Paşinyan öz xalqının xilaskarı olmaq şansını itirmək üzrədir - Bakının sülh modeli qəbul ediləcəkmi?

5-04-2022, 09:27           
Paşinyan öz xalqının xilaskarı olmaq şansını itirmək üzrədir -
Sabah Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında kritik görüş gözlənilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təxminən 4 aylıq fasilədən sonra (14 dekabr) tərəfləri təzədən bir araya gətirəcək. Budəfəki yüksək səviyyəli, iki və üçtərəfli formatda görüşlər Ukraynada davam edən və Avropanı da təhdid edən dağıdıcı müharibə fonunda məxsusi diqqət çəkir. Diqqətəlayiq digər nüanslar da var.

Məsələn, görüş ərəfəsi Ermənistanda Rusiyaya bağlı radikal-revanşist müxalifətin - Qarabağ klanı və onun ətrafındakı ünsürlərin, habelə “5-ci kolon”un xeyli fəallaşdığı müşahidə edilir. Bu gün - aprelin 5-də onlar İrəvanda Əliyev-Paşinyan görüşündə Avropa Birliyinin patronajlığı altında hansısa sülh sənədinin imzalanması və ya mühüm bir anlaşmanın əldə olunması əleyhinə mitinq keçirməyi planlaşdırırlar.

Lakin etirazçıların sayının ənənəvi elektoratı aşacağı ehtimalı zəifdir. Müxalifət dəfələrlə ölkədə Paşinyanın istefası tələbi ilə kütləvi aksiyalara cəhd eləsə də, bu kütləviliyə nail ola bilməyib. Çünki erməni xalqı bu qüvvələrin hakimiyyətinin ona neçəyə başa gəldiyini unutmayıb. Məhz bu səbəbə ötənilki erkən parlament seçkilərində o, kapitulyant baş nazirin partiyasını təzədən qalib və iqtidar elədi...

*****

Bununla belə, radikal müxalifətin ölkə daxilində “suyu bulandırmağa” davam edəcəyi şübhəsizdir. Çünki onlar özbaşına da deyillər - barışmaz qüvvələrin mövqeyinə Rusiya amili ilə yanaşı, xaricdəki erməni faktoru da təsir edir. Hərçənd Brüsseldə tərəflər arasında anlaşma olacaqsa, bu, elə Putinin də imzası duran 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdəki öhdəliklər əsasında olacaq. Yəni məntiqlə rəsmi Moskva Şarl Mişelin təşəbbüskarı olduğu sülh prosesinə dəstək verməkdə maraqlı olmalıdır. Əgər təbii ki, səmimidirsə.

Yeri gəlmişkən, Brüssel görüşünə sayılı günlər qalmış Rusiya lideri Putinin baş nazir Nikol Paşinyana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə göndərdiyi təbrikdə belə bir mühüm cümlə var: “2020 və 2021-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl icrası Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verir”.

Başqa sözlə, Putinin özü də anlamamış deyil ki, bu sənədlərin icrasının ləngiməsi Güney Qafqazda yeni müharibə riskinin güclənməsi deməkdir ki, bu da Rusiyaya xüsusən də onun hazırkı durumunda qətiyyən əl vermir. Demək, qalır tezliklə Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur eləmək. Baza prinsipləri çoxdan masadadır.

Rəsmi İrəvan özü də Bakının təklif elədiyi 5 bəndlik təklifin məqbul olduğunu bəyan edib. Ötən həftəsonu bunu bir daha Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla İrəvanda keçirdiyi brifinqdə deyib. Mirzoyan Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu növbəti dəfə təsdiqləyib. O zaman prosesi irəli aparmağa nə mane olur?

Əlbəttə ki, öz “ayağına güllə atan” İrəvanın başından böyük tələbləri. Bəllidir ki, Ermənistan rəhbərliyi Azərbaycanın təklifini mənasız, sülh anlaşmasını isə mümkünsüz edən “status” şərtini qoyur. Faktiki, tarixə qovuşmuş Minsk Qrupunu bu məqsədlə dövriyyəyə qaytarmağa çalışır. Artıq iki ildir mövcud olmayan köhnə status-kvodan çıxış edərək, Azərbaycan üzərinə Qarabağdakı bir ovuc ermənilərlə bağlı xüsusi, konstitusion öhdəlik qoymağa cəhdlər edir. Bu isə 10 noyabr sənədinə də, ondan sonra imzalanan 11 yanvar (2021-ci il) sənədinə də, 26 noyabr (2021) Soçi və 14 dekabr (Brüssel) bəyanatlarına da daban-dabana ziddir. Həmin anlaşmaların heç birində status söhbəti yoxdur...

*****

Belə görünür ki, Paşinyan budəfəki Brüssel görüşünə də eyni kontr-produktiv gündəmlə gedəcək. Yəni əsas məsələnin müzakirəsindən yayınmağa, 5-ci, 10-cu dərəcəli məsələləri diqqət mərkəzinə daşımağa çalışacaq. Ancaq İrəvanda unudurlar ki, Ermənistan daha diktə edən tərəf deyil. Şərtləri Bakı diktə edir. Onlar da ortada. Üstəlik, şərtlərin hamısı beynəlxalq hüququn ruhuna, hərfinə uyğun tərtib edilib. Bunu Avropa da görür və bilir.

Odur ki, Brüsseldə cavabı axtarılacaq əsas sual bu olacaq: Avropa sülh boşboğazlığı ilə məşğul olan İrəvana, nəhayət, öz yeri göstərəcəkmi? Paşinyana “Sarı vərəqə” çoxdan göstərilib, ardı da gələcəkmi - “Qırmızı vərəqə” olacaqmı? Bakının hamını qane edən sülh modeli qəbul ediləcəkmi?

İstənilən halda, Bakı sonsuzadək kapitulyant ölkənin nazı ilə oynamaq, İrəvanın “atı arabanın dalına bağlamaqla” əlavə vaxt udmaq cəhdlərinə dözüm göstərmək fikrində deyil. Mehridən keçəcək Zəngəzur dəhlizinə İran (Güney Azərbaycan) ərazisindən alternativ tapıldığı kimi, sülh anlaşmasını gecikdirməyin də altını böyük hesabla Ermənistan çəkəcək. Seçim özlərinindir. Bir şey dəqiqdir: İrəvan “qırmızı vərəqə” alsa da, oyunu uduzub, almasa da. Paşinyan isə öz xalqının xilaskarı kimi tarixə düşmək şansını itirmək üzrədir.

Bu mənada sabahkı görüş, ümumiyyətlə, liderlər arasında sonuncu ola bilər - İrəvan üçün bütün mümkün, ağır nəticələri ilə birgə. Əgər Ermənistan rəhbərliyi yenə də bizə qarşı ərazi iddiasından vaz keçməyəcəksə, onda ona mütləq bunu xatırlatmalı olacağıq: unutmayın, sizinlə sülh müqaviləsi imzalayıb tarixin səhifəsini qapatmaq istəyən hazırkı Azərbaycan Respublikası heç də 86.6 min kv km-lik Azərbaycan SSR-in yox, 114 min kv km-lik AXC-nin hüquqi-siyasi varisidir! Qarabağa iddianız qalacaqsa, bizim də ən azından İrəvana iddiamız beynəlxalq gündəmə gələcək...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.