Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlir

24-12-2021, 08:00           
Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlir
Sabah Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin doğum günüdür.
Sabah Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, dünyanın bir çox ölklərinin rəhbərləri ölkə prezidentini təbrik edib, ona ən xoş arzularını çatdırıblar.
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Sizinlə ümumi dəyərlər və qarşılıqlı hörmət ruhunda əməkdaşlığa böyük əhəmiyyət verirəm. Həm dövlətlərarası, həm şəxsi münasibətlərimizin yaxınlığı Qoşulmama Hərəkatının 60 illik yubileyinin qeyd olunması ilə bağlı birgə təşkilatçılıqda bir daha təsdiqləndi. Mənə çox xoşdur ki, Siz çıxışınızda beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyinə dair məsələləri xüsusi qeyd etdiniz. Bu mənada mən Kosovonun birtərəfli qaydada elan etdiyi müstəqilliyi tanımamaqla bağlı qəti mövqeyinizə, həmçinin beynəlxalq təşkilatlarda bu məsələ ilə əlaqədar Serbiyanı dəstəklədiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Serbiya da öz növbəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir və Qarabağ probleminin tənzimlənməsini alqışlayır.
Hörmətli cənab Prezident, Azərbaycanla strateji tərəfdaşlıq Serbiya üçün böyük əhəmiyyət kəsb edir. Coğrafi məsafəyə baxmayaraq, bizim ölkələrimizi və xalqlarımızı ənənəvi dostluq və tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsi üçün böyük potensial birləşdirir. Serbiya əlaqələrin daha da möhkəmlənməsinə qəti şəkildə sadiqdir. Ona görə də ümid edirəm ki, Azərbaycan ümumi məqsədlərin reallaşmasında gələcəkdə də bizim etibarlı tərəfdaşımız olaraq qalacaqdır.
Zati-aliləri, yeni görüşlər ümidi ilə xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz”.
***
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Siz bu yubiley gününü haqlı olaraq öz xalqınızın tanınmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərə və beynəlxalq arenada nüfuzunun artırılmasına tarixi töhfə vermiş lideri kimi qarşılayırsınız.
Əminəm ki, Azərbaycan Sizin strateji kursunuzla bundan sonra da dayanıqlı inkişaf yolu ilə irəliləyəcək, güclü və firavanlaşan dövlət quruculuğu işində yeni zirvələr fəth edəcək.
Qazaxıstanda Sizin Qazaxıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndirir və iki ölkə arasında çoxillik dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq tellərinin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verirlər.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə məsul dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.
***
İordaniyanın Kralı II Abdullah Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz”.
***
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Si Cinpin bildirib ki, Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin yüksəlməsi üçün birgə səy göstərməyə hazırdır.
***
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
***
Bundan başqa, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Tatarıstan Respublikasının Prezidenti, "Rusiya-İslam dünyası" Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov, Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
***
Təbrik məktubu ünvanlayanlar sırasında MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov da var.
Məlumat üçün bildirək ki, Ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.