Kremlin mövqeyi getdikcə zəifləyir

2-12-2021, 08:08           
Kremlin mövqeyi getdikcə zəifləyir
Rusiya indi də Xəzər Şurasının yaradılmasını təklif etməklə təsir imkanlarını qorumağa çalışır

Moskva Xəzər Şurasının yaradılmasını təklif edib. Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Xəzəryanı ölkə başçılarının Aşqabadda keçiriləcək növbəti sammitində Xəzər Şurasının yaradılması təşəbbüsü irəli sürüləcək: “Biz Xəzər Şurasının Həştərxanda yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfindən bunun növbəti bürokratik struktur olacağı ilə bağlı qorxuları var.

Burada yəqin ki, məsələ bunu necə təşkil etməkdir. Bunu hansısa böyük katiblik maşını kimi deyil, Xəzər əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı sadəcə müntəzəm qurum kimi təşkil etmək olar. Bu təkcə Xəzəryanı ölkə başçılarının sammitinə hazırlıq kontekstində deyil, daimi əsasda olmalıdır”. Adətən Moskvanın təşəbbüslərinə baxış birmənalı olmur və bunun da bəlli səbəbləri var. Elə Sergey Lavrov özü də əvvəlcədən təşəbbüsə fərqli reaksiyalar olacağını istisna etməyib və Xəzər Şurası ilə bağlı təklifdə əsas məqsədin nə olduğunu izah etməyə çalışıb.

Rusiyanın təklifini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, Moskvadan gələn istənilən təşəbbüs şübhəlidir. Ekspertin sözlərinə görə, xüsusən Xəzəryanı ölkələr – Azərbaycan, Türkmənistan və Qazaxıstan Rusiyadan gələn təkliflərə bir qədər ehtiyatlı yanaşmalıdır:

“Rusiya güvəniləcək, etibar ediləcək dövlət sayılmır. Tarixin bütün mərhələlərində Rusiyaya güvənənlər bu və ya digər şəkildə yanıldıqlarını görüblər. Bu baxımdan Xəzəryanı ölkələrin ayrıca Şurasının yaradılması və baş qərargahın Həştərxanda yerləşdirilməsi faktiki olaraq Moskvanın Xəzərlə bağlı bütün prosesləri öz əlində cəmləmək, özünün nəzarətində olan bir katiblik vasitəsi ilə idarə etmək cəhdidir. Ona görə də rəsmi Bakı bu məsələdə ehtiyatı əldən verməməlidir. Əgər belə bir təşəbbüs irəli sürüləcəksə, Azərbaycan Türkmənistan və Qazaxıstanla öz addımlarını koordinasiya etməlidir. Rusiyanın ənənəvi təcavüzkar ritorikasının qarşısı alınmalıdır. Təbii ki, Rusiyanın təşəbbüsü birmənalı rədd edilməyə bilər. Moskvanın yeni strukturda daha çox söz sahibi olmasını əngəlləmək mümkün olarsa, qorxulu məsələ olmaz. Xəzər dənizi qapalı göldür və 5 dövlət bu və ya digər şəkildə bu nəhəng göldə sahiblik haqqına malikdir. Heç bir ölkəni buradan sıxışdırıb çıxartmaq olmaz. Bütün Xəzəryanı ölkələr öz fəaliyyətlərini koordinə etmək məcburiyyətindədir. O baxımdan belə bir Şuranın qurulması məntiqli görünə bilər. Lakin yenə qeyd edirəm, Rusiyanın məqsədi bölgədə kimin ağa olduğunu göstərməkdir”.

A.Həsrətin qənaətincə, Türk Dövlətləri Təşkilatının qurulması və ötən gün Aşqabadda İƏT-in XV Zirvə görüşünün keçirilməsi Rusiyanı bölgədə daha fəal hərəkət etməyə sövq edir:

“Rusiya görür ki, getdikcə mövqeləri zəifləyir. Ona görə də yeni yollar ixtira etməyə çalışır ki, regionda nüfuzunu, təsir imkanlarını qoruyub saxlaya bilsin. Xəzər Şurası da bu ixtiralardan biridir. Amma Moskva nəzərə almalıdır ki, Xəzəryanı ölkələr əvvəlki dönəmlərdə olduğu kimi zəif, qapazaltı ölkələr deyil. Bu ölkələr artıq Türk Dövlətləri Təşkilatının üzvüdür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.