ABŞ Cənubi Qafqaza hansı planla qayıdır... - QAYIDIRMI?
5-11-2021, 10:32

ABŞ-ın Cənubi Qafqaza qayıtmaq siyasətinin ilk anonsu hələ Donald Tramp prezidentliyi dövründə verilsə də, Ağ Evin sabiq administrasiyası bu istiqamətdə ciddi iş görə bilmədi. Trampdan sonra da ABŞ-ın Cənubi Qafqaz siyasətində kardinal dəyişikliklər yoxdur. Qarabağ müharibəsində heç bir rol oynamayan ABŞ postmüharibə dövründə də bu “qayıdışla” bağlı heç bir açıq fəaliyyət göstərmədi.
Yalnız ABŞ-ın Ermənistandakı səfirinin tez-tez “Qarabağ ermənilərinə status verilməlidir” kimi qızışdırıcı bəyanatlarından başqa, ABŞ-ın bölgədə fəallaşdığını göstərən fakt yoxdur. Regiona, o cümlədən də Azərbaycana səfər edən ABŞ rəsmilərinin ranqı isə aşağı olur və bu səfərlər humanitar xarakter daşıyır. ABŞ-ın Cənubi Qafqazda ən sadiq müttəfiqi Gürcüstana dəstəyi isə Tiflisə xeyirdən çox ziyan gətirir. Qara dənizdə ABŞ gəmilərinin olması Rusiyanı ciddi narahat edir, bölgədə gərginliyi artırır. Yəni hiss olunur ki, ABŞ-ın Cənubi Qafqazla bağlı aydın strateji planları və hədəfləri yoxdur.
ABŞ-ın Cənubi Qafqaza olan maraqları nədən ibarətdir? Vaşinqton bu regionun Rusiya və Türkiyənin nüfuz dairəsinə daxil olması faktı ilə barışırmı? Cənubi Qafqaza nüfuz etmək üçün ABŞ-ın Türkiyə və Rusiya kimi təsir rıçaqları olmadığı üçün geri çəkilib? İrana hücumla bağlı hələ bir neçə il əvvəl Azərbaycanın razılığını ala bilməməsi, Ermənistanın tam Rusiyanın nəzarətində olması Ağ Evin regiondan çəkilməsində həlledici amil olubmu? ABŞ-ın regiona təsir imkanlarının minimuma enməsinin hansı mənfi fəsadları ola bilər?
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər suallarımızı bu cür cavabladı: “Bu suala cavab vermək üçün öncəliklə baxmaq lazımdır ki, Amerika öz milli təhlükəsizliyinə yönəlik təhlükələrin dəyərləndirilməsində nələrə öncəlik verir. Buna baxanda diqqətin öncəliklə Çin mərkəzli olmaqla, Hind-Sakit Okean hövzəsinə ayrıldığını görürük. Çünki ABŞ Çini strateji rəqib hesab edir. İnkişaf mərkəzinin Hind-Sakit okean hövzəsinə keçdiyini düşünür. Bunu mütləq nəzərə almalıyıq. Amerikanın strateji öncəliyi Hind-Sakit okean hövzəsidir. Burada da, qeyd etdiyim kimi, mərkəzdə Çindir. Operativ-taktiki öncəliklər sırasında isə öndə Rusiya gəlir. Çünki Amerika Rusiyanı müdafiə və təhlükəsizlik sahəsində əsas təhlükə hesab edir. Ümumiləşdirsək, hərbi təhdid hesab edir. Bu, zamanlaması baxımından da aktual hesab edir. Ona görə də Avroatlantik hövzəsi də ikinci sırada gəlir. Nəzərə alaq ki, Rusiya ilə NATO, Amerika arasında münasibətlər durmadan gərginləşir. Bu məsələyə burada xüsusi diqqət ayırmağın mənası yoxdur. Çünki hər kəs proseslərdən xəbərdardır.
Burada da Ukrayna və Qara dəniz hövzəsi ön plana çıxır. Bu baxımdan postsovet məkanı və Qara dənizin öncəlik təşkil etdiyini görürəm. İkinci planda Əfqanıstan məsələsi, onunla bağlı olaraq da Cənubi Qafqaz və Mərkəzi Asiya gəlir. Üçüncü də buraya mütləq İran məsələsini əlavə etmək lazımdır. Əgər İran məsələsi, yaxud Əfqanıstan, onunla bağlı Mərkəzi Asiya və Cənubi Qafqaz məsələsi aktuallaşarsa, bu iki məsələyə görə Azərbaycanın da strateji önəmi artacaq. Amma indiki halda öncəliyin strateji planda Çin mərkəzli olmaqla, Hind- Sakit okean hövzəsi, operativ-taktiki planda isə Rusiya mərkəzli olmaqla, Avroatlantik məkan olduğunu düşünürəm. İran və ya Əfqanıstan məsələsinin aktuallaşmadığı halda, Azərbaycanın Amerika üçün xüsusi öncəlik təşkil edəcəyini düşünmürəm. Əks halda, yəni Əfqanıstan və Mərkəzi Asiya məsələsinin aktuallaşdığı halda isə təbii, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun, o cümlədən Azərbaycanın strateji önəmi artacaq”.
S.Əkbər rəsmi Vaşinqtonun Cənubi Qafqazın Rusiya və Türkiyənin təsir dairəsində olması ilə barışdığı yönündə səslənən fikirlərə də diqqət ayırdı: “Bilirsiniz, burada milli təhlükəsizlik baxımından öncəliklər məsələsi önəmlidir. İstər Amerika, istərsə də Azərbaycan olsun, istənilən dövlətə qarşı yönələn təhlükələr öncə öz dərəcəsinə görə sıralanır. Risklər, çağırışlar, potensial, aktual təhdidlər, real təhlükələr var. Sonra bunlara necə cavab veriləcəyi müəyyən olunur. Amerikanın milli təhlükəsizliyinə yönəlik təhlükələrin sıralanmasında, təbii ki, Azərbaycan Çin və Rusiya kimi ön sırada deyil. Azərbaycan da özünə yönəlik təhlükələri sıralasa, bu cür hərəkət edəcək. Biz ABŞ siyasətini dəyərləndirərkən məsələyə Vaşinqtondan baxmalıyıq, Azərbaycandan yox. Əgər biz Amerikanın siyasətindən danışırıqsa, ”Məsələyə ABŞ necə baxır?" deyə düşünməliyik. ABŞ indi strateji planda öncəliyi Çin mərkəzli olmaqla, Hind-Sakit okean hövzəsinə verir. Görünən perspektivdə diqqət əsasən bura ayrılacaq. Ənənəvi olaraq başlıca diqqət ayırdığı Avroatlantik məkan artıq ikinci sıraya keçib. Bu proses 2012-ci ildən başlayıb, Barak Obama dönəmindən. Ona görə deyirəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu, o cümlədən Azərbaycan o halda öncəlik təşkil edə bilər ki, 1) Rusiya və postsovet məkanı məsələsi aktuallaşsın, Çindən ön plana keçsin, Azərbaycan da postsovet məkanının bir parçası olduğuna görə sıralamada öncəliyi artsın. 2) Yaxud Əfqanıstanda talibançılarla bağlı təhlükə artsın, təhlükələr Mərkəzi Asiyaya keçsin, Amerikanın regiona diqqəti artsın. O zaman Azərbaycana ehtiyac arta bilər. 3) Yaxud da İran məsələsi aktual olsun, o zaman ölkəmiz avtomatik ön plana çıxacaq və ya ön plana çıxacaq ölkələrin sırasında gələcək. İndi bu vəziyyət hələ yaranmayıb. İndi sıralamada Çin, Rusiya, İran və Əfqanıstan məsələsi gəlir. Gələcəkdə proseslər necə inkişaf edəcək, onun şahidi olacağıq. Həm bundan, həm də Amerikanın baxışından çox şey asılı olacaq".
Müsahibimiz Amerikanın bu regionda təsir riçaqlarının zəif olduğu yönündə deyilənlərə belə münasibət sərgilədi: “Burada da Amerikanın strateji öncəlikləri vacibdir. Öncəlik Rusiya, postsovet məkanı olacaqsa, onda siz görəcəksiniz ki, bu təsir riçaqları necə artacaq. Amma nəzərə alaq ki, strateji öncəlik 2012-ci ildən dəyişib. Amerikanın diqqətini hansı yerlərə yönəltdiyini əvvəldə dedim. Əsas diqqətin yönəldildiyi Çinlə həmsərhəd olmadığımıza görə öncəliklər sırasında deyilik. Artıq ABŞ öz strateji öncəliklərinə görə QUAD və AUKUS kimi yeni bloklar yaratmaqdadır.
İndi Rusiya yalnız operativ-taktiki planda öndədir. Çünki hərbi təhlükəsizlik məsələsində öndə gəlir. Bilirsiniz ki, Rusiya ilə intensiv danışıqlar gedir. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyadadır. Ora nəyə gəlib? Əgər Rusiya ilə razılaşma olacaqsa, Amerikanın öz strateji resurslarını şimal qonşumuza yönəltməyə bir ehtiyacı qalmayacaq. O, Çinlə məşğul olacaq. Əksi olacaqsa, o zaman Amerika məcburdur ki, strateji resurslarının bir hissəsini Avroatlantik istiqamətə yönəltsin. Bu halda Türkiyə ilə də dil tapılacaq. Onda da kifayət qədər təsir riçaqları olacaq".
“Yeni Müsavat”