşa təsiri yoxdur: “Neft qiymətinin baha olacağını proqnozlaşdıran hökumətlər və Azərbaycan hökuməti ola bilsin ki, sosial siyasətdə müəyyən qədər daha səxavətli olsun və genişlənməyə getsin. Yəni hökumət əməkhaqqı fondunun artırılması, müavinətlərın, təqaüdlərin artırılması istiqamətində qərar qəbul edə bilər. Amma görünən odur ki, Azərbaycanda bu istiqamətdə ciddi asılılıq yoxdur. Çünki hökumət mümkün qədər ehtiyatlı olmağa davranır. Cari xərclərin həcminin büdcədə sürətlə artımını istəmir. Çünki neft ucuzlaşanda büdcədə tənzimləmə aparmaq çətin olur”.

Büdcədə yaranan kəsr

R.Həsənov hesab edir ki, Azərbaycanda büdcə kəsri o qədər də böyük deyil: “Mən düşünürəm ki, hətta büdcədə proqnozlaşdırlan 3 milyardlıq kəsr olmayacaq. Çünki məhz neftin qiymətinin baha olması səbəbindən neft sektorunda daxil olan vergilərin həcmi daha artıq olacaq. Son bir neçə ilin təcrübəsi göstərir ki, əslində, bu, sadəcə, nəzəri kəsrdir”.

N.Baydəmirli isə zənn edir ki, 3,063 mlrd. böyük kəsrdir: “Bütün ölkələrdə büdcə kəsri olur. Büdcə kəsri 3-5% ola bilər. Ancaq Azərbaycanda büdcə kəsiri təxminən 10%-ə yaxındır. Əslində bu, böyük kəsrdir. Ancaq hökumət bəri başdan bilir ki, neftin qiyməti yüksəkdir və gələn gəlirlər çox olacaq. Ona görə də büdcə kəsrini belə böyük götürür ki, onu maliyyələşdirmək üçün Neft Fondundan rahat pul götürüb investisiya layihələrinə istifadə etsin”.

Deputat Tahir Mirkişili isə bildirib ki, büdcə məsələsi 15 gün sonra müzakirə edilə bilər: “Büdcə ilə bağlı komitənin iclası olmadan danışa bilmərəm.Bizdə büdcə ilə bağlı hələlik iclas olmayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.