"Deyəsən bu dəfə MİDA bot yazanlara tələ qurubmuş!"- Osman Gündüz

31-03-2022, 08:04           
"Deyəsən bu dəfə MİDA bot yazanlara  tələ qurubmuş!"- Osman Gündüz
Teref.az xəbər verir ki, MİDA-nın sosial evlərin 5 saniyəyə satılması xəbərinın etirazların güclənməsi fonunda onlayn mənzil satışının statistikasını açıqlamasının ardınca Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu problemlə bağlı öz fikirlərini bildirib. Osman Gündüz yazır:
"Deyəsən bu dəfə MİDA bot yazanlara tələ qurubmuş!
MİDA bu gün baş tutan onlayn mənzil satışının statistikasını açıqlayıb.
Rəqəmlərə diqqət etdikdə çox təəccübləndim.
Statistika ilə sosial mediadakı narazılıq və qeyd edilən 2-3-4-5 saniyə söhbətləri arasında KƏSKİN FƏRQLƏR var.
Statistikaya görə mənzillərin seçimi 6-cı saniyədən sonra başlanıb, daha çox 10-11-12 saniyələrdə seçilib, hətta 11 dəqiqə sonra da seçim olub.
İlk mənzil seçiminə baxış 6 -cı saniyədən sonra (6.23) başlayıb.
Bəs belə olan halda nə baş verib? Narazı olanlar bildirirdilər ki , 4-5 saniyə sonra sistemdə seçim üçün mənzil qalmayıb.
Nə üçün 4-5 saniyədə sistemə girənlər mənzil seçə bilməyiblər?
Fikrimcə burada düşündürücü məqamlar var. Güman etmək olar ki, MİDA bot, robot , müxtəlif süni metodlarla sistemə girənlər üçün qabaqcadan təhlükəsizlik mexanizmləri hazırlayıblar.
Düşünmək olar ki, MİDA-nın "Güzəştli mənzil" sisteminin təhlükəsizliyinə cavabdeh olanlar DEMO versiyanı buraxmaqla həm də oradakı statistikadan istifadə ediblər.
Yəni, DEMO-da test edənlərin zəif nöqtələrini incələyərək, DEMO-da süni üsullarla 2-5 saniyədə mənzil seçmə metodlarını analiz edərək ona qarşı real versiyada tədbirlər görüblər, DEMO dakı kodlarla əsas versiyanın kodlarını dəyişiblər.
Belə çıxır ki, MİDA DEMO-nu həm də sistemin zəif nöqtələrini analiz etmək üçün buraxıbmış.
DEMO-dan əldə edilən məlumatlar əsasında MİDA botlar üçün, necə deyərlər "tələ" hazırlayıbmış.
Əlbəttə, bu qeyd olunanlar statistikanın ilkin, ötəri analizindən sonra əldə etdiyim nəticələrdi.
Doğurdanmı bu belə olub? Doğurdanmı MİDA botlara qarşı öncədən "tələ" hazırlayıbmış. Neçə bot zərərsizləşdirilib ? Eyni İP-dən daxil olanlar çoxmu olub? Doğurdanmı sistemə normal qaydada daha tez daxil olanlar da seçim edə bilməyiblər?
Bu tip sualların daha dəqiq cavabları MİDA-da toplanıb.
Ümid edirəm, MİDA sosial mediada qeyd olunanlarla statistikadakı rəqəmlər arasındakı uyğunsuzluqları izah edən ağlabatan bir açıqlama da verəcək.
Fikrimcə bununla bağlı mətbuat konfransının keçirilməsinə, daha əhatəli məlumatların verilməsinə də ehtiyac var.
MİDA öncədən sistemin təkmilləşdirilməsi, şəffaflığın gücləndirilməsi, ağlabatan nəzarət mexanizmlərinin tətbiqi və alternativ satışla bağlı açıqlamaları cəmiyyətə təqdim etməlidir.
p.s. Bu onlayn satışdan narazı qalanların çox hissəsinin proqramçı olması da diqqət çəkən məqamdır"













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.