BƏXTİYAR HACIYEVLƏ NAZİRİ NƏ BİRLƏŞDİRİR? – “Birgə layihələr həyata keçirirdik” (VİDEO)

24-12-2021, 00:00           
BƏXTİYAR HACIYEVLƏ NAZİRİ NƏ BİRLƏŞDİRİR? –
Təhsil naziri Emin Əmrullayev qalmaqallı çıxışı ilə hələ də sosial şəbəkələrin və medianın gündəmindədir.

Dolayısı ilə məktəblərdə şagirdlərdən və valideynlərdən pul toplanmasına bəraət qazandırması naziri kəskin ictimai qınağa tuş gətirib. Tənqidçilərin əsas arqumenti budur ki, nazirin hansı məqsədlə deməsindən asılı olmayaraq, qanunsuz pul yığımına "yaşıl işıq" yandırması təhsil müəssisələrini “bazara” çevirəcək. Bu günə qədər yarımgizli olan haqq yığımı açıq forma alacaq, bu da onsuz da ciddi böhran içində olan təhsil sistemini xaosa sürükləyəcək.

Tənqidlərlə bərabər Emin Əmrullayevi ciddi cəhdlə müdafiə edənlər də var. Belələrini hətta hakimiyyətə qarşı sərt müxalifət mövqeyində dayananlar arasından da tapmaq olar. Bu da nazirin personası, yüksək dövlət vəzifəsinə təyinatından əvvəlki fəaliyyətini yenidən gündəmə gətirir.

Qeyd edək ki, Emin Əmrullayev ABŞ-ın məşhur Kolumbiya universitetinin məzunudur, uzun illər vətəndaş cəmiyyətinin fəal nümayəndələrindən biri olaraq xarici donorlarla birgə çoxsaylı layihələr həyata keçirib.

Siyasi fəal Bəxtiyar Hacıyev də Musavat.tv-yə müsahibəsində bu məqamlara toxunub, onu müsbət xarakterizə edib, nazirlə birgə fəaliyyəti ilə bağlı maraqlı məlumatlar açıqlayıb. Bu zaman aparıcı Sevinc Telmanqızı ilə mübahisə də edib. B.Hacıyevin müsahibəsinin həmin hissəsini təqdim edirik:

B.Hacıyev: ...rüşvət alan da var, verən də. Orta mətəblərdə açıq bazardı, fond pulu, süpürgə pulu, təbaşir pulu, jurnal pulu... hər şey yığırlar. Müəllimlərdən də, məktəblilərdən də, valideynlərdən də pul toplayırlar. 8 martda, başqa bayramlarda və s. Nazirin dediyi əslində daha yaxşı təklifdir ki, gəlin elə bir mexanizm quraq ki, məktəbin ehtiyacına uyğun, yaxud pul vermək istəyən şəxsin ianə verib istifadə edəcəyi şəffaf bir bir mexanizm olsun...

Aparıcı: Sizin dediyiniz model xaricdə olur, səhv etmirəmsə Emin bəy də xaricdə təhsil alıb...

B.Hacıyev: Bəli, Kolumbiya universitetində təhsil alıb..

Aparıcı: Oradakılarla bizim məktəb direktorlarını sadəcə gözünüzün qabağına gətirin. Xəz şubalı, hər sinifdən pul yığan, sinif otaqlarını icarəyə verən direktorları... Azərbaycanda yaşayırıq hamımız. Emin Əmrullayev də Marsdan gəlmədiyinə, Azərbaycan təhsil sistemini bildiyinə görə onun dediyi mexanizm mümkün deyil axı... Bunu əvəzinə "ağam mənə vur dedi" söhbəti olacaq... Nazirin "valideynlər də məktəblərin maliyyələşməsində iştirak etməlidir" sözünü əsas tutacaqlar.

B.Hacıyev: Axı, nazir deyib ki, şəffaf şəkildə olmalıdır. Əvvəla, nazirin demədiyi sözlər onun adından paylaşılıb...

Aparıcı: Məsələn, hansı?

B.Hacıyev: Məsələn, "rüşvət leqallaşdırılmalıdır" fikri. Amma onun dediyi tamamilə fərqlidir. Emin Əmrullayev təhsil sektoruna gəlməzdən əvvəl bizim bərabər bir layihəmiz vardı. ABŞ-da fəaliyyət göstərən, "Təhsil və inkişaf" adlandırlan bir təşkilatın bir neçə ölkədə layihələrini həyata keçirirdik. Emin Əmrullayev də Azərbaycandakı koordinator idi. Layihənin adı isə "Şəffaf təhsil şəbəkəsi" idi. Emin Əmrullayevin təhsil sektoruna gəlməsi də şəffaf təhsil mesajı idi...

Aparıcı: Sizdən Təhsil Nazirliyinin yaxşı sözçüsü çıxar, onu özündən də yaxşı müdafiə edirsiz...

B.Hacıyev: Yox, yox...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.