Rəisinin Bakı ilə anlaşması kimlərin yuxusunu qaçırıb - İran mediası Zəngəzur dəhlizinə qarşı...

8-12-2021, 10:39           
Rəisinin Bakı ilə anlaşması kimlərin yuxusunu qaçırıb - İran mediası Zəngəzur dəhlizinə qarşı...
İranla Azərbaycan arasında son razılaşmalardan sonra hakimiyyətə yaxın medianın yenidən araqarışdırmaq niyyəti nədən xəbər verir?
İran mediası Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında noyabrın 26-da Cənubi Qafqaz regionunda tranzit yolların açılmasına dair Soçi sammiti çərçivəsində imzalanan üçtərəfli bəyanatı müzakirə edir, Zəngəzur dəhlizinə qarşı yeni kampaniya aparır.

Onlardan bəziləri Zəngəzur dəhlizini “saxta marşrut” adlandırıb və bu təklifin Tehran üçün bir sıra təhlükələr yaratdığını yazıblar. İslahatçı “Arman-i Milli” gündəlik nəşrinin məqaləsində üçtərəfli bəyanatı “İranın Qafqazdan sıxışdırılması” kimi şərh edib. Qəzet Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin siyasi, iqtisadi, təhlükəsizlik, eləcə də hərbi baxımdan İran üçün mənfi nəticələrinin olacağını iddia edib. (Bakı-xeber)

Bununla bağlı qəzet Qafqaz məsələləri üzrə baş analitik Mirqasım Momenidən müsahibə alıb. Siyasi təhlilçi bildirib ki, İran sərhədləri boyunca tikilməsi planlaşdırılan Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya hərbi qüvvələri cavabdehlik daşıyacaq. Bunu Kreml rəhbərliyinin İranla birbaşa sərhəd yaratma cəhdi kimi qiymətləndirən analitik, yeni vəziyyəti İran üçün “geosiyasi fəlakət” adlandırıb.

İranın digər islahatçı mətbuatı hesab edilən “Etimad” nəşri də Zəngəzur dəhlizi ilə bağlı məqalə dərc edib. “İran Ermənistanla sərhəddən məhrum olur?” başlığı ilə yayımlanan yazıda Qafqaz məsələləri üzrə yerli ekspert Əhməd Kazıminin fikirlərinə yer verilib. O, NATO qüvvələrinin İranın Şimal-Qərb hissəsində fəallığının artım ehtimalına diqqət çəkərək, Zəngəzur dəhlizini “Turançı dəhliz” adlandırıb.

İran qəzetləri: “İran Ermənistanla sərhəddən məhrum olur?“

Əhməd Kazımi sözügedən kommunikasiya xəttinin İranın nəqliyyat, enerji, təhlükəsizlik və etnik maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib. İranlı siyasi şərhçi təkcə rəsmi Tehranın deyil, qeyd olunan sahələrdə Moskva və Pekinin də ciddi təhlükələrlə üzləşəcəyini vurğulayıb: “Saxta Zəngəzur dəhlizi regional və beynəlxalq səviyyədə anti-İran layihəsidir”.

İranla Azərbaycan arasında son razılaşmalardan sonra hakimiyyətə yaxın medianın yenidən araqarışdırmaq niyyəti nədən xəbər verir? İran mediası bu qədər “müstəqildirmi” ki, rəsmi Tehranın barış kursuna qarşı çıxırlar? İbrahim Rəisinin Bakı ilə anlaşması kimlərin yuxularını qaçırıb?

YAP-çı deputat Hikmət Babaoğlu bütün bunların Azərbaycanın əldə etdiyi tarixi qələbədən doğduğunu qeyd etdi: “Əslində İran mediasının təftişçi və tənqidçi mövqeyi təəccüblü deyil. Çünki bir müddət əvvəl bəzi İran rəsmiləri də bənzər mövqedən çıxış edərək eyni fikirləri ifadə edirdilər. Bu, Azərbaycanın əldə etdiyi tarixi Zəfərin nə qədər böyük olduğunun göstəricisidir. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı siyasi ritorikanın ayrı-ayrı rəsmilər səviyyəsindən media səviyyəsinə endirilməsi də Azərbaycanın yaratdığı yeni reallığın tədricən qəbul edilməsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, ənənəvi münasibətlərdə hər bir yenilik özlüyündə asanlıqla qəbul edilmir. Əgər söhbət yüz illik regional tarazlığın yeni geostrateji əsaslarda tamamilə yenidən formalaşdırılmasından gedirsə, deməli, bu gerçəkliyin dərk edilməsi və yeni reallığa adaptasiyası müəyyən vaxt tələb edəcək. Ancaq elə bir mərhələdən keçirik ki, tarixi hadisələr çox sürətlə və dinamik bir şəkildə inkişaf edir. Belə olduqda yalnız rasional və praqmatik qərar qəbul edənlər bu tarixi proseslə ayaqlaşmağı bacaracaq. Bacarmayanlar isə zaman qatarından geridə qalacaqlar. Ona görə də Aşqabad görüşündə İranın ali rəhbərliyi realist qiymətləndirmə apararaq düzgün qərar qəbul etməyi bacardı. Türkmənistan-İran-Azərbaycan üçbucağında hər üç ölkənin strateji maraqları istiqamətində mühüm addım atılaraq tranzit qaz anlaşması imzalandı. Əslində bu razılaşma İran üçün digər iki ölkədən daha vacib əhəmiyyət daşıyır. Çünki uzun illər embarqo şərtləri içərisində yaşayan İran üçün belə bir ticarət anlaşması göydəndüşmə fürsətdir. Doğrudur, bəlkə bu razılaşma maliyyə tutumu baxımından çox da böyük deyil. Ancaq gələcək əməkdaşlıq perspektivləri baxımından olduqca strateji əhəmiyyət daşıyır. Elə Zəngəzur dəhlizinin açılması da İran üçün əlverişli kommunikasiya və mübadilə imkanları vəd edir. Buna etiraz edənlər regional proseslərə siyasi realizm və İranın milli maraqları nöqteyi-nəzərdən yox, dar ”şovinizm eynəyi"ndən baxanlardır. Onlar üçün yüz il əvvəl yaradılan süni dövlət Ermənistanın İran və Azərbaycan ərazisində mövcud olan vahid etnosiyasi məkanı bölməsi “təhlükəsizlik” körpüsü kimi qəbul edilir. Onlar hesab edirlər ki, Zəngəzur dəhlizinin açılması ilə bu “təhlükəsizlik kəməri” yox olacaq. Ancaq bu tamamilə yanlışdır. Çünki iki dost və qonşu ölkə həmişə tarixdən gələn ortaq dəyərləri və maraqları dostcasına bölüşməyi bacarıb. Elə Aşqabadda imzalanan anlaşma da yeni tarixi mərhələdə İki ölkənin tarixi ənənələrə sadiq qalma bacarığının göstəricisidir. Ona görə də rəsmi İran bu münasibətlərə zərbə vuran medianın ictimai rəyi yanlış əsaslarda formalaşdırmasına izn verməməlidir. Əks təqdirdə, bir qədər sonra yenə rəsmilər səviyyəsində bəyanat verməli olacaq ki, biz iki dost ölkə olaraq media vasitəsilə danışmamalıyıq".

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli cənub qonşumuzun əsl niyyətlərinə toxundu: “Aşqabad sammitində əslində Rəisi razılaşmışdı, yəni Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə. Bilirsiniz ki, İranın qonşu ölkələrlə bağlı siyasəti illərə dayanır, tarixə söykənir. Onlar hesab edirlər ki, Rusiyanın bölgəyə gəlişi ilə Zəngəzur dəhlizi rusların nəzarətinə keçəcək. Dönüb Qacarlarla Çarın savaşına baxırlar və məsələyə bu kontekstdən yanaşırlar. Amma bunlar həlledici deyil. Zəngəzur dəhlizi işə düşəcək və İran tərəfi də burada yer alacaq. İndiki vaxtda, sadəcə, ortaya mövqe qoymaqla göstərmək istəyir ki, pay sahibi olmaq istəyir. Bir sözlə, güzəştlərə nail olmaq niyyətindədir. İran tərəfin belə açıqlamalarını diplomatik və güzəşt əldə etmək siyasəti kimi qəbul edək. Azərbaycanla münasibətlər istənilən səviyyədə getməsə, İran tərəfi bütün sərhədləri boyu problemlərlə üzləşə bilər. Zatən cənub qonşumuz ciddi problemlərlə üz-üzədir. Bunun da üstünə Azərbaycanın əlavə olunması heç də rəsmi Tehran üçün arzuolunan ola bilməz. Burada Cənubi Azərbaycan, İsrail kimi faktorlar var. Bir də Azərbaycanın beynəlxalq nəqliyyatına kifayət qədər dəstəyin olması faktoru da mövcuddur”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov İran daxilindəki qruplardan söz açdı: “Mən müsahibələrimdə demişəm ki, İranın xarici siyasətini anlamaq üçün bu ölkə daxilindəki siyasi-ideoloji qruplaşmaları bilmək lazımdır. İranda bir qrup var ki, onlar bir az məzhəkəçi, bir az da sasaniçidir. Bir qrup da bir az praqmatik, bir az ümmətə yaxın olmaq istəyənlərdir. İndi burada bir mənzərə açılır. İran siyasi mətbəxində bizim münasibətlər baxımından daxili ixtilaf var. Kim öz layihəsini Ali Dini Liderə yaxşı təqdim edərsə, onun kamançası da çaldı. Bu iranlı ”müəllim"in Çin və Rusiya ilə bağlı arqumentləri doğru deyil. Ruslar bu gün Zəngəzura möhtacdırlar. Əgər Ukrayna ilə bağlı sıxılsalar, lap möhtac olacaqlar. Çinə isə quru yol lap çox lazımdır. İrana qaldıqda isə praqmatik yanaşsalar belə etməməlidirlər. Çünki onsuz da qatar artıq tərpənib. Ən azından qatar yolu boyunca “çay satıb”, özlərini regionda bizimlə pis etməsələr yaxşıdır".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.