Rusiyadan Türkiyəyə PKK təhdidi: - “Ankara Moskvadan cavab tələb etməlidir”

4-04-2022, 19:35           
Rusiyadan Türkiyəyə PKK təhdidi: -
Rusiya Türkiyəyə xəbərdarlıq edərək Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatlarının satışını dayandırmağa çağırıb.

“Türkiyənin "Bayraktar" döyüş pilotsuz uçuş aparatlarının Ukraynaya təhvil verilməsi Rusiya cəmiyyətində ağrı ilə qarşılanır”- Ankaradakı səfir Aleksey Yerxov “Aydınlıq” qəzetinə müsahibəsində belə deyib.

“Burada mənə tez-tez verilən bir suala toxunmaya bilmirəm: türk “bayraktarlarının” Ukraynaya tədarükünə münasibətimiz necədir? Yaxşı, tam səmimi olacağam: bu çatdırılmaların Rusiya cəmiyyətində nə qədər ağrılı qəbul edildiyini təsəvvür belə edə bilməzsiniz. “Biznes biznesdir” kimi izahlar başa düşülmür. Çünki sizin dronlarınız əsgərlərimizi öldürür, bunun üçün alınır”-deyən Rusiya diplomatı Türkiyəyə sətiralı şəkildə hədələyici mesaj da verib.

“Yeri gəlmişkən, xatırlayıram ki, Türkiyənin müttəfiqi olduğunu iddia edən bir ölkənin mehmetciklərin döyüşdüyü şəxslərə külli miqdarda silah ötürmək vərdişi var və bu, Ankaranın çox xoşuna gəlmir. Bu bizə nə üçün xoş gəlməlidir?”.

Səfir Yerxov bununla demək istəyib ki, ABŞ-ın öz müttəfiqi Türkiyəyə qarşı mübarizədə PKK terror təşkilatına silah satması rəsmi Ankaranı narazı saldığı kimi “Bayraktar” pualarının Ukraynaya verilməsi də Rusiyanın xoşuna gəlmir. Belə olarsa, Rusiya da PKK-ya silah sata bilər. Teref.az-ın məlumatına görə, yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə və Rusiya strateji tərəfdaş olsa da, müəyyən cəbhələrdə rəqibdir:

“Rusiya-Ukrayna müharibəsində neytral mövqe sərgiləyən Türkiyə tərəflər arasında sülhə nail olmağa çalışır. Lakin Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatlarının satması Rusiyaya qarşı yönəlməyib. Türkiyə “Bayraktar”ların Ukraynaya satışını müharibədən əvvəl həyata keçirir. Bu, hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib və ticarət məqsədilə həyata keçirilir.

Rusiya Türkiyəyə “S-400” sistemləri satdığı kimi, Yunanıstana da “S-300” zenith raket kompleksləri verib. Amma bu, Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir göstərməyib. Silah ticarətinə görə hər hansı ölkəni qınamaq olmaz. Rusiya səfiri Yerxovun açıqlamasını Türkiyəyə qarşı təhdid kimi də qiymətləndirmək olar. Hesab edirəm ki, Türkiyə bununla bağlı Rusiyadan izahat tələb etməli və lazım gələrsə, onu ölkədən qovmalıdır.

Çünki hansı ölkəyə silah satmaq qərarını Türkiyə dövləti özü qərar verir və bu onun daxili işidir. PKK isə terror təşkilatıdır və ona silah vermək terrorçuluğa dəstəkləməkdir. Türkiyə ilə ABŞ arasında narazılığın yaranması da məhz bununla bağlıdır.

Səfir Rusiyanın PKK-ya silah verəcəyinə eyham vurur. Onsuz da PKK-nın Türkiyəyə qarşı istifadə etdiyi silahların bir çoxu Rusiya tərəfindən tədarük edilir. Bu, hamıya məlum faktdır.
Hesab edirəm ki, Ankaranın Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatlarının verməsi həm də Türkiyənin geosiyasi maraqlarından irəli gəlir. Çünki Ukraynanın məğlub olması Türkiyənin Qara dəniz hövzəsində təhlükəsizliyini təhdid edə bilər. Türkiyə Ukraynaın məğlubiyyətində maraqlı deyil. Eyni zamanda, Türkiyə Rusiya ilə əlaqələrinin də normal şəkildə davam etməsinə çalışır. Bundan başqa, Ukraynaya satılan “Bayraktar”lar özəl şirkətlər tərəfindən həyata keçirilir. Buna görə rəsmi Ankara məsuliyyət daşımır.

Amma səfirin bu açıqlaması diplomatik skandaldır və təhdiddir. Ona görə də Rusiya səfirinin cavabı verilməlidir. Görünür, Kreml öz mesajını səfir vaitəsilə Ankaraya çatdırır. Bununla Rusiya PKK terror təşkilatını silahla təmin etdiyini etiraf edir. Fikrimcə, buna görə Ankara Moskvadan cavab tələb etməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.