Paşinyan “sevgili Makronu” xanım Pekresə dəyişdi, Makron haqqbilməzliyin qisasını alacaqmı...

15-01-2022, 10:43           
Paşinyan “sevgili Makronu” xanım Pekresə dəyişdi, Makron haqqbilməzliyin qisasını alacaqmı...
Azər Həsrət: “Paşinyan da, Ermənistan dövləti də hələ də dövlət ləyaqətinin nə olduğunu dərk etmirlər”

“Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri, ilk növbədə, prezident Makrona qarşı edilən səfər idi”. Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Ölkə başçısının fikrincə, Paşinyanın Makrona yönəlik belə nankorluğu təəccüb doğurur: “Mən, sadəcə olaraq, təəccüb edirəm ki, prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək. Fransa da müharibənin nəticələrini qəbul edib və prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünki biz bir çox məsələləri prezident Makronla aydınlaşdırdıq. Hesab edirəm ki, normal münasibətlər formatına qayıtmaq üçün imkanlar var”.

Bir daha ermənilərin necə nankor olduğu ortaya çıxır. Məsələ ondadır ki, qarşıdakı seçkilərdə Makron namizədliyini verməsəydi, yaxud da Pekres Makronun təmsil olunduğu siyasi düşərgədən olsaydı, bəlkə də bunu anlamaq olardı. Ancaq fakt odur ki, Paşinyan müharibə vaxtı ermənidən çox erməni olmuş Makronun bir nömrəli rəqibinə separatçılarla görüşməyə şərait yaratdı. Aydın məsələdir ki, bu, Fransadaki erməni əsilli seçicilərin səslərinin parçalanmasına səbəb olacaq. Yəni Makrona səs verməli olan seçicilər məlum qanunsuz səfərdən sonra Pekresə stavka edəcəklər. Bu da, təbii ki, onsuz da seçilmək şansı elə də böyük olmayan Makronun ziyanına işləyəcək.

Maraqlıdır, məlum nankorluk Makronun Paşinyana olan münasibətini dəyişəcəkmi?

“Nikolun buna şərait yaratması prinsip etibari ilə onun Makrona xəyanət etməsi anlamına gəlir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Azər Həsrət hesab edir ki, bütün bunlar Paşinyanın dövlət ləyaqətinin nə olduğunu dərk etməməsini göstərir: “Əvvəla, bu cür oyunbazlıq təkcə Paşinyana yox, bütün ermənilərə xas olan bir xüsusiyyətdir. Yəni onlar bütün tərəflərlə işləyirlər ki, nəsə qoparsınlar. Bir tərəfdən Makronun ətəyindən öpürlər, o biri tərəfdən onun rəqibi olan bir şəxsin Azərbaycan ərazisinə qanunsuz səfərini təmin edirlər. Onu da qeyd edim ki, Pekresin bu cür oğru səfəri onun ləyaqətinə ciddi kölgə salır. Özünə hörmət edən namizəd suveren dövləttin ərazisinə bu cür oğru kimi girməməlidir. Paşinyanın buna şərait yaratması prinsip etibarı ilə onun Makrona xəyanət etməsi anlamına gəlir. Çünki Pekres onun başlıca rəqibidir. Makronun müharibə vaxtı ermənilər üçün necə “əldən-ayaqdan getdiyini” hamı gördü. Makronun buna necə reaksiya verəcəyini demək çətindir. Çünki Makron siyasi xarizması olmayan bir siyasi fiqurdur. Bütün bunlar onu göstərir ki, Paşinyan da, Ermənistan dövləti də hələ də dövlət ləyaqətinin nə olduğunu dərk etmirlər. Bir dövlət və ya hökumət başçısı bu cür hərəkətə yol verməməlidir. Dövlətə rəhbərlik edən şəxsin sözü, əməli onun imzasıdır. Ancaq məlum olur ki, bu kimi məsələlərin Paşinyan üçün hansısa əhəmiyyəti yoxdur. Bir tərəfdən Makronla cici-bacılıq edir, o biri tərəfdən onun rəqibinə şərait yaradır”.

Ekspert onu da əlavə etdi ki, bütün bunlar ermənilərin əsl xislətini, mahiyyətini ortaya qoyur.

Vidadi ORDAHALLI
bakixeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.