44 günlük müharibənin hesabatı.
9-11-2021, 00:00

O adamlardan idim ki, sülhlə yox, məhz torpaqların müharibə ilə qaytarılacağına inanırdım. Dəfələrlə olub ki, "torpaq gedib, geri qayıdan deyil, az Qarabağdan yaz, müharibənin başın burax" deyiblər. İnanmışam, əl çəkməyib, yenə yazmışam.
Müharibə başlamamış sabiq cəbhədə idim. Sentyabrın 26-dan dekabrın sonuna qədər ərazidə olmuşam. Müharibə vaxtı bir ucu Murov, digər ucu Xocavəndə qədər geniş ərazidə işləmişəm. Təkcə həmin ərazidəki yol xərcləri 700 manatdan çox tutdu. Xəbər vermək ilk işim idi. Ancaq hərbçilərə təminat çatdırmaq üçün də vasitəçilik etmişəm. Yeri gəlib postda durmuşam. 6 gecə. Post dediyiniz də, mövqelər arası məsafə maksimum 150 metr olub. Bunu sırf gələcəkdə kitab yazanda əsgər nələr hiss edir, onun üçün etmişəm. Yaralı çıxarmaq, ilkin tibbi yardım göstərmək, şəhid çıxarmaq, mərmi altında qalmaq və iki dəfə də qəlpə yarası almaq.
Müharibəni yaşamışam. Uşaqlıqdan müharibənin içində böyümüşəm. Hərbi qələbənin mənim üçün nə demək olduğunu kimsə təsəvvür edə bilməz.
Qələbəyə ən çox da Birinci müharibənin iştirakçılarının böyük hissəsinin sağ ikən görmələri məni sevinirəm. Onlar daha çox ərazi itkisinin qarşısını aldı, qorudu, ikincilər isə azad etdilər.
Çoxlu dost, tanış itirdim. Çoxunu da qazandım. Müharibə həm də budur. Qələbə təkcə əsgərin döyüşməyi ilə yox, xalqla əsgərin vəhdətindən yaranır.
Təbrik edirəm! Həmişə qalib olaq! Hər kəsə təşəkkürlər!
Səxavət Məmməd