Azərbaycanda Rusiyadan mal alacaq qədər rubl var? - AKTUAL

4-04-2022, 16:30           
 Azərbaycanda Rusiyadan mal alacaq qədər rubl var? - AKTUAL
Rusiya təbii qazdan sonra digər məhsullar üçün də rublla ödəniş sisteminə keçməyə hazırlaşır. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

O, Rusiyaya qarşı sanksiyalar və rus qazının ixracı üçün yeni tətbiq edilən rubl ödəmə sistemi ilə bağlı qiymətləndirmələr edib. Peskov Rusiyaya qarşı tarixin ən əhatəli sanksiyalarının tətbiq olunduğunu vurğulayıb:

“Bu, beynəlxalq ödənişlərin onurğa sütunu olan dollar və avroya inamın aşınma prosesini sürətlənirdirir. Bu prosesi dayandırmaq olmaz və daha da artacaq. Bu sistemin gələcəkdə digər mal qruplarına da tətbiq olunacağından şübhəm yoxdur”.

Görünən odur ki, Rusiyanın qaz satışı üçün rublla ödəniş tələb etməsi bir müddət sonra digər məhsullara da şamil oluna bilər. Hətta Kremlin bu qərarının özlərinə dost hesab etdikləri ölkələrə da aid ola biləcəyi istisna olunmur.

Nəzərə almaq lazımdır ki, Azərbaycan da Rusiyadan çox sayda məhsul idxal edir. Maraqlıdır, Rusiyanın rublla ticarət qərarı Azərbaycana da aid ola bilər? Teref.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, iqtisadi və strateji cəhətdən Rusiyaya Azərbaycan, Azərbaycana isə Rusiya lazımdır:

“Azərbaycan dünyada siyasi mövqe nümayiş etdirərək Rusiyanın və ya Qərbin yanında olduğunu bildirə bilər. Yalnız bundan sonra rəsmi Moskvaya qarşı mövqeyi dəqiqləşəcək. Əgər Azərbaycan Qərbin yanında olduğunu elan etsə, təbii ki, Rusiya rublla ödəniş məsələsini bizə qarşı da tətbiq edəcək. Lakin ölkəmiz Rusiyanın yanında yer aldığını bəyan etsə, Rusiya və Azərbaycan arasında heç bir problem yaranmayacaq. Buna baxmayaraq, Qərbi dəstəkləmək sanksiyaya məruz qalmağa səbəb ola bilər. Ona görə də ikisindən birini seçmək üçün bütün informasiyalara malik olaraq siyasi qərar qəbul etmək lazımdır. Fikrimcə, iki pisdən birini seçməliyik”.

Ekspert qeyd edib ki, Dmitri Peskovun açıqlaması təhdid xarakteri daşıyır:

“Çünki Avropa ölkələri də hələ qazın dəyərini rublla ödəməyə razı olmayıb. Hesab edirəm ki, Azərbaycan ən pis halda rublla ödəniş etmək problemi ilə üz-üzə qala bilər. Lakin Mərkəzi Bankda xeyli sayda rubl ehtiyatımızın olduğunu da nəzərə almaq lazımdır. Bu isə Azərbaycan üçün ciddi problem yaratmayacaq. Amma Rusiya ilə ticarət dollar, avro və ya manatla ödəniş qəbul edərək, rublun rəsmi məzənnəsi ilə hesablanarsa ölkəmizin itkiləri olacaq.

Belə olacağı təqdirdə, Rusiyadan Azərbaycana gələn məhsulların qiyməti bahalaşacaq. Həmçinin, hazırda rublun elan olunan kursu real deyil. Bəlkə də, indi 1 dollar 200 rubldur, amma banklar 1dolların 80 rubl olduğunu bəyan edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.