Rus oliqarxlar Azərbaycana bu halda üz tutacaqlar – Natiq Cəfərlidən ŞƏRTLƏR

30-03-2022, 12:03           
Rus oliqarxlar Azərbaycana bu halda üz tutacaqlar –
Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyaya tətbiq olunan sanksiyalardan bu ölkənin oliqarxları da nəsibini alıb. Belə ki, inkişaf etmiş ölkələrin əksəriyyətində əmlaklarına qoyulan embarqolar və investisiya imkanlarının məhdudlaşdırılması biznesmenləri alternativ iqtisadiyyatlara yönəlməyə məcbur buraxıb.

Oliqarxların ilk seçimlərdən biri isə Türkiyədir. Buna paralel olaraq Ankara rəsmiləri rusiyalı oliqarxların ölkəyə investisiya cəlb etməsinin mümkünlüyünü vurğulayıblar.

Bəs, Azərbaycan rus oliqarxlarının lövbər saldığı investisiya zonasına çevrilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli suala Türkiyə ilə müqayisəli formada cavab verib:

“Azərbaycanda investisiya mühitinin cəlbediciliyini artırmaq üçün görüləcək işlər daha çoxdur. Türkiyə isə bu istiqamətdə daha uyğun imkanlara malikdir. Bazarı, əhalisi, ərazisi daha böyükdür, investisiyaların qorunması üçün daha ciddi qanunverici bazaya malikdir. Eyni zamanda Türkiyə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür və Avropa Birliyi ilə sərbəst ticarət anlaşmasına malikdir. Bütün bu çatışmazlıqlar oliqarxların yatırımlarını Azərbaycana yönləndirilməsində müəyyən çətinliklər yaradır. Əvəzində rus iş adamlarına, Rusiya şirkətlərinə inteqarasiya və adaptasiya üçün Azərbaycan daha yaxşı variant olardı.

Ekspertin sözlərinə görə, sanksiyaların tətbiqi qısamüddətli proses deyil:

“Yəqin ki, sanksiyalar aylarla, illərlə davam edəcək. Ona görə də, Azərbaycanın şansı var ki, investisiya mühitini qaydaya salmaqla, məhkəmə hakimiyyətini normal vəziyyətə gətirməklə, investisiya mühtini yaxşılaşdıran digər zəruri addımları atmaqla (ÜTT-ə üzvlük, Aİ ilə assosiativ sazişin imzalanması) rus oliqarxlarının ölkəmizə daha çox maraq göstərməsinə şərait yaratsın”.

Natiq Cəfərli oliqarxlara tətbiq olunan sanksiyalar səbəbindən onların bizneslərini Azərbaycana daşımasının rəsmi Bakını da qadağalarla üz-üzə qoya biləcəyi ehtimallarını dəyərləndirib:

“Bu hansı şirkətlərin gəlməsindən asılıdır. Sanksiyalar bütün istehsal və xidmət sahələrini əhatə etmir. Məsələn, ikili təyinatlı məhsullar, enerji sektoru daha ciddi sanksiyalarla üzləşəcək. Amma ərzaq, farmakologiya, turizm sahələrində sanksiya o qədər də sərt deyil. Ona görə də, bu anlmada ciddi problemin yaranacağını düşünmürəm. Eyni zamanda oliqarxların da əksər hallarda adlarına böyük biznesləri olmur. Yəqin ki, hansısa biznes qurmaq istəsələr, qeydiyyatdan keçmiş başqa şirkətlər, insanların adlarından istifadə etməklə bu addımı atacaqlar. Çünki onlar özləri də yaxşı başa düşürlər ki, indiki şəraitdə dolayı sanksiyalara tab gətirə bilərlər”.
​​​​​​​

Natiq Cəfərli Azərbaycanın sanksiyalar məsələsində doğru mövqe tutduğunu da diqqətə çatdırıb.


Ekspert qeyd edib ki, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük bazarıdır və şimal qonşumuzla müəyyən sferalardan əməkdaşlığın saxlanılması faydalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.