“Qəhrəmanlarımız olub, amma ordusuz, silahsız, hakimiyyətsiz vuruşublar” - Çingiz Abdullayev yenə dediyini deyir...
4-11-2021, 10:45

Xalq yazıçısı Çingiz Abdullayevin “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikri sosial şəbəkənin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb.
Bir neçə gündür ki, sosial media fəalları, jurnalistlər, o cümlədən deputat Razi Nurullayev Ç.Abdullayevi sərt tənqid edirlər. Onlar yazıçının mövqeyini I Qarabağ müharibəsinin şəhidlərinə hörmətsizlik kimi qiymətləndiriblər.
Bu qalmaqallı çıxışla bağlı “Yeni Müsavat”a eksklüziv olaraq danışan Ç.Abdullayev fikirlərinə aydınlıq gətirdi. Onun sözlərinə görə, I Qarabağ müharibəsində ordu və silah yox idi, könüllü batalyonlar döyüşürdülər:
“Ermənilər yazırdılar ki, Azərbaycan Ordusu darmadağın edilib. Siz bununla razısınız? Mən razı deyiləm. Mənim qardaşım Şuşada şəhid olub, 4 qohumum Ağdamda şəhid olub. Onlar ikiqat qəhrəmandırlar. Sadəcə, o vaxt nə ordu, nə silah olub, könüllü batalyonlar vuruşublar. Ermənilər isə rusların tanklarından istifadə edərək torpaqlarımızı işğal ediblər. Bunu deməmək olmaz axı?!”
Ç.Abdullayev “Bununla belə biz o dövrdə kapitulyasiyaya imza atmamışıq” replikamıza belə, cavab verdi: “O düzdür, amma ordu olmayıb. Könüllü batalyonlar döyüşüblər. Erməni mediasına baxın da, deyirlər ki, o vaxt Azərbaycan ordusunu darmadağın etmişik. Bizim qəhrəmanlarımız olub, amma ordusuz, silahsız, hakimiyyətsiz, köməksiz vuruşublar. Sabah nəvələriniz soruşacaqlar ki, Xocalını niyə müdafiə etməmisiniz? Bizim qəhrəmanları öldürüblər, onda ordu harada idi? Ona görə onlar ikiqat qəhrəmanlardırlar ki, bu şəraitdə döyüşüblər, könüllü batalyonlar vuruşublar. Ancaq siz şəhidlərimizi alçaldırsınız, yazırsınız ki, iki ordu döyüşüb və məğlubiyyət olub. Bu belə deyil. Ona görə deyirəm ki, iki fərqli müharibədir. Başa düşün, düşmürsünüz, düşməyin. Çünki ermənilər deyirdilər ki, siz əsgər milləti deyilsiniz, alverçi millətisiniz. Biz sübut etdik ki, əsgər millətiyik. Sadəcə, o vaxt tankımız, silahımız yox idi”.