Prezidentin uğurlu ABŞ səfəri - ölkədə ciddi islahatlar başlayacaq
2-04-2016, 09:39
Mehman Əliyev: “Hökumət dəyişəcək, hətta növbədənkənar parlament seçkilərinin keçirilməsini də mümkün sayıram”
Şahin Cəfərli: “Bu səfər Azərbaycan-Qərb münasibətlərində böhran dönəmini qapatdı”
Martın 31-də Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ABŞ prezidenti Barak Obamanın adından Ağ Evdə nahar verilib. AzərTAc-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev də naharda iştirak edib.
Bunun ardınca Azərbaycan və Amerika prezidentlərinin görüş anını əks etdirən fotolar yayılıb. Müşahidəçilər hesab edir ki, prezidentin Vaşinqton səfəri və keçirdiyi görüşlər Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcıdır və səslənən mesajlar da bunu sübut edir.
Qeyd edək ki, İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə görüşdən bir gün sonra, martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenlə görüşüb. Co Bayden İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, ABŞ üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İlham Əliyev ölkəmizdə bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunduğunu diqqətə çatdırıb.
Söhbət zamanı tərəflər ölkələrimiz arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib. Keçirilən görüşlərdə demokratik inkişaf, siyasi və iqtisadi islahatlar mövzusu da müzakirə olunub. Azərbaycan prezidentinin Amerika səfərindən sonra hansı addımların atılacağı ilə bağlı müxtəlif yanaşmalar var. Diqqətçəkən isə budur ki, səslənən proqnozlarda pozitivlik daha çox çoxdur.
“Turan” agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ - Azərbaycan münasibətlərindəki buzun əriməsində daha çox islahatlara hazırlıq mərhələsi öz rolunu oynadı: “Yəni ki, Azərbaycan tərəfi islahatlara getməyə hazır olduğunu nümayiş etdirən siyasət yürütməklə həmin buzu əritdi. ABŞ illərdir ki, Azərbaycanda geniş islahatların aparılmasının vacibliyi barədə məsələ qaldırırdı və məncə, indi Azərbaycan tərəfi buna razılaşıb. Əlbəttə, bu qərara ölkədəki iqtisadi böhran da təsir edir. Amma fakt odur ki, Azərbaycan hökuməti Vaşinqtonda artıq islahatlara getməyə hazır olduğunu bildirib. Belə olan halda Vaşinqton da Azərbaycana lazım olan dəstəyi verməyə hazır olduğunu bəyan edib. Yəni tərəflər bu məsələdə bir araya gəliblər, bu, çox vacib məsələdir”.
M.Əliyev Azərbaycanda konkret atılacaq addımlar barədə də ehtimallarını bölüşdü: “Məsələn, Bayden institisional islahatlar, dəyişikliklərdən bəhs etdi. Bu isə o deməkdir ki, bütövlükdə sistemin dəyişməsindən, hüquqi, dünyəvi, demokratik dövlətin qurulmasından söhbət gedir. Burada iqtisadi islahatlar, demokratik islahatlar nəzərdə tutulub və bu proses gedəcək. Hökumətdə də dəyişikliklər olacaq. Söhbət təkcə şəxslərdən getmir, ümumiyyətlə, idarəetmədə də islahatlar aparılacaq. Yəni islahatlar bütün sahələri əhatə edəcək. Bu vəziyyət təbii ki, gələcəkdə seçkilərə də təsir edəcək. Hətta mən vaxtından qabaq parlament seçkilərinin keçirilməsini də mümkün sayıram. Bu gün yox, amma yaxın gələcəkdə bu, ola bilər”.
Bəs ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqlı olan qüvvələr yenidən revanş edə bilərmi?
M.Əliyev: “Onların buna gücü çatmaz. Çünki onlar ancaq Rusiyaya güvənə bilərlər. Mən ordan da dəstək görmürəm. Görünən budur ki, gedən proseslərə Rusiya özü ən azı müdaxilə etmir, etmək fikrində də deyil”.
Ekspert razılaşır ki, Vaşinqton görüşləri bir daha Azərbaycana verilən önəmin nümayişi oldu: “Azərbaycanın önəmi həmişə olub. Ancaq Azərbaycan bu şansdan kifayət qədər zəif istifadə edir. Mən hələ 2004-cü ildə keçirilən böyük bir toplantıda demişdim ki, Azərbaycan mövqeyinə, bütövlükdə resurslarına görə qatarın önündə gedən, lokomativ rolunu oynaya bilər. Ancaq biz indi vaqon rolunu oynayırıq. Biz bu rolu çoxdan oynaya bilərdik. Üstəlik də, hər şey bizim əlimizdədir, resurslarımız, yerləşdiyimiz coğrafi məkan, xalqımızın potensialı buna imkan verir. Bizdə insan potensialı işə salınsa, vəziyyət ciddi şəkildə dəyişər. Azərbaycanda ən böyük faciə bundan ibarətdir ki, hakimiyyət insan potensialından istifadə etmədi. Həmişə deyirəm, bütün sahələrdə su çıxan quyuları məhv etdilər, su tökülən quyuları yaratdılar. Bu faciəli vəziyyət bizi indiki böhrana gətirib çıxartdı”.
Amma M.Əliyev əmindir ki, son gəlişmələrin ardınca bu vəziyyət dəyişəcək: “Qanunların, hakimiyyətin vəziyyətə münasibətinin dəyişməsindən sonra on minlərlə oğlanlar, qızlar var ki, önə çıxacaq, yeni biznes sistemini yaradacaqlar, işləyəcəklər. Çünki bizim Rusiyada, Ukraynada, Türkiyədə, başqa ölkələrdə işləyən vətəndaşlarımız görürük ki, nələr yaradırlar. O imkanları onlara burda versələr, çox şey, özü də sürətlə dəyişəcək”.
Ekspert şübhə etmir ki, Azərbaycanda sürətli islahatlara start verilsə, ABŞ başda olmaqla, Qərb təsisatları və dövlətləri ölkəmizə ciddi maliyyə dəstəyi də verə bilər: “Bizim hökumət beynəlxalq maliyyə qurumlarından təxminən 10 milyard istəyir. Onlar da deyirlər ki, Dünya Bankı ondan istənilən 2 milyardı versə, biz də verərik. Dünya Bankı isə deyir ki, siz gedin bu islahatları aparın, vətəndaş cəmiyyəti ilə münasibət qurun, azad biznes mühiti yaradın, o halda maliyyə ayıraram. Ona görə də keçən il Dünya Bankı ilə islahatlarla bağlı çərçivə sazişi imzalanmışdı. Bax, bu, işə düşməliydi. Onun işə düşməsi üçün Azərbaycanda islahatlar başlamalıdır. Real dəyişikliklər olmayınca beynəlxalq təşkilatlar Azərbyacana dəstək verməyəcək. Amerika ilə münasibətlərin dəyişməsi də Azərbaycandakı islahatlardan keçir. İslahatlar olmasa, münasibətlər dəyişməyəcək və vəziyyət daha da pisləşəcək”.
Politoloq Şahin Cəfərli isə hesab edir ki, dövlət başçısının ABŞ-a səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşləri Azərbaycanın ehtiyatlı şəkildə qərbyönlü xarici siyasət vektoruna üstünlük verməyə başlaması kimi qiymətləndirmək olar: “Son aylara qədər Qərblə münasibətlərin soyuması fonunda Rusiyaya meyllənmiş kimi görünən Azərbaycan hakimiyyətinin öz siyasətini korreksiya etdiyini söyləmək mümkündür. Bu səfər Azərbaycan-Qərb münasibətlərində böhran dönəmini qapatdı və qarşılıqlı əlaqələrdə yeni səhifə açdı. Şübhəsiz ki, bu yeni mərhələ Azərbaycan daxilindəki proseslərə də müsbət təsir göstərməlidir. Bəlkə radikal islahatlar, kardinal dəyişikliklər olmayacaq, amma ən azı yumşalmanın baş verəcəyinə ümid etmək olar. Siyasi məhbusların azadlığa buraxılması bu istiqamətdə ilk ciddi addımdır. Bu addımın davamı kimi yeni addımların atılıb-atılmayacağını görəcəyik. Məntiqlə, tədricən və yavaş-yavaş da olsa, bunun davamı gəlməlidir, çünki əks halda, Qərblə siyasi münasibətlər yenidən dalana dirənə bilər". Ekspert hesab edir ki, hazırkı pozitiv atmosferin yenidən pozulması Azərbaycan iqtidarına lazım deyil: “Bu kontekstdə yazıçı Əkrəm Əylisliyə qarşı hüquqi təqibləri və onun barəsində cinayət işinin açılmasını anlamaq çətindir. Bu, yeni mərhələnin ruhuna uyğun deyil, hətta belə təsəvvür yaranır ki, içəridə hansısa qruplar prezidentin siyasətini sabotaj etməyə cəhd göstərir. Düşünürəm ki, ABŞ-dan qayıdan ölkə rəhbəri bu məsələyə müdaxilə edəcək”.
ABŞ-Azərbaycan münasibətlərinin Qarabağ məsələsinin ədalətli həllinə hansısa töhfə verib-verməyəcəyi də Azərbaycan vətəndaşını düşündürən əsas məsələdir. Hər halda, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanatların səslənməsi Qarabağ danışıqlarında mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə görüşdüyü gün ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının sədri Cozef Soukinin Azərbaycandan üzr istəməsi də diqqətçəkən hadisədir. C. Souki Havay ştatı Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma “DQR”ə dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə əlaqədar Memorandum imzalayaraq dərin təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan hökumətindən və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib. “Ümid edirəm ki, bizi bu vəziyyətə gətirib çıxardan xoşagəlməz halı anlayırsınız. Buna görə mən Azərbaycan hökuməti və xalqından səmimi şəkildə üzr istəyirəm”-bəyanatının ortaya çıxmasında şübhəsiz ki, Bakı-Vaşinqton münasibətlərində buzların əriməsi öz sözünü deyib. Məhz bu ərəfədə separatçı rejimlə bağlı qərarın qəbulu da səbəbsiz ola bilməzdi və şübhəsiz ki, burada Azərbaycan prezidentinin ABŞ səfərinin uğursuz alınması istəyi də olmamış deyildi. Hər halda, Azərbaycan ABŞ-dan bir daha Qarabağla bağlı dəstək ala bildi. Qeyd edək, Azərbaycan prezidenti C.Baydenlə görüşdə də Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Birləşmiş Ştatların qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirib, bu münaqişənin həll olunmasının vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı həmsədr ölkə kimi ABŞ prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirib.
Qarabağ məsələsinin həllinə fərqli kontekstdən yanaşan Mehman Əliyev bu məsələdə də islahatların əsas rol oynayacağını vurğuladı: “Qarabağ məsələsinin həlli Azərbaycanda demokratiyanın qurulmasından keçir. Demokratiya qurulmasa, Qarabağ məsələsi həll olunmayacaq. Azərbaycanda da, Ermənistanda da demokratik sistemlər qurulandan sonra biz artıq Avropa Birliyinin astanasında olanda, yəni qapını döyürük ki, ”biz hazırıq, gəlirik", bax, o prosesdə Qarabağ məsələsi də həll olunacaq. Mən məsələni belə görürəm ki, Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycanın tərkibində qalır, sadəcə olaraq, geniş muxtariyyət verilir. Əsas məsələ o olur ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə köklü dəyişiklik baş verir. Hər şey barış və əməkdaşlıqdan keçir, o da iki ölkənin Avropa Birliyinə daxil olması ərəfəsində baş verəcək".
Şahin Cəfərli isə güman edir ki, Qərblə yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də təsir edə bilər: “Biz Vaşinqtonun həll prosesinə daha yaxından cəlb olunmasına və məsələyə daha fəal müdaxilə etməsinə nail olmalıyıq. Bu gün ATƏT-in Minsk Qrupunun hər 3 həmsədrinin bərabər hüquq və vəzifələrə malik olmalarına rəğmən, sirr deyil ki, münaqişənin həlli Moskvanın inhisarındadır. Azərbaycan bu vəziyyəti dəyişdirməyə çalışmalıdır və bunun yeganə yolu ABŞ-ın nizamlanma prosesində daha fəal və təşəbbüskar şəkildə iştirakından ibarətdir. Son vaxtlar ABŞ və Rusiya arasında məhsuldar dialoq qurulub, tərəflər Suriya kimi olduqca mürəkkəb bir məsələnin həllində öz maraqlarını uzlaşdıra biliblər. ABŞ-ın əlində Rusiyaya, konkret prezident Putinə qarşı ciddi təzyiq alətlərinin olması konspiroloji nəzəriyyə yox, faktdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu dialoqda Dağlıq Qarabağ münaqişəsinin də gündəmə gəlməsinə çalışmalıdır. Yalnız bu halda mövcud ”status-kvo"nun dəyişməsinə və “buz”un əriməsinə ümid etmək olar. ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Azərbaycanın ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə etməsi önəmli və qiymətlidir. Vaşinqton bu bəyanatdan irəli gələn real siyasət yeritməyə başlayarsa, həll prosesində müsbətə doğru dəyişiklik baş verə bilər". Bununla belə, politoloq tələskən nəticələrin çıxarılmasını da düzgün saymır: “Əlbəttə ki, Azərbaycanın Qərbə doğru kəskin reveransını və birmənalı şəkildə Qərbin xeyrinə strateji seçim etməsini gözləmək doğru olmaz. Yuxarıda ”ehtiyatlı" ifadəsini təsadüfən işlətmədim. Əminəm ki, Rusiya ilə münasibətlərin pisləşməsinə yol verilməyəcək və rəsmi Bakı istər şimal qonşumuzla, istərsə də cənub qonşumuz İranla əlaqələrin pozitiv xarakterini qorumağa çalışacaq, xüsusən iqtisadi sahədə bu dövlətlərlə münasibətlərin inkişafı yönündə siyasət yeridəcək".musavat.com/