Rusiyadakı azərbaycanlıları nə gözləyir? - Çökən iqtisadiyyat, qıtlıq, ardı-arası kəsilməyən sanksiyalar…

26-03-2022, 11:45           
Rusiyadakı azərbaycanlıları nə gözləyir? -
Rusiya Ukrayna münaqişəsi birincinin iqtisadiyyatını dərindən sarsıdıb. Bunun hətta Sovet İttifaqının dağılmasından daha böyük hadisə və indiki sanksiyaların 1998-ci ildəki defoltdan daha dağıdıcı olduğu haqqında proqnozlar var.

Rusiyada işləyən azərbaycanlılar vətənə axın edə bilər...

Hazırda Rusiyada rəsmi olmayan statistik məlumata əsasən 2 milyon azərbaycanlı yaşayır. Məlumata görə vəziyyətlə əlaqədar daha imkanlı təbəqədən olan azərbaycanlılar sahib olduqları obyektləri satışa çıxarır. Bu halda digər qisim həmyerlilərimizin vəziyyətinin daha ağır olduğu qənaətinə gəlmək olar. Rusiyada müəyyən miqdarda gəlir əldə edib burada ailəsini saxlayan azərbaycanlılar ağır şərtlərdə məcbur qalıb vətənə dönsə bunun həm onların dolanışığına, həm də ölkə iqtisadiyyatına təsiri necə olacaq?

Bundan əlavə Azərbaycanın bölgələrindən Rusiya bazarlarına iri həcmdə meyvə-tərəvəz məhsulları ixrac olunur. Hazırki vəziyyət yerli fermerləri hansı çətinliklərlə üz-üzə qoya bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli
Ednews-a açıqlamasında bildirib ki, Rusiyada yaşayan soydaşlarımız bir müddət gözləmə mövqeyi tutacaq, çünki Azərbaycana qayıtmaq daha da problemlidir.

“Azərbaycanda da işsizlik və sosial problemlər var, inflyasiya yüksəkdir, qiymətlər artır. Ona görə onlar müəyyən dərəcədə gözləmə mövqeyi tutacaqlar ki, bəlkə bir neçə müddətdən sonra vəziyyət dəyişər və öz işlərini davam etdirə bilərlər. Amma vəziyyət getdikcə pisləşərsə təbii ki, bu azərbaycanlıların böyük bir qisminin vətənə dönməsi ilə müşahidə olunacaq. Buna Azərbaycan hər an hazır olmalıdır. Təəssüf ki, Azərbaycanda heç bir hazırlıqların olmasını söyləmək mümkün deyil. Miqrantlarla bağlı heç proqram masası da qurulmayıb, quru sərhəddə minlərlə soydaşımız ölkəyə buraxılmır. Bu Azərbaycan Konstitusiyasının pozulmasıdır. Həm gəlmək istəyən insanların ölkəyə rahat şəkildə keçməsini, həm də burada iş yerləri, sosial problemlərin həlli ilə bağlı infrastrukturun güclənməsi üçün addımların atılmasına da ehtiyac var”.

Eskpert qeyd edib ki, rus rublunun dəyərdən düşməsi ilə yanaşı, çox ciddi dalğalı və oynaq olması da bir problemdir.

“Tez-tez məzənnə dəyişikliyinə və dalğaların olmasına görə azərbaycanlı iş adamları, əsasən də aqrar sektorda çalışanlar öz məhsullarına rublla qiymət qoymaqda çətinlik çəkirlər. Məzənnə o qədər tez dəyişir və oynaqdır ki, məsələn bu gün pomidor satan azərbaycanlı fermer onu rublla neçəyə satacağına qiymət qoya bilmir. Çünki bu gün rublla satdığı qiymət dollar ifadəsində daha çox dəyərdən düşə bilər. Ona görə də Rusiyada baş verən hadisələr, rublun oynaqlığı, məzənnənin daha çox dəyərdən düşməsi ehtimalının yüksək olması Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinə mənfi təsir göstərəcək”.

N. Cəfərlinin sözlərinə görə, bu əsasən də kənd təsərrüfatı ilə məşğul olan fermerlərimizə mənfi təsir göstərəcək.

“Bu, onların qazanclarının dollar ifadəsində azalmasına səbəb ola bilər. Çünki dollara çıxış imkanları da məhduddur. Fermerlər Rusiya bazarında rublla satdığı məhsulu valyutaya çevirib ölkəyə gətirirlər. İndi fiziki şəxslərə valyuta satışı da qadağandır. Qara bazar məzənnəsi var, burada məzənnə daha oynaq və yüksəkdir. Yəni müəyyən problemlər var. Əgər Rusiya iqtisadiyyatında bu dalğa uzun müddət davam edərsə azərbaycanlı iş adamlarının ixracatına da mənfi təsir göstərəcək”.

Qeyd edək ki, müharibə Rusiya iqtisadiyyatında ilk növbədə rublun çökməsinə səbəb olub. Bu ilin sonuna qədər Rusiya milli valyutasının illik müqayisədə 100-150 faiz devalvasiyaya uğrayacağı ehtimal edilir. Beynəlxalq reytinq agentliyi “Moody's” Rusiya iqtisadiyyatının 2022-ci ildə sanksiyalar və onların nəticələrindən dolayı 7 faiz azalacağına dair proqnoz verib. Analitiklərin fikrincə, Rusiyanın ÜDM-i 2023-cü ildə də azalmağa davam edəcək. Rublun davamlı ucuzlaşması inflyasiyanın artması və həyat səviyyəsinin aşağı düşməsi kimi ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq. Vurğulanıb ki, Rusiyanın neft və qaz ixracından xarici valyutanın daxil olması sanksiyaların təsirini azalda bilər, lakin Qərbin Rusiyaya qarşı gələcək sanksiyaları “valyuta və hökumət gəlirlərinin mühüm mənbəyinə” təsir göstərəcək. Məlumata görə 2021-ci ildə Rusiyanın adambaşına düşən ÜDM-i 12 min dolları təşkil edirdisə, artıq 2022-ci ilin mart ayının əvvəlində hər bir rusiyalının payına düşən ÜDM 6 000 dollardan aşağı olub.

Gülnar Səlimova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.