Gürcüstan üçün Rusiya təhlükəsi və ya reallaşması çətin planlar: - Kreml separatçıları itirir

26-03-2022, 17:21           
Gürcüstan üçün Rusiya təhlükəsi və ya reallaşması çətin planlar: -
Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili bildirib ki, Rusiya xüsusi xidmət orqanları ölkəyə qarşı “çox böyük təxribat” hazırlayır. “Sova.news” xəbər verir ki, bunu sabiq dövlət başçısı onun sərhədi qanunsuz keçməsi ilə bağlı işə baxılan məhkəmə iclasında deyib.

“Söhbət işğal olunmuş ərazilərimizin daxilində və təmas xəttinin yaxınlığında təxribat hazırlandığı və bundan sonra Gürcüstandakı müxalifət qruplarının bu təxribata görə günahlandırılacağı plandan gedir. O zaman Rusiya hökuməti Gürcüstan hökumətindən dərhal neytrallıq elan etməsini tələb edəcək və Gürcüstan hökuməti buna hazır olacaq, eyni zamanda, Gürcüstanda müxalifətin fəaliyyətini darmadağın edəcək və praktiki olaraq neytrallaşdıracaq ki, bu, gürcü dövlətçiliyinin ləğvinə bərabər olardı”, - deyə siyasətçi əlavə edib.

Saakaşvilinin sözlərinə görə, o, gözlənilən təxribat barədə müxtəlif ölkələrin diplomatik xidmətlərindən, o cümlədən “ciddi ölkənin xüsusi xidmət orqanlarından birindən” məlumat alıb:

“Xüsusi videoçarx hazırlanıb, orada hansısa təxribatçı qrup çıxıb deyir ki, (rus hərbçiləri) Sxinvali və Abxaziyanı tərk edib, gedib onları tutacağıq. Bunu FSB hazırlayır”.

Siyasətçinin qeyd etdiyi kimi, Gürcüstanda müxalifət təşkilatı olan Vahid Milli Hərəkat Partiyasının müharibə partiyasının olması ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir. Müharibə partiyası varsa, o, hakim “Gürcü Arzusu”dur, sabiq Prezident əmindir.

“Müharibədən iyrənirəm”, - deyən Saakaşvili ölkənin müharibəyə cəlb olunma riskindən yalnız hökumət rəsmilərinin danışdığına işarə edib.

Saakaşvili bildirib ki, Rusiya Ukraynada fəlakətli şəkildə uduzur, və Moskva diqqətini başqa yerə yönəltməlidir və ən zəif halqa Gürcüstandır.

“Gürcüstan ərazisində müharibə heç bir halda olmamalıdır. Bunu ancaq düşmən istəyir” deyən Saakaşvili abxaz və osetin qardaşlarına da müraciət edərək deyib: “Orada müharibə yox, sülh, rifah, yoxsulluq və dözülməz şərait var”. Siyasətçi söz verib ki, yaxın aylarda Suxumi və Sxinvalinin Gürcüstana reinteqrasiyası prosesi mütləq başlayacaq. Amma bundan əvvəl ölkədə demokratik, azad və qərbyönlü hökümət hakimiyyətə gəlməlidir.

Saakaşvili Gürcüstanda kütləvi şəkildə mənzil alan ruslara da müraciət edib. O, onların əmlakını müsadirə edəcəyini və əldə olunan gəliri təzminat kimi Ukraynaya göndərəcəyini vəd edib.

“Bizə burada rus etnik azlığı lazım deyil! Yaxşı ki, bizdə rus azlığı yoxdur. Hər hansı bir ölkəni işğal etmək üçün həmişə ilk səbəb bu olur. İndi bizim üçün 100 minlik rus azlığı yaradıblar. Amma belə bir səbəb verməməliyik. Qoy bu ruslar turist kimi gəlsinlər. Həmin mənzillər onlardan alınacaq. Gürcüstan dövləti onları müsadirə edib auksionda satacaq, çünki bu pullar qara pullardır, Avropanın heç bir yerində belə pula heç nə almaq olmaz”, - Saakaşvili bildirib.

Saakaşvilinin müəyyən etdiyi risklərin aktuallığını necə qiymətləndirmək olar? Dia.az xəbər verir ki, AYNA-nın bu suallarını tanınmış politoloqlar cavablandırıb:

Amiran Xevtsuriani, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru:

- Təbii ki, Rusiya tərəfinin təxribat xarakterli addımlar atma ehtimalı həmişə var və burada gözlənilməz heç nə yoxdur. Xüsusilə də Kremlin Ukraynadakı hərbi kampaniyası açıq-aşkar fəlakətli olduqda: onların A planı iflasa uğradı və B planı isə ortada görünmür. Bu ssenaridə üçüncü Prezidentin bəyanatı tamamilə məntiqli görünür.

Bununla belə, bu nəzəriyyənin iki əsas cəhəti var:

1) Belə bir planı həyata keçirmək üçün Gürcüstanda Kreml üçün nə dərəcədə möhkəm dayaq tapılacaq?

2) Gürcüstan hökuməti hadisələrin bu cür inkişafına nə dərəcədə hazırdır və ölkə daxilində bu cür dağıdıcı elementləri nə qədər tez zərərsizləşdirə bilir?

Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə gəlincə, onlar çox çətin vəziyyətə düşdülər, çünki Rusiya birbaşa olaraq Suxumi və Sxinvalidəki marionet “hakimiyyətlərə” Rusiyanın hesabına “şirin həyat” dövrünün keçdiyini bəyan etdi. Onlar üçün bu, ölüm hökmünə bərabərdir, çünki özlərini qorumaq üçün müstəqil mənbəyə malik deyillər və tamamilə Moskvaya bağlıdırlar. Düşünürəm ki, onlar artıq pərdə arxasında öz gələcəklərini düşünürlər və istisna etmirəm ki, bu fikirlər arasında Gürcüstanla münasibətlərin normallaşması da yer alacaq.

Gela Vasadze, Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti:

- Fevralın 24-dən sonra hər şey mümkündür və təbii ki, heç nə məni təəccübləndirməyəcək. Digər tərəfdən, Ukrayna xalqının qəhrəmanlığı sayəsində indiki məqamda Rusiya Federasiyası elə bir zərbə alır ki, ondan nə vaxtsa sağalması mümkün deyil.

Deməli, ola bilsin ki, onların Gürcüstanla bağlı planları var idi, lakin onları reallaşdırmaq mümkün deyil. Bəli, təbii ki, cəhənnəmə gedənlər həmişə yol yoldaşları axtarır, lakin hətta bizim hökumətin belə bu səviyyəli alternativ istedada malik olmasına inanmaqda çətinlik çəkirəm. Deməli, “hər şey yaxşı olacaq, hər şey Ukrayna deyən kimi olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.