Hərbi prokuror Xanlar Vəliyevin "Tərtər işi" açıqlaması niyə qəzəb yaradıb? VİDEO
3-11-2021, 08:35

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin "Tərtər işi"ndə sadəcə bir nəfərin öldüyünü deməsi qəzəbə səbəb olub.
Prokuror Vəliyev prokurorluğa ünvanlanmış, istintaq prosesi zamanı ölüm və işgəncə halları barədə ittihamlara toxunmayıb və bir nəfərin ölümünün istintaqdan əvvəl baş verdiyini deyib.
Hüquq müdafiəçiləri və hərbçilərin ailələri deyir ki, 2017-ci ildə istintaq zamanı 11 hərbçi öldürülüb, onlarla hərbçi isə şiddətli işgəncəyə məruz qalıb.
Xanlar Vəliyev "Tərtər işi"ndə kütləvi işgəncə hallarının olduğunu desə də, o bunun prokurorluğun müdaxiləsindən öncə baş verdiyini bildirib.
O istintaq işinin "obyektiv" aparıldığını deyir, ancaq hüquq müdafiəçiləri iddia edirlər ki, daha çox işgəncə və ölüm halları Hərbi Prokurorluğun istintaqa başlamasından sonra baş verib.
Respublika Hərbi Prokurorluğu bu ittihamlarla bağlı BBC News Azərbaycancaya şərh verməyib.
İddialara görə, istintaqın getdiyi 2017-ci ildə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlar vətənə xəyanət etmədə, Ermənistana məlumat ötürmədə ittiham olunub və ya onlardan məlumat ötürənlərin adlarını vermələri istənilib.
Bu hadisələrin əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən ictimaiyyətdə bu məsələ "Tərtər işi" kimi tanınıb.
BBC News Azərbaycancaya danışan, "Tərtər işi" istintaqı zamanı qətlə yetirildiyi iddia edilən Mehman Hüseynovun qanuni nümayəndəsi Yeganə Hüseynova BBC News Azərbaycancaya deyir ki, onun həyat yoldaşı 6 may 2017-ci ildə "işgəncə zamanı ölüb" və bu, "rəsmi sənədlərdə" göstərilib.
Onun sözlərinə görə, ərini 2017-ci ilin mayın 2-də həyat yoldaşı məzuniyyətdə ikən həbs ediblər. O "gecə yarısı maskalı hərbçilər tərəfindən evindən aparılıb və həmin ayın 6-da öldürülüb".
"Bir gün sonra gətirib Tərtərin Cəmilli kənd qəbirstanlığının kənarında dəfn ediblər ki, guya vətən xainidir. Amma məhkəmədə onun xain olduğunu göstərən heç bir sübut ortaya çıxmadı. Bu günə kimi də ona bəraət verməyiblər", - Yeganə Hüseynova deyib.
"Tərtər işi" ilə məşğul olan hüquq müdafiəçiləri deyirlər ki, Hərbi Prokurorluq istintaqa 3 may 2017-ci ildə başlayıb, amma bu tarixdən sonra "işgəncələr nəticəsində ölənlərin sayı 11 nəfərdir".
Azərbaycanda hərbi prokuror Xanlar Vəliyev dörd ildən sonra ilk dəfə "Tərtər işi" ilə bağlı danışıb və işgəncə faktları olduğunu təsdiqləyib.
İndiyə kimi Hərbi Prokurorluq bu məsələ ilə bağlı BBC News Azərbaycancanın rəsmi sorğularuna heç vaxt cavab verməyib.
"Öl və ya etiraf et". Azərbaycanda erməni casuslarını necə axtarıblar. Tərtər işi
Hərbi prokuror: "İkinci Qarabağ Müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işləri başlanıb"
Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərova görə, "Tərtər işi"ndə suallar doğuran və ziddiyyətli bir neçə məqam var.
O deyib ki, dövlətə xəyanətdə ittiham olunaraq işgəncə verilən və ölən bütün hərbçilərin ölüm tarixi "rəsmi olaraq 3 may 2017-ci ildən sonrayadır".
Cənab Cəfərovun sözlərinə görə, Hərbi Prokurorluğun ittihamı ilə həbs olunan hərbçilərin işlərində çox ciddi sübut çatışmazlığı var.
Xüsusi Komandanlıq: türk generalları Azərbaycanda nə edəcəklər?
Qarabağda dron müharibəsi: Azərbaycan və Ermənistan arasındakı münaqişəni pilotsuz aparatlar necə dəyişib?
Bazar ertəsi Xanlar Vəliyev Bakıda jurnalistlərə deyib ki, o, "Tərtər işi" ilə bağlı Hərbi Prokurorluğun işindən razıdır və prokurorluq obyektiv olmağa çalışıb.
Onun sözlərinə görə, Hərbi Prokurorluğun istintaqı zamanı bir neçə şəxs dövlətə xəyanətdə günahlandırılıb və onlarla bağlı iş məhkəməyə göndərilib. Xanlar Vəliyev əlavə edib ki, həmin vaxt Hərbi Prokurorluq "istintaq aparana qədər olan dövrdə - bu, bir neçə gün ərzində olub - dövlətə xəyanətdə şübhələnilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar" həyata keçirilib.
Xanlar Vəliyev bildirib ki, bu işgəncələr zamanı bir şəxs vəfat edib: "Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq".
Hüquq müdafiəçisi Rəsul Cəfərov deyib ki, bu hadisələrdə işgəncələr zamanı "dözə bilənlər xilas olub, dözə bilməyib məcburi etiraf edənlər" həbs edilib.
"İtithamlar irəli sürülüb, amma ittihamların əsası kimi çıxış edəcək dəlillər ortada yoxdur. Məhkəmədə əsas sübut kimi şəxslərin özlərinin ifadələri götürülüb, baxmayaraq ki, Azərbaycan Konsitutsiyası bunu, şəxsin özünə, yaxınlarına qarşı ifadə verməsini qadağan edir", - Rəsul Cəfərov deyib.
O ümid edir ki, yeni zərərçəkənlər də üzə çıxacaq və yeni açılmış işlərlə bağlı Ali Məhkəmənin plenumuna müraciət olunacaq.
Hüquq müdafiəçisi iddia edir ki, "Tərtər işi"ndə sanki istintaq orqanı işgəncə verənləri "qorumaqla məşğul olub".
Xanlar Vəliyev deyib ki, işgəncə vermədə 16 müxtəlif vəzifəli şəxs günahlandırılıb və onlar "uzunmüddətli həbs olunublar".
Rəsul Cəfərov hesab edir ki, işgəncədə ittiham olunan şəxslərin əməllərinə adekvat cəza verilməyib.
Onun sözlərinə görə, işgəncə verənlərə qəsdən adam öldürmə, azadlığın məhdudlaşdırılması maddələri verilməyib, işgəncə törətsələr də, onlara nisbətən yüngül olan "əzab vermə maddələri" tətbiq edilib.
"Məhkəmə işlərində 4-5 nəfərin ifadəsi var ki, işgəncə göstərişlərini kim verib, amma onlar məsuliyyətə cəlb edilməyib. Aşağı vəzifələrdə olan icraçılar cəzalandırılıb, amma onlar göstəriş olmadan bu işləri görə bilməzlər, təşkilatçılar cəzadan kənarda qalıblar", - Rəsul Cəfərov iddia edir.
BBC News Azərbaycanca bu 16 hərbi qulluqçunun yaxınları və ya vəkilləri ilə əlaqə saxlaya bilməyib.
Rəsul Cəfərov hesab edir ki, prokurorluğu bu hadisələrdən danışmağa iki səbəb vadar edə bilər.
"Birincisi, çoxlu yeni zərərçəkmişlərin üzə çıxması ola bilər ki, bu qədər sayda adamın işgəncə görməsi işin miqyasının böyük olmasını və ona miqyasa uyğun cavab verilməsini tələb edir", - Rəsul Cəfərov deyib.
Onun fikrincə, noyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin "Tərtər işi"ni müzakirə edəcəyi də hərbi prokurorun açıqlamasına təsir edə bilər.
Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov BBC News Azərbycancaya deyib ki, müzakirələr daxili keçiriləcək və ictimaiyyətə açıq olmayacaq.
Rəsul Cəfərov komitənin "Tərtər işi" üzrə işgəncə problemi ilə bağlı məruzəçi də təyin oluna biləcəyini ehtimal edir.
BBC