Kreml bütün dünyaya qarşı savaş açdığının fərqindədir - ŞƏRH

30-03-2022, 15:22           
 Kreml bütün dünyaya qarşı savaş açdığının fərqindədir - ŞƏRH
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, təhlükəsizlik məsələləri də daxil olmaqla, bütün hallarda Rusiya ilə ABŞ arasında dialoqa ehtiyac var: "Danışıqların baş tutması hər iki ölkənin, eləcə də bütün dünyanın maraqlarına cavab verir. Kremllə ABŞ arasında dialoq istənilən halda lazımdır. Bu və ya digər şəkildə, gec-tez biz stabillik, təhlükəsizlik və s. məsələlər, yəni yalnız bizim müzakirə edə biləcəyimiz və etməli olduğumuz məsələlər barədə fikir mübadiləsi aparmalı olacağıq". Dia.az-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, dünyada baş verən bütün problemləri, müharibələri sonda dialoq, müzakirə və sülh həll edir:

"Rusiya Ukrayna savaşında gözləmədiyi hallarla qarşılaşıb, məğlubiyyətini anlayır. Lakin qürurunu da sındırmaq istəmir. Amma hazırda buna da məcbur olub, özü dialoq istəyir. Çünki Rusiya təkcə Ukrayna ilə yox, bütün dünya ilə müharibə aparır. Əslində bu gün Rusiyanın yanında olan azsaylı dövlətlər də daxilən onun əleyhinədir. Sadəcə, siyasi cəhətdən ya məcburdurlar, ya çəkinirlər, ya da öz maraqları naminə qismən Rusiyaya dəstək olurlar".

Politoloq vurğulayıb ki, Kreml dünyaya qarşı savaş elan etdiyinin fərqindədir:

"Eyni zamanda dünyanın başında da Avropa və Amerikanın olduğunu gözəl bilir. Məhz buna görə o, birbaşa tərəf-müqabili kimi ABŞ-ı görür. Dialoqu da onunla aparmaq istəyir. Digər tərəfdən də Ukrayna hakimiyyəti ilə danışıb, nəyəsə nail olsa, bu, onun nüfuzunu daha da sarsıdar deyə düşünür. Peskovun dediyi "bu danışıq bütün dünyanın maraqlarına cavab verir" ifadəsi də qeyd etdiklərimin açıq təsdiqidir. Bu təklifi bir növ artıq Rusiyanın məğlubiyyətini etiraf etməsi və təslim olması kimi də anlamaq olar. Ona görə ki, ABŞ və Avropanın rəsmi Moskvaya qarşı tətbiq etdiyi və ardı gələn sanksiyaları bir neçə aya Rusiyanı müəyyən mənada çökdürə bilər. Kreml indiki halda qəzəbli olduğu üçün bu cəza tədbirlərinə təslim olmasa da, zaman keçdikcə təsirini görəcək. Həmçinin bu, ölkə daxilində də ciddi narazı kütlələrinin baş qaldırmasına yol açacaq".

T.İrfan qeyd edib ki, dialoq hər bir halda vacibdir:

"Gərginliyin azalması, maraqların üzbəüz müzakirə edilməsi daha məqsədəuyğundur. Əslində artıq Qərb istəyinə müvəffəq olub. Rusiyanı çıxılmaz duruma salaraq müharibəyə çəkə bilib. Eyni zamanda bütün dünyanın nifrətini onun üzərinə cəlb etməyi bacarıb. Rusiya bu vəziyyəti dəyişməyə çalışsa da, sonda alınmadığını görüb və dialoq üçün hazır olduğunu elan edib. Ancaq onu da nəzərə almaq lazımdır ki, ABŞ və Avropa da asanlıqla dialoqa gəlməyəcək. Həmçinin istəyinə çatmadıqca kompromisə getməyəcək. Diplomatiya naminə müəyyən zahiri jestlər olsa da, Qərb illərdir hazırladığı bu oyundan qalib çıxacaq. İstər dialoq, danışıq, istərsə də savaş yolu ilə".

Müsahibimiz əlavə edib ki, Zelenski narahat şəkildə NATO-nun ona açıq kömək etməsini, hava məkanını bağlamasını və digər mühüm tələbləri irəli sürüb:

"Amma NATO Ukraynaya qoşun göndərməyəcəyini bildirib. Bəziləri bunu mənfi qarşılayıb. Onları rəsmi Kiyevi ambisiyalarına alət etməkdə, Rusiyanın qarşısında tərk etməkdə suçlayıblar. Ancaq bu, belə deyil. Hərbi alyans ABŞ, Avropa sadəcə prosesi əvvəldən elə qurub ki, əsla NATO-nun ora daxil olmasına ehtiyac yoxdur. Yəni onlar üçün sonu məlum olan senari hazır olub. Nəticədə hərbi təşkilat "əlini bulamadan" da qalib gəlir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.