Qarabağda yeni müharibə olacaq, əgər... - GƏLİŞMƏ

5-04-2022, 12:45           
Qarabağda yeni müharibə olacaq, əgər... - GƏLİŞMƏ
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan aprelin 3-də öz malikanəsində Qarabağdakı terrorçuların başçısı Araik Arutunyanla görüşü bir sıra suallar doğurub.

Müzakirələrin təfərrüatı barədə geniş açıqlama verilməsə də, Arutunyanın son zamanlar regionda yaranmış baş verən geosiyasi hadisələr fonunda Qarabağda yaranmış vəziyyətlə bağlı Ter-Petrosyandan məsləhət istədiyi ehtimal olunur. Eks-prezidentin köməkçisi Arman Musinyanın yaydığı məlumatda isə qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində həm Qarabağdakı qondarma hakimiyyət, həm Ermənistan hakimiyyəti, həm də müxalif qüvvələr çox ehtiyatlı ritorikaya, daxili siyasi münaqişələri qızışdırmamağa üstünlük verməlidir. Hesab olunub ki, bu, Ermənistanda və Qarabağda vəziyyətin mürəkkəb məcrada inkişaf etməməsi üçün vacibdir. Qeyd edək ki, son illər gərgin situasiyalarda erməni siyasətçilərin Ermənstan siyasətinin ağsaqqalı sayılan Levon Ter-Petrosyandan məsləhət istəməsi halları tez-tez baş verir.

Hətta vaxtilə onu hakimiyyətdən devirmiş Robert Köçəryan, Serj Sarkisyan, onların Qarabağdakı cinayət dəstəbaşıları da çətin duruma düşəndə Ter-Petrosyanın yanına məşvərətə gedir. Açıqlamadan görünür ki, Araik son vaxtlar Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə fəallaşmasından narahatdır. Ermənistan hakimiyyəti silahlı birləşmələrin çıxarılmasına dair 2020-ci il 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə də mövcud konyuktur Qarabağdakı cinayətkar rejimin mövcudluğu üçün ciddi problem yaradıb.

Baş nazir Nikol Paşinyanın özünü neytral göstərmək cəhdi və Azərbaycanla sülhə hazır olduğunu bəyan etməsi, eyni zamanda A. Arutunyanın gözləntilərinin əksinə olaraq, Rusiya sülhməramlılarının bu prosesin qarşısını almaması, hətta Azərbaycanın antiterror əməliyyatlarına başlaması ehtimalının hər gün artması görünür, qondarma qurumun rəhbərini çıxış yolu tapmaq üçün Ter-Petrosyanın yanına qaçmağa məcbur edib. Teref.az-ın məlumatına görə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı “Cümhuriyət”ə bildirib ki, sözügedən görüşün əsas səbəblərindən biri son zamanlar Araik Arutunyanla Nikol Paşinyan arasında münasibətlərin gərginləşməsidir:

“Levon Ter-Petrosyan 44 günlük müharibədən əvvəl və sonra Azərbaycanla sülh tərəfdarı olan siyasətçilərdən biri idi. O, Ermənistanın düşdüyü durumu çox açıq şəkildə görərək müharibədə məğlub olacağını bildirirdi. Çünki Ermənistan qonşularına qarşı kəskin aqressiv siyasət yürüdən bir dövlətə çevrilirdiyini görür və tənqid edirdi. Ter-Petrosyan bilirdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və Ermənistan bununla barışmalı olacaq. Hazırda da onun mövqeyinin dəyişidiyinə inanmıram. Araik də çıxılmaz vəziyyətə düşüb. O, nə istefa verib gedə, nə də davam edə bilir. Ermənistan hakimiyyəti ilə Araikin münasibəti də pisləşib. Çünki onun Ermənistandan bəzi gözləntiləri var. Amma Araik istədiklərini ala bilmir. Ona görə də Ter-Petrosyandan məsləhət alır. Artıq Qarabağın işğaldan azad olunmamış hissəsində yaşayan ermənilərin vəziyyəti qeyri-müəyyən olduğuna görə Ter-Petrosyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tərkibində onlara müəyyən hüquqular verilməsini tövsiyə edə bilər. Bu, ermənilərə Azərbaycan vətəndaşlığının verilməsi, digər milli azlıqların malik olduğu hüquqların onlara da şamil edilməsi ola bilər. Ancaq ermənilərə hər hansı statusun verilməsindən söhbət gedə bilməz. Hesab edirəm ki, Ter-Petrosyan da bu fikirdədir. Onun Araikə məsləhəti də bu ola bilər. Əks təqdirdə, Qarabağdakı cinayətkar qurum qarşıdurmaya gedərsə, bu, Qarabağda yeni müharibəyə səbəb olacaq. Nəticədə, erməni əhalisi Qarabağın işğaldan azad olunmamış hissəsini tamamilə tərk etmək məcburiyyətində qala bilər. Onu da qeyd edim ki, Ermənistanda yeni terrorçu təşkilat formalaşır. “Ever”, yəni “Qütb” adlı bu silahlı qruplaşmanın tərkibinə terrorçular, radikal mövqeli adamlar toplaşıb. Onlar mayın 9-da İrəvanda mitinq keçirməyə hazırlaşır “Qütb” terrorçularının məqsədi ilk növbədə, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Onlar Rusiyanı da qəbul etmirlər. Yəni Rusiya və Ukrayna arasında müharibənin davam etməsi Ermənistanda da gərginliyə səbəb olacaq”.

Qafar Çaxmaqlı bildirdi ki, aprelin 5-də və mayın 9-da keçiriləcək mitinqlər fonunda Ermənistanda revanişist qüvvələrin fəallaşması müşahidə edilir. Ancaq bu Qarabağdakı separaatçı rejimin mövqeyini gücləndirməyəcək:

“Mən “Qütb” təşkilatının üzvlərindən olan Hayk Hovannisyan adlı bir terrorçunun çıxışını dinlədim. O, erməni xalqının biganəliyindən gileylənir. Hovannisyan bildirir ki, xalq mövcud siyasətdən bezib, Ermənistanla Türkiyə və Azərbaycan arasında barışğın əldə olunmasını istəyir. Onlar da bunu Paşinyandan gözləyir. Ona görə də radikalların arxasınca gedənlərin sayı beç min nəfərdən artıq ola bilməz. Aksiya iştirakçılarının sayı çox deyil ki, bu, xalqın Araikə dəstəyi hesab edilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.