"Başqalarının namusunu çəkən olmusan? - Elə bil Allahla müqavilə bağlayıblar"

4-04-2022, 16:41           
"Başqalarının namusunu çəkən olmusan? -
Ötən gün Bakıda gecə klubunda baş verən partlayış cəmiyyətimizdə müzakirələrə səbəb olub. Bir nəfərin öldüyü, 30-dan çox şəxsin yaralandığı hadisə insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bir qisim Ramazan ayında kluba gedənləri qınasa da, digər qisim də klubda olan şəxsləri qınayanları tənqid edib. Teref.az xəbər verir ki, məsələ ilə bağlı Ölkə.Az-a danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev cəmiyyətin bu hadisəyə münasibətinin düzgün olmadığını hesab edir. O bildirib ki, məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdır:

"Birincisi, Azərbaycan Respublikasının Konstitusiyasına görə bu ölkənin hər bir vətəndaşının istirahət etmək hüququ var. İkincisi, Azərbaycan hazırda turizm sahəsini inkişaf etdirən bir dövlətdir. Ona görə də Azərbaycanda hər cür işlər görülür ki, xarici turistlər Azərbaycana gəlsin. Xristianın, iudaistin və ya buddistin Ramazan bayramı ilə hər hansı bir əlaqəsi yoxdur. Yəni onlar islam dininə qarşı heç bir hörmətsizlik etmir. Onlar istirahət etmək istəyirlər. Ölən və yaralananlar olub. Belə bir halda insanlara hücum etmək ancaq cəhalətin bir nümunəsidir. İslam zorakılığı sevməyən bir dindir. Tənqid edənlərin çoxu nə oruc tutur, nə namaz qılır, nə də bilir ki, islam nədir. Azərbaycanda elə bir təbəqə formalaşıb ki, nə olursa olsun ancaq tənqid edirlər, hamını borclu çıxarırlar ki, onlardan ağıllısı yoxdur. Bu, düzgün yanaşma deyil. Artıq 21-ci əsrin 22-ci ilidir".

C.Nuriyevin sözlərinə görə, indiki gənclik daha müasirdir və istirahət etməyi bacarır:
"Əgər bizim gənclər hazırda gedib xaricdə təhsil alırsa, onların müasir düşüncəsi də formalaşır. Onlar istirahət etməyi bacarır. Biz bir millət kimi istirahət etməyi də bacarmırıq. Bu hadisə Azərbaycanda sahibkarlığa vurulan bir zərbədir. Yəni oradan kimlərsə çörək qazanırdı, ailəsini dolandırırdı. Belə bir şəraitdə məsələni aparıb dinə, Ramazan ayına bağlamaq düzgün deyil. Ramazan ayı olmayan vaxtlarda da istər ölkəmizdə, istərsə də başqa ölkələrdə partlayışlar olub. İran istisna olmaqla ən qatı müsəlman dövlətlərində belə bu hadisələrə belə reaksiya verilməyib. Təəssüf ki, sosial şəbəkələrdə boş adamlar çoxdur. Bunlara "TikTok uşaqları" demək lazımdır. Onlar bilmir ki, özlərini cəmiyyətə necə təqdim etsinlər. Öz aləmlərində başqalarının bədbəxtliyi onlara xoşbəxtlik gətirir. Bilirəm, kimlərsə bəyənməyəcək, amma bilsinlər ki, islamdan kifayət qədər məlumatlıyam. Oruc da tuturam, namaz da qılıram. Allahı da dərk edə bilirəm. Amma bu, mənə hüquq vermir ki, başqalarının istirahət hüququna mane olum. Dünyada 3 səmavi din var və bu dinlərdə də insan birinci yerdə durur. İnsanların bədbəxtliyindən özünə hansısa bir formada xoşbəxtlik axtaran insanlardan insanlıq yoxdur. Onlar üçün din boş şeydir. Onların içi boşdur. Bunu edənlər dini siyasətə çevirənlərdir. Elə bil ki, bunlar gedib Allahla müqavilə bağlayıblar ki, sənin adından biz danışacağıq".

Professor bədbəxt hadisə nəticəsində yaralananlara sevinənləri islam dinini öyrənməyə dəvət edib:
"Allahın kitabında bu olmayandan, peyğəmbərlər bunu deməyəndən sonra danışılanlar hamısı boş şeydir. İnsan nəyin içərisində özünü rahat hiss edirsə, onu geyinməlidir. Bir də ki gecə klubu deyəndə, bu adamar gündüz işləyir, gecə istirahət edir. Azərbaycanda 3 növbəli iş rejimi var. O adamlar savadsız-savadsız danışmasınlar. Kimsə istirahətinin 2-3 saatını buna sərf edə bilər, ona qadağa qoymaq olmaz. İnsanlar növbəli sistemlə işləyirsə, niyə gecə klubuna getməsin? "Klub" sözü bir az bizimkiləri ürküdür. Necə olur ki, restoranlar gecə işləyə bilər, klublar yox?! O yaxa cıranlar, guya islam üçün yananlar nə üçün gecə gənəl evlərə (pritonlara) gedirlər? Cahillik o qədər artıb ki, bir həyat normasına çevrilib. Kimin başı işləmirsə, savadsızdırsa, tərbiyəsizdirsə, özünü ən ağıllı adam hesab edir. İslam dinində elə bir qadağa yoxdur, kim necə istəyir elə geyinə, istədiyi yerə gedə, Allaha münasibətini istədiyi kimi göstərə bilər. Heç bir din insanları çərçivəyə salmır. Həzrəti Əli deyir ki, başqalarının həyatına qarışmaq ən böyük günahdır. Lap tutaq ki, o insanlar pis əməllərlə məşğuldur. Ondan sənə nə? Sənin anan, bacın olsa deyərəm, hə. Başqalarının namusunu çəkən olmusan? Bunlar elə qeyrətlidirsə, övladları küçədə kiməsə söz atanda, sataşanda niyə münasibət bildirmilər? Bu, artıq cahillikdir, islamı bilməməkdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.