"Bəli, təbrik etmişəm, amma bununla bağlı açıqlama verməyə ehtiyac görmürəm" - QALMAQAL
22-12-2021, 16:05
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl deputat Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov "Eurovision Junior"un qalibi olan erməni yeniyetməni ermənicə təbrik edib.
O, sosial şəbəkədəki təbrikində "Musiqi dünyəvidir. Təbriklər, Melena", - deyə yazıb. Onun bu təbrikinə çox sayda oxucu etiraz edib.
Sosial şəbəkə istifadəçiləri onu ermənini ermənicə təbrik etdiyinə görə qınaq atəşinə tutublar. Samir Məmmədov saytımıza açıqlamasında "Bəli, təbrik etmişəm, amma bununla bağlı açıqlama verməyə ehtiyac görmürəm. Qısa formada fikirlərim yazılıb və düşünürəm ki, xüsusi açıqlamaya ehtiyac yoxdur", - deyib.
Bu açıqlamanın ardından deputat Tural Gəncəliyev rəsmi "Facebook" hesabında köməkçisi Samirlə bir yerdə çəkdirdyi fotosunu yayımlayaraq şərhə bu sözləri əlavə edib: “Qarabağımızın işğaldan azad olunması üçün komandamızla birlikdə əzmlə çalışmışıq. Torpaqlarımızda davamlı sülhün və sabitliyin bərqərar olması üçün də daim əzmlə çalışırıq! Qarabağımızda daim sülh və firavanlıq olsun!”
Deputatın bununla öz köməkçisinin sözlərinə dəstək verdiyi deyilir. Deputatın sözügedən paylaşımı ilə bağlı tənqidlər sosial şəbəkələrdə geniş yayılır.