Rəsmi taksilər nağdsız ödənişə “bunt edib” - kartla ödəniş niyə qəbul edilmir... Sosial09:25
2-11-2021, 12:58

Mayis Əliyev: “Sürücü narazılığını sərnişinlə deyil, şirkətlə həll etməlidir”
Taksi şirkətləri ilə bağlı narazılıqlar yenidən artıb. Sosial mediada, xüsusilə şirkətlərlə əməkdaşlıq edən sürücülərin vətəndaşla davranış qaydalarının yanlış olması, nağd ödəniş zamanı sürücünün pulun qalığını geri qaytarmaması və ya kartla ödənişə etiraz etmələri kimi məsələlərlə bağlı şikayətlər səsləndirilir.
Qeyd edək ki, əksər taksi şirkətlərinin sürücüləri “kartla ödəniş ediləcək” sözünü eşidəndən sonra sərnişini gedəcəyi ünvana çatdırmaqdan imtina edir.
Məlumat üçün bildirək ki, artıq neçə ildir taksilərdə də nağdsız ödənişin həyata keçirilməsi qaydası tətbiq olunur. Ancaq nə hikmətdirsə, taksi sürücüləri kartla ödənişdən imtina edir, yalnız nağd şəkildə ödənişin olunmasını istəyir.
“Taksilərdə kartla ödəniş mümkün olsa da, bizim sürücülər nağd yolla ödənişin edilməsinə üstünlük verir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sərt karantin tədbirləri, hərəkətə qoyulan məhdudiyyətlər, nə qədər qəribə də olsa, bəzi sahələrdə müsbət dinamikanın yaranmasına səbəb olub. Belə sahələrdən biri nağd hesablaşmaların azalması, əhalinin daha çox kart və onlayn ödənişlərə üstünlük verməyə başlamasıdır: “Koronavirus pandemiyası bütün dünyada nağdsız ödənişlərə keçidin sürətləndirilməsi zərurətini formalaşdırıb. Bunun bir səbəbi əhalinin hərəkət məhdudiyyətləridirsə, digər mühüm səbəb virusun pul vasitəsilə yayılma imkanının geniş olmasıdır. Qeyd etdiyim kimi, əksər sahələrdə nağdsız ödənişə üstünlük verilir. Taksilərdə kartla ödəniş mümkün olsa da, bizim sürücülər nağd yolla ödənişin edilməsinə üstünlük verir. Taksi sürücülərinin belə bir istəkdə olmasını başa düşmək olar. Belə ki, nağd pula ehtiyacları var. Sürücülər düşünür ki, karta köçürülən vəsaitin nağd pula köçürülməsi vaxt aparır. Sadəcə olaraq, kart sistemini qəbul edə bilmirlər. Nəzərə almaq lazımdır ki, şirkət sərnişinə nağdsız ödəniş seçimini verirsə, sərnişin istədiyi şəkildə ödəməkdə sərbəstdir. Sərnişini acılamaq, qınamaq, pulu kartla ödədiyi üçün tənqid etmək sürücünün qeyri-peşəkarlığından xəbər verir. Sürücü narazılığını sərnişinlə deyil, şirkətlə həll etməlidir. Çünki sərnişin ona verilən seçimdən faydalanır”.
baki xeber