Bazar maaş və təqaüd artımından daha tez xəbər tutub: - Hökumət nə edəcək?

20-12-2021, 17:25           
Bazar maaş və təqaüd artımından daha tez xəbər tutub: -
Mərkəzi Bank inflyasiya proqnozlarını yeniləyib.

Yeni proqnozlara görə, cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir. Mərkəzi Bankın açıqlamasında bildirilib ki, faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olmuşdur. Dekabrda aparılan sorğulara görə, ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Qeyd edilib ki, baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcəkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2 faiz artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötəni ilin noyabr ayına nisbətən 11,1 faiz yüksəlib. Bu il yanacaq və kommunal xidmətlərin qiymətlərinin artdığını nəzərə aldıqda inflyasiyanın yüksək olduğu aydın görünür. Bununla yanaşı, ölkədə ərzaq məhsullarının qiymətində də hər ay artım hiss olunur.
Gələn il inflyasiya artacağı proqnozlaşdırılıb. Gələn il üçün əmək haqları və təqaüdlərin artımı haqqında ölkə başçısı sənədlər imzalayıb. Məsələn, gələn il yanvarın 1-dən təhsil işçilərinin əmək haqları 20, bəzi azsaylı təhsil işçilərinin maaşı isə 30-40 faiz artırılacaq. Bununla yanaşı, təqaüdlərdə də 7-8 faiz artım gözlənilir. İnflyasiyanın artacağı proqnozu qiymətlərin artacağından xəbər verir.

Belə olduqda, əmək haqları və təqaüdlər real artıma çevrilə biləcəkmi?

DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, inflyasiyanın azalması ilə bağlı tədbirlər görülməsə, bu maaş və təqaüd artımını insanlar real olaraq hiss edə bilməyəcəklər:

“Əslində, qiymətlərin artım tempinin maaşların və təqaüdlərin artacağı xəbərləri ilə belə sürətinin artdığının şahidi oluruq. Yəni qiymətlər bu xəbərlər fonunda daha tez artmağa başladı. Bizdə təəssüf ki, həmişə belədir. Maaşlar və təqaüdlərin artacağı xəbərinin özü qiymət artımına səbəb olur. Maaşların və təqüdlərin artması ilə paralel hökumətin əsas hədəflərindən biri gələn il üçün inflyasiya basqısını azaltmaq olmalıdır. Yəni inflyasiya azalmalıdır ki, maaş və təqaüd artımları insanlar üçün real gəlir artımına çevrilsin. Faktiki olaraq, məsələn, bu il Azərbaycanda real gəlir artımı olmadı. Nominal olaraq, cəmi 2 faizə yaxın maaş artımı oldu. Amma inflyasiyanın, xüsusilə, ərzaq inflyasiyasının 10 faizdən yüksək olduğu bir dövrdə bu nominal gəlirlər real gəlirə çevrilmədi. Əksinə, insanların real gəlirlərinin azalmasının şahidi olduq. Əgər gələn il də bunabənzər hadisə baş verəcəksə, maaş və təqaüd artımı ancaq qiymət artımını tətikləyən faktora çevrilə bilər. Ona görə də hökumət inflyasiya ilə mübarizə proqramını açıqlamalıdır. Necə ki, biz bunu qonşu ölkələrdə, Rusiya və Gürcüstanda gördük. İndi Avropa ölkələrində Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizə proqramı açıqlandı. Azərbaycan hökumətinin isə inflyasiya ilə necə mübarizə aparacağı, hansı addımlar atacağı, hökumətin bununla bağlı heç bir ipucu, mübarizə ortamı yoxdur”.

Ekspert bildirib ki, gələn il maaş və təqaüdlərin artımı özlüyündə pozitiv xəbər, doğru addımdır:

“Amma paralel olaraq inflyasiya da artsa, bunun insanlara real yansıması çox çətin olacaq”.

Hazırda ölkədə qeyd olunan inflyasiya rəqəmlərinin real olub- olmaması sualına isə ekspertin cavabı belə olub: “Bu da illərdir müzakirə mövzusudur. Təəssüf ki, Azərbaycanda statistika siyasiləşib. Hökumətin səsləndirdiyi fikirlərin statistika komitəsi tərəfindən tez-tez ifadə olunmasının şahidi oluruq. Bizdə statistik məlumatların siyasiləşməsi bir çox hallarda özünü işsizlik, yoxsulluq və inflyasiya rəqəmlərində büruzə verir. Ona görə də bu rəsmi rəqəmlər də qənaətbəxş deyil, çünki hesablama qaydaları səhvdir, inflyasiyanı doğru hesablamır və daha aşağı göstəricilər səsləndirirlər. Bunun özü də Azərbaycan üçün ciddi problemdir. Çünki iqtisadiyyatda statistika, tibbdə diaqnostikanın rolunu oynayır. Tibbdə diaqnostika doğru olmayanda necə səhv müalicə olursa, iqtisadiyyatda da statistika doğru olmayanda səhv qərarların verilməsinə səbəb olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.