“Məmur, dövlət qulluqçuları haqqında müəyyən etik normalar, bəndlər var, onlar qorunmalıdır” - ÇAĞIRIŞ

2-12-2021, 10:43           
“Məmur, dövlət qulluqçuları haqqında müəyyən etik normalar, bəndlər var, onlar qorunmalıdır” - ÇAĞIRIŞ
İki gün öncə İndira Hacıyeva və Marina Vasileva gənclər və idman nazirinin müavinləri təyin olundular. Bundan az sonra Marina Vasilevanın sosial şəbəkədə erotik rəqsi yayıldı. Milliyyətcə bolqarıstanlı olan M.Vasilevanın bu rəqsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Əksəriyyət çox önəmli nazirliklərindən biri sayılan Gənclər və İdman Nazirliyində rəhbər vəzifə tutan xanımın Azərbaycan mentalitetinə uyğun olmayan şəkildə davranmasını tənqid edib. Bir qisim isə Marina Vasilyevanın çox pozitiv xanım olduğunu, bolqarıstanlı olduğu üçün bu cür rəqs etməsinin normal qarşılanmalı olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, Marina Vasileva 1974-cü il iyulun 6-da Bolqarıstanın Tırqovişte şəhərində doğulub. Bolqarıstan millisində bədii gimnastı olmuş Vasileva Veliko Tarnovo Universitetinin məzunudur. O, məşqçi kimi Sofiyanın “Levski” klubunda işə başlayıb. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən işə qəbul edilib və 2009-cu ildən etibarən bədii gimnastika millimizin baş məşqçisi işləyib.

Kulturoloq Aydınxan Əbilov mövzuya bu cür şərh bildirdi:

“Öncə qeyd edim ki, Marina Vasilevanın nazir müavini təyin edilməsi gözlənilən idi. Əlbəttə ki, yeni nazir Fərid Qayıbov əvvəl işlədiyi Gimnastika Federasiyasından müəyyən kadrları ətrafına toplayacaqdı və bunu normal qarşılamaq lazımdır. Marina xanımın hələ nazir müavini təyin olunmazdan əvvəl hansısa bir məclisdə rəqs etməsi və bu rəqsin Azərbaycan mentalitetinə nə qədər uyğun gəlib gəlməməsi ilə bağlı sosial şəbəkələrdə aparılan diskussiyaları mən də izləmişəm. Bu insanları başa düşmək mümkün deyil. Bundan əvvəl mədəniyyət nazirinin rəqsini ortaya atıb, onu xeyli hay-küyə tutmuşdular, indi də Marina xanımın.

Məlum olduğu kimi, Marina xanım bolqardır və illər öncə öz övladı ilə birgə Bolqarıstandan Azərbaycana gəlib. Uzun illər idi ki, Azərbaycan Gimnastika Federasiyasında bədii gimnastika millimizin baş məşqçisi işləyirdi. Onun rəhbərliyi altında gimnastlarımız beynəlxalq oyunlarda böyük uğurlar əldə edib. Düşünürəm ki, hazırda gənclər və idman nazirinin müavini vəzifəsində çalışan bu xanım həm Azərbaycan-Bolqarıstan, Azərbaycan-Avropa əlaqələrinin güclənməsinə, Azərbaycanın beynəlxalq federasiyalar ilə münasibətlərinin daha da genişlənməsinə səbəb olacaq, həmçinin Azərbaycanda qızlarımızın spesifik idman növlərinə cəlb edilməsinə və bu idman sahələrinin inkişafına böyük töhfə verəcək".

Kulturoloq nazir müavininin qalmaqallı rəqsini normal qarşıladığını da vurğuladı: “Onun rəqs etməsi normal haldır. Hər birimiz toylarda, müxtəlif məclislərdə bu və digər şəkildə əylənmək, ağır iş gününün stressini atmaq üçün rəqs edirik. Marina xanımın rəqsi də çox gözəl idi. Ola bilər ki, müəyyən nüanslar bizim mentalitetimizə yad görünsün, amma bu, Avropada normal qarşılanır. Üstəlik, onun rəqsini sosial səhifəsindən icazəsiz götürüb müxtəlif internet resurslarında, mediada yaymağın özü cinayət məsuliyyəti yaradır.

Beləliklə, bizə yeni təyin olunmuş nazir müavinlərinin fərdi həyatı, rəqsləri, çılğın hərəkətləri deyil, onların işi maraqlı olmalıdır. Nədənsə Azərbaycan cəmiyyəti heç maraqlanmır ki, Gənclər və İdman Nazirliyinin artıq 3-4 ildir ki, gənclər təşkilatları ilə işbirliyi yoxdur. Gənclərin formalaşması, gənclik siyasətində görülən işlər zəifləyib. Əlbəttə ki, bundan sonra da Marina xanımın fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izləniləcək. Arzu edərdim ki, yeni təyin olunan nazir müavinləri yaşadıqları ölkənin mental dəyərlərini gözləsinlər. Çünki Marina xanım artıq hansısa federasiyanın işçisi deyil, o, indi Azərbaycan dövlətini təmsil edən bir məmurdur. Məlum olduğu kimi, məmur, dövlət qulluqçuları haqqında müəyyən etik normalar, bəndlər var, onlar qorunmalıdır. İnanıram ki, bundan sonra artıq o cür çılğın rəqslər olmayacaq".

AĞ Partiya sədri Tural Abbaslı isə əcnəbi əsilli, Azərbaycan mentalitetini bilməyən bir şəxsin Gənclər və idman Nazirliyi kimi ciddi bir qurumda məsul vəzifəyə gətirilməsini doğru hesab etmədiyini bildirdi:

“Rəqsi qoyaq bir kənara, əgər həmin şəxs Azərbaycan adətlərini, ənənələrini, mentalitetini, gənclərimizin xarakterini, xüsusiyyətlərini bilmirsə, onlarla necə işləyə bilər? Marina Vasilyeva Azərbaycan cəmiyyətinə yad insandır. Ola bilsin ki, o, Avropanı bilir, amma unutmayaq ki, biz Şərq ölkəsiyik. Bu baxımdan onun təyinatını uğurlu hesab etmirəm. Əlbəttə ki, o cür rəqs etməsini onun ailəsi bilər, amma həmin video dostları tərəfindən çəkilmişdisə də sosial şəbəkələrə çıxmamalı idi”.

Tural Abbaslı digər nazir müavininin də təyinatını uğurlu hesab etmədiyini dedi:

“Eləcə də İndira Hacıyevanın da təyinatını uğurlu hesab etmirəm. 60 yaşdan yuxarı olan bir xanımı Gənclər və İdman Nazirliyinə təyin etmək hansı kriteriyalar əsasında müəyyən olunub, anlamaq olmur. Düşünürəm ki, həmin vəzifəyə daha gənc, Azərbaycanı yaxşı bilən, Azərbaycan mühitində böyümüş şəxslərdən kimisə qoymaq lazım idi. Çünki Azərbaycan gəncləri ilə işləyəcək”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.