2,2 milyard manatlıq kəsir necə qapanacaq? - HƏQİQƏTƏN DƏ...

6-12-2021, 17:41           
2,2 milyard manatlıq kəsir necə qapanacaq? - HƏQİQƏTƏN DƏ...
Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 32,4 % çox - 10 milyard 589,7 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 4,4 % çox - 12 milyard 789,7 milyon manat olacağı gözlənilir.

Bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir. Sənəddə deyilir ki, 2022-ci ildə ARDNF-in gəlirlərinin 8 milyard 579 milyon manatını və yaxud 81 %-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Bu, 2021-ci ilin proqnozuna nisbətən 33,2 % çoxdur. Bundan başqa, Fond trazitdən 23,3 milyon manat (6,2 % çox), bonus ödənişlərindən 765,3 milyon manat (1,4 % az), vəsaitinin idarə olunmasından isə 1 milyard 216,8 milyon manat (60,2 % çox) gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin isə 12 milyard 710 milyon manatını və yaxud 99,4 %-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bu, bu ilin proqnozuna nisbətən 4,2% çoxdur. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 27,8 milyon manat (35,6 % çox), "Ölkə vətəndaşlarının xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı"na 17,9 milyon manat (bu il olmayıb), idarə edilməsinə isə 34 milyon manat (17,6 % çox) xərcləyəcək. Beləliklə, 2022-ci ildə ARDNF-in büdcəsində 2,2 milyard manat kəsir yaranacaq.

Bu, 2021-ci ilin proqnozu ilə eynidir. Rəydə deyilir ki, Fondun gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ilə nisbətən 1,5 milyon barel az nəzərdə tutulması və xam neftin satış qiymətinin 50 ABŞ dolları məbləğində müəyyənləşməsi, eyni zamanda hasil olunan qazın satış qiymətinin artması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərməklə yanaşı, cari ildə olduğu kimi növbəti ildə də Fondun büdcəsinin kəsirlə proqnozlaşdırılmasına şərait yaradıb.

ARDNF-in büdcəsində gələn il yaranacaq 2,2 milyard manat kəsir müxtəlif səbəblərlə izah edilsə də, əslində bu istiqamətdə mövcud vəziyyət necədir və təhsil xərcləri əsasən Fondun payına düşür?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, ADNF-dən nəzərdə tutulan transfertdən təqribən 1 milyard manata yaxın əlavə vəsait götürülməsi qərara bağlandı:

“Həm gələn il işğaldan azad olunmuş torpaqların bərbası ilə bağlı 2,2 manat əlavə vəsait ayrılacaq. Həm də bəzi sosial layihələrə də əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bütün bunlar isə ADNF-dən götürülür. Çünki təəssüf ki, büdcənin maliyyələşmə mənbələrində problemlər var. Büdcənin əsas donoru ADNF-dir. Ona görə də xərclər artdıqca, o xərclərin mənbəyi üçün ADNF-dən əlavə vəsaitin götürülməsinə ehtiyac yaranır. Nəticə etibarilə də ADNF-in büdcəsində 2,2 milyard manatlıq kəsirin yaranması gözlənilir. Ancaq kəsirin bir hissəsinin qapadılması mümkündür. Əgər gələn il ADNF-yə valyuta daxil olmaları artsa, qiymətin yüksəlməsi müqabilində ola bilsin ki, kəsirin müəyyən bir hissəsini bağlasın”.

ADNF-in xərclərinin təhsilə ayrılmasına gəldikdə isə ekspert qeyd etdi ki, həmin vəsait qanunvericiliyə görə büdcədən deyil, ADNF-dən ayrılır:

“Bu, çox böyük məbləğ deyil, ancaq xaricdə təhsil proqramı məhz ADNF-dən maliyyələşir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.