Qarabağa başqa sülhməramlı missiya gələcək? – “Avropa regiona daxil olur”

3-04-2022, 08:05           
Qarabağa başqa sülhməramlı missiya gələcək? –
“Düşünmürəm ki, Brüsseldə əldə olunan razılaşmalara görə bölgəyə üçüncü dövlətlərin qüvvələri yerləşdiriləcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib. O, aprelin 6-da Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşü barəsində, habelə erməni mətbuatının ortaya atdığı “Rusiya sülhməramlılarına alternativ qüvvələrin bölgəyə yerləşdirilməsi barəsində müzakirələrin aparılacağı” fikirlərinə belə münasibət bildirib:

“Bildiyiniz kimi, aprel ayında Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş ilə bağlı arıtq indidən müxtəlif iddialar var.

Lakin məlum olan budur ki, ötən il dekabrın 14-də Brüsseldə keçirilmiş görüşdə əldə olunan razılaşmaların davam etdirilməsi, eləcə də sülh gündəliyi ilə bağlı bəzi məsələlərin müzakirəsi planlaşdırılır. Eyni zamanda regiona Aİ kontekstində danışıqlar predmeti 10 noyabr bəyanatından sonra daxil olmuşdu və bu da, yeni bir mənzərəni formalaşdırır. Artıq görürük ki, Aİ yavaş-yavaş ATƏT-in Minsk qrupunun həmsədrlik institutunu əvəzləyir. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrlik formatı ləğv olmayıb, ölü də olsa, fəaliyyət göstərir, lakin Aİ daha intensiv şəkildə regiona daxil olur.

Bununla paralel olaraq həm də biz ötən il müşahidə etdik ki, Brüssel görüşü ilə bağlı anons verildikdən sonra Rusiya tərəfi dərhal hərəkətə keçdi və 26 noyabr Soçi görüşü təşkil olundu. Hazırkı durumda da Rusiyanın təmasları var və ola bilsin ki, Brüssel görüşündən öncə Rusiya tərəfinin təkidi ilə hər hansısa bir görüş həyata keçirilsin”.

İ. Hüseynov əlavə edib: “Brüssel görüşündə danışıqlarla bağlı irəli sürülən iddialardan biri də Rusiya sülhməramlılarını hansısa bir qüvvənin əvəz etməsi, eləcə də beynəlxalq sülhməramlıların regiona yerləşdirilməsidir ki, son günlər bu məsələsini Ermənistan mətbuatı diqqətə çəkir.

Təbii ki, bu məsələ, ilk növbədə, Rusiya sülhməramlılarına, Rusiyanın rəsmi mövqeyinə və Rusiya Müdafiə Nazirliyinin tutduğu hazırkı mövqeyə zidd bir yanaşmadır. Lakin sülhməramlılar 10 noyabr 2020-ci il bəyanatının icrası ilə bağlı məsələləri açıq saxlayırlar. İlk növbədə, 10 noyabr bəyanatının 4-cü maddəsi yerinə yetirilməyib. Yəni Ermənistan silahlı qüvvələrinə aid qruplaşmalar regionda qalmaqdadırlar və onların regiondan çıxarılması məsələsi açıq qalıb.

Digər yanaşma isə bəzi videogörüntülərdə sülhməramlılarla yanaşı qanunsuz erməni silahlı birləşmələrinin çox rahatlıqla bölgədə gəzmələri və buranı tərk etməmələri, eləcə də sülhməramlıların buna göz yummasıdır.

Buna görə də Emrənistan tərəfi hər hansı digər qüvvələrin regiona cəlb olunmasını tələb edirsə, bu təklifi irəli sürürsə, bu, həm Rusiya tərəfindən qəbul olunan məsələ deyil, digər tərəfdən də Qarabağdakı ermənilər hazırkı vəziyyətlə razıdırlar. Çünki bölgənin demilitarizasiyası baş verməmişdir”.

Ekspertin sözlərinə görə, eyni zamanda burada problemli tərəf sülhməramlıların mandatının müəyyən olunmaması və BMT tərəfindən Rusiya sülhməramlılarına mandatın verilməməsidir: “Azərbaycan tərəfinin də bölgədə baş verən qanunsuzluqlarla bağlı tələbi bundan ibarətdir ki, Azərbaycan və sülhməramlılar arasında hər hansı bir sənəd imzalansın.

Lakin Rusiya tərəfi, əgər bu məsələdə erməniləri də üçüncü tərəf kimi təklif edirsə, bu da, rəsmi Bakı üçün qəbulolunmazdır. Çünki sülhməramlılar Azərbaycanın suveren ərazisində, Azərbaycan yurisdiksiyasına daxil olan bölgədə yerləşdirilmişdir. Ona görə də bu məsələlər hələ də müzakirə predmetidir və bu, çox uzun zaman alacaq.

Hansısa digər kənar güclərin regiona yerləşdirilməsi isə başqa bir problemi yarada bilər. Yəni onların da regiondan çıxarılması başqa bir əngəllərə gətirib çıxara bilər. Eyni zamanda Rusiya sülhməramlıları ilə başqa qüvvələr hansı ərazilərə nəzarət edəcəklər, bu məsuliyyət bölgüsü nə cür baş verəcək, bu da, bir problemdir. İlk növbədə isə Rusiya buna razı olmayacaq”.

“Məsələnin bir digər önəmli tərəfi isə bundan ibarətdir ki, sülhməramlıların bölgədə qalması 5 ildir. Lakin indidən Rusiya tərəfindən bəzi şəxslər bildirirlər ki, bu 5 il uzanacaq və müqavilə prolonqasiya olunacaq. Bu da sülhməramlıların bölgədə daha uzun müddətə qalacağı barəsində sual yaradır.

Ona görə də bu məsələlər həm Rusiya sülhməramlıları, həm də Azərbaycan tərəfindən müzakirə olunmalıdır. Eyni zamanda mən düşünmürəm ki, Brüsseldə əldə olunan razılaşmalara görə bölgəyə üçüncü dövlətlərin qüvvələri yerləşdiriləcək. Çünki bu, bölgədə tamamilə çətin bir vəziyyət yarada bilər”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.