Qarabağda yenidən terror küləyi əsməyə başlayır! TƏRS BAXIŞ
5-11-2021, 12:15

Söz və güc isə əlbəttə ki, Bakıdadır, özü də havaya qalxan və zərblə enən “Dəmir yumruğu” ilə!
44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan qarşısında diz çökərək kapitulyasiya sənədinə imza atması ilk olaraq belə bir nəticəyə gəlməyə zəmin yaratdı ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanat regionda davamlı, əsaslı sülhün bərqərar olmasına bilavasitə zəmin verəcək. Təbii ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi bu dəfə də öz vədinə, sözünə, imzasına hörmətini nümayiş etdirdi, hətta sonrakı müddətlərdə bəyanatda qeyd olunmayan şərətləri belə nəzərə alması ilə humanizm prisnipindən çıxış etdi, 2020-ci ilin10 noyabr tarixindən sonra reallaşdırılan anti-terror əməliyyatları zamanı ələ keçirilmiş erməni təxribatçı-diversiya qruplarından olan bir neçə nəfəri Ermənistana geri qaytardı.
Azərbaycan tərəfi Rusiyanın vasitəsçili və xahişi ilə əlavə humanizm aksiyalarını da reallaşdıraraq Qarabağ regionunda dincliyin, əminamanlığın, inkişafın və tərəqqinin tərəfdarı olduğunu bariz şəkildə təsdiq etdi. İşğaldan azad edilmiş rayon və şəhərlərimizdə davam etdirilən nəhəng inşaat, bərpa işləri də bu təsdiqin tərkib hissəsidir.
Bu faktlar erməni separatizminə, terroruna birdəfəlik son qoyacaq eskalasiyaya kifayət qədər zəmin yaradır
Lakin bütün bunlara baxmayaraq, Ermənistan istər mina xəritələrinin verilməməsi istiqamətində cəhdlərini davam etdirdi, yaxud etibarlı olmayan xəritələri təqdim etdi, istərsə də silahlı təxribatlara əl ataraq əslində acı məğlubiyyəti ilə barışmadığını müxtəlif həyasızlıq davranışları ilə sərgilədi, bu gün də sərgilədi. Ermənistan Azərbaycanla sərhəddə dəfələrlə (!) çoxsaylı təxribatlara əl atması ilə yanaşı, Qarabağdakıs qanunsuz silahlı separatçılarını da Azərbaycanın üzərinə qısqırtmaqda davam edir.
Beləliklə, faktlar kifayət qədərdir – Laçın dəhlizi vasitəsi ilə müxtəlif terror məqsədli qrupların Rusiya sülhməramlıları kontingentinin (RSK) nəzarəti altındakı bölgələrdən Qarabağa sızdırılmasından tutmuş həmin bölgələrdə təmas, müdafiə xətlərinin qurulmasına, istehkamların yaradılmasına, səngərlərin qazılmasına, müdafiə vallarının yaradılmasına qədər bütün qanunsuzluqlar açıq-aydın həyata keçirilir və gözlər önündədir.
Bir sözlə, bəyanat sanki sadəcə adi bir kağız olaraq kənarda qalıb və oradakı şərtlərin, bəndlərin realizəsi istiqamətində nə Ermənistan, nə də təəssüf ki, Rusiya tərəfindən heç bir tədbirlər görülmür bu isə istər-istəməz regionda yeni və bu dəfə erməni separatizminə, terroruna birdəfəlik son qoyacaq eskalasiyaya kifayət qədər zəmin yaradır.
Separatçıların quldurbaşısının və ətrafının fiziki məhv edilmələri bilavasitə zərurətə çevrilib!
Eyni zamanda, bu birbaşa rəsmi Bakının hüququdur – ona məxsus olan Qarabağ torpaqlarında erməni terrorunun bə separatizminin kökünü birdəfəlik kəsmək!
Əgər bu gün İnterpolda axtarışa verilmiş separatçı-quldurların başçısı Araik Arutyunyan və onun əlaltıları rahat şəkildə, əllərini-qollarını sallayaraq RSK-nin məsul olduqları ərazilərdə gəzirsə, hansısa inşaat, bərpa işlərinə, mənzil, bina tikintilərinə nəzarət edirsə, əgər o, Moskvaya səfər edib bəlli qaranlıq ya da açıq hərbi-siyasi dairələrdən təlimatlar alırsa, əgər separatçılar Qarabağda hərbi səfərbərlik elan edirlərsə artıq buna “dur!” deməyin vaxtıdır.
O da əbəs deyil ki, 44 günlük müharibə zamanı Azərbaycanın dinc sakinlərinə qarşı raket zərbələrinin endirilməsinə şəxsən əmr verdiyini həyasızcasına bəyan edən separatçıların quldurbaşısının və ətrafının fiziki məhv edilmələri bilavasitə zərurətə çevrilib! Çünki onun dayanmayacağı, belə davam edəcəyi gün kimi hər kəsə aydındır.
Misal üçün, bugünlərdə onun səsləndirdiyi “bəyanatı” da deyilənləri təsdiq edir. Araik Arutyunyan bildirib ki, yeni silahlanma planına uyğunlaşdırılmış proqramda dinc əhalinin (?!) silahlandırılması prosesinə başlanılacaq. Erməni mənbələri qeyd edirlər ki, mümkün silahlı qarşıdurmalara hazır olmaq lazımdır və bunun üçün əhaliyə “müdafiə” olunmaq üçün silahlar verilməlidir. Əbəs deyil ki, bir sıra erməni teleqram kanalları və informasiya mənbələrində yayınlar edən Qarabağ separatçıları rejimin onları silahlarla təmin edilməsini tələb edirlər.
Mandatsız Rusiya sülhməramlıları kimlərdən müdafiə olunmağa hazırlaşırlar?
Hazırda RSK-nın üzərinə düşdüyü vəzifələrinin öhdəsindən gələ bilməməsi də danılmaz faktdır və bu haqda dəfələrlə sübutedici materiallarla çıxış edilib, bu gün də edilməkdədir.
Yaxşı olardı ki, mandatsız RSK zaman-zaman hərbi təlimlər keçirib kimlərdənsə (?) müdafiə olunacağını nümayiş etdirməsi yerinə üzərinə düşən vəzifələrini yerinə yetirsin və qanunsuz erməni silahlılarını, rejimin qanunsuz “güc strukturlarının” buraxılmasını həyata keçirsin.
Çünki bu, birbaşa üçtərəfli bəyanatda əks olunub, dördüncü bənddə! Etmirlərsə, yaxud etmək istəmirlərsə, həmin vəzifəni də həyata keçirmək Bakının hüququdur və kimsə şübhə etməməlidir ki, Bakı həmin hüququndan istifadə etməyəcək!
Qondarma quldur rejiminin “xüsusi təyinatlılarının” fəaliyyətləri işıqlandırılırsa...
Yaxud bu gün 44 günlük müharibədə erməni terrorçularının və silahlı separatçılarının təbliğatı ilə məşğul olan bəzi rus blogerləri yenidən Qarabağa qanunsuz səfərlər edərək qondarma quldur rejiminin “xüsusi təyinatlılarının” fəaliyyətlərini işıqlandırırsa, terrorçular rəsmi ekipirovka və silahlarla Azərbaycan torpaqlarında patrul fəaliyyəti aparırlarsa və RSK gözləri önündə gəzən silahlı terrorçulara göz yumursa, artıq bu kimi hallar bütün hədləri, çərçivələri, sərhədləri həyasızcasına aşmaq anlamını daşıyır və qarşısının alınması tələbə çevrilir!
Beləliklə, görünən budur ki, artıq Qarabağda terror küləyi yenidən əsməyə başlayır və bu gün açıq-aydın revanşizmə köklənən bəlli erməni dairələrinin baş qaldırması gözlər önündədir. Söz və güc isə əlbəttə ki, Bakıdadır, özü də havaya qalxan və zərblə enən “Dəmir yumruğu” ilə!
Rövşən RƏSULOV
sia.az