Naxçıvan harayı: Muxtar Respublikanın saxta diplomlu həkimləri

26-01-2022, 18:09           
Naxçıvan harayı:
“Sizin Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovla ulduzunuz nə qədəe barışmasa da, onun həkimlərin yetişdirilməsi üçün bir sıra işlər görməsi danılmazdır”. Teref.az xəbər verir ki, ovqat.com-un emalil adresinə Naxçıvandan göndərilən məktubda belə deyilir.

Müəlliflərin yazdığına görə, “Cənab Sədrin səhiyyəyə göstərdiyi diqqət” bu sistemdə çalışan bəzi məmurlar tərəfindən faktiki sabotaj edilir. Bəs “bu gözəl təşəbbüslər” nədən ibarətdir?

Məktub müəllifləri bu suala belə cavab verirlər:

“Məsələn, bunlardan biri gənc mütəxəssislərin əsasən Türkiyə Respublikasında təşkil olunan kurslara göndərilməsidir. Bu təşəbbüs artıq neçə illərdir davam edir. Hətta bir neçə il əvvəl uzunmüddətli ixtisaslaşma kursu üçün bir neçə həkim Türkiyəyə göndərildi. Bu həkimlərin demək olar ki, hamısı uzman adı alaraq geri döndü, bircə Zəbur Bağırovdan başqa. Və sonra nə hikmətsə həmin uzman həkimlər sıxışdırılaraq Muxtar Respublikadan qaçaq salındılar. Muxtar Respublika əhalisinin sağlamlığı üçün böyük xərclər və əziyyətlər hesabına yetişdirilən həkimlər indi başqa ölkələrdə fəaliyyət göstərirlər. Tək uzmanlıq imtahanından keçə bilməyib qayıdan Zəbur doktor isə sürətlə yüksəlməyə başladı. Hazırda o, Respublika xəstəxanasının Baş həkimi və Muxtar Respublika deputatıdır”.

Məktub müəllifləri Zəbur Bağırovun bu misli görünməmiş yüksəlişinin günahını Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzovda görürlər: “Təbii ki, Niyazi Novruzov sayəsində.

Baş həkim təyin olduqdan sonra Zəbur Bağırovun həyata keçirdiyi ilk işlərindən biri təcrübəli həkimləri şöbə müdirliyindən, sonra isə adi həkimlikdən uzaqlaşdırmaq olub. Yerlərinə isə haranı bitirməkləri belə məlum olmayan "saxta diplomlu"həkimlər gətirildi. Xəstəxananın aparıcı qüvvələri də bu dırnaqarası həkimlərdir. Hətta rəhbər şəxslərin ailə üzvlərinə belə onlar yüksək səviyyəli mütəxəssis kimi təqdim olunurlar. Yəni biz cəhənnəm, baş həkim ona bu cür etimad etmiş rəhbərliyi belə aldadır.

Xəstəxanada xadimə, tibb bacısı maaşı ilə dolanan, o maaşla uşaq böyüdən işçilərin bir neçəsi səbəbsiz yerə işdən azad olunub. Daha doğrusu, zorla ərizə yazdırılıb. Hətta bir neçə tibb bacısı oyun qurularaq tələyə salınır, işdən çıxarılmaqla hədələnir. Sonra sanki bağışlanmış kimi göstərilərək yerləri dəyişilir. Bunun səbəbi isə yüksək maaşlı, daha rahat yerlərə öz yaxın adamlarını təyin etməkdir.

Xəstəxanada 65 yaşı tamam olan işçilər avtomatik olaraq işdən azad olunur. Buna bir sözümüz yox, gənclər də işlə təmin olunmalıdlr. Lakin hal hazırda 65 yaş üstü iki təsərrüfat bacısını müqavilə ilə işdə saxlamanın mənası nədir? Şəxsi maraq, yoxsa həmin şəxslərin əvəzolunmazlıqları?

Əminik ki, hər hansı məsələyə laqeyd yanaşılsa da diplom araşdırılması məsələsi ilə rəhbərlik ciddi məşğul olacaq. Çünki hansımızın doğmalarının bu naşı həkimlərin əlinə nə vaxt düşəcəyi məlum deyil”.

Baş həkim və Niyazi doktorun qəzəbinə tuş gəlmiş keçmiş işçilərdən biri yazır: “Mənə çatacaq olan haqqımı tələb etdiyim üçün müxtəlif bəhanələrlə işdən çıxarıldım. Məni acgözlüklə günahlandıran baş həkim görəsən Türkiyədə evi, Kükü kəndində villanı, Naxçıvan şəhərində yeni tikilmiş həyət evi, bahalı maşın və torpaq sahələrini hansı düzgün yollarla qazanıb?”

Maraqlıdır ki, redaksiyamıza ünvanlanan məktublarda təkcə Naxçıvanda Respublika Xəstəxanası yox, digər səhiyyə ocaqları barədə də eyni ittihamlar irəli sürülür. Muxtar Respublikadakı Diaqnostika Mərkəzi ən çox şikayət edilənlər arasındadır. İddialara inansaq, Mərkəzin direktoru Nihat Seyidov da “saxta diplomlulara” xüsusi diqqət göstərməsi ilə həmkarından qətiyyən fərqlənmir. Hətta onun öz diplomunun da saxta olduğuna dair iddialar var.

Ümid edirik ki, Muxtar Respublika hakimiyyəti Ali Məclisin sədri Vasif Talıbovun səhiyyə siyasətinə kölgə salmağa çalışan qüvvələrin əməllərini araşdıracaq və lazımi ölçü götürəcək. Biz də Muxtar Respublikada atılan bu müsbət addımları ürəkdolusu alqışlayaraq təqdim edəcəyik.

Qeyd: Naxçıvanın didərgin salınmış uzman həkimlərinin adları dəqiqləşdirilir.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.