ATƏT sədri Minsk Qrupunu “Xəzərə atıb” getdi - HƏQİQƏTƏN DƏ...

6-04-2022, 08:57           
 ATƏT sədri Minsk Qrupunu “Xəzərə atıb” getdi - HƏQİQƏTƏN DƏ...
Ötən həftəsonu Bakıda rəsmi səfərdə olan ATƏT sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Prezident İlham Əliyevlə görüşdə Minsk Qrupu ilə bağlı Bakının “son hökmü”nü anlamış oldu.

Prezidentin diplomatla görüşdə səsləndirdiyi fikirlərdə diqqəti çəkən məqam odur ki, ölkə başçısı sülh sazişinin imzalanması məsələsində ATƏT-in Minsk Qrupuna, həmsədrlik formatına, ümumiyyətlə, heç bir münasibət bildirmədi və buna heç toxunmadı da. Bu isə çox önəmli və maraqlı gediş oldu. Çünki Azərbaycan sözügedən məsələdə ardıcıl mövqe tutaraq münaqişənin həll olunduğunu və Minsk Qrupu həmsədrliyinə ehtiyac qalmadığını bəyan edib. Ancaq Ermənistan israrla Minsk Qrupunun sülh sazişi proseslərinə cəlb olunması təşəbbüsü ilə çıxış edir.

Azərbaycan Prezidenti ATƏT sədri ilə görüşdə bu məsələyə toxunmamaqla həmsədrlərin vasitəçilik missiyasının çoxdan bitdiyini göstərdi. Prezidentin bu barədə danışmaması artıq polşalı diplomat üçün hər şey demək idi. Bəli, Bakı ATƏT-in Minsk Qrupu formatından çıxmır. Amma Azərbaycan Prezidenti Minsk Qrupu ilə bağlı təşəbbüslərə etinasız yanaşaraq, əvvəlki formatın yenidən bərpasına da imkan vermir.

ATƏT sədri Minsk Qrupunu prosesə cəlb etmək arzularını Xəzərə “atıb getdi”, amma ermənilər bəzi Qərb dövlətlərinə arxalanaraq hələ də bu istəklərini gerçəkləşdirmək istəyirlər. Brüsseldə prezidentlərin görüşündə Avropa İttifaqı rəsmisi də bu təşəbbüslə çıxış edə bilərmi? Teref.az-ın məlumatına görə, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, nəinki ATƏT-in Minsk Qrupu və onun həmsədrləri, hətta “Minsk” sözünün özü belə, Azərbaycan cəmiyyətində və hazırda bütün dünyada qıcıqla qarşılanır: “Digər tərəfdən, 44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra yaranan reallıq ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün əsas vermir. Minsk konfransının çağırılması ilə başladılan proses 2020-ci ilin noyabr ayında başa çatıb və prosesin yenidən bərpasına bu təsisatın 15 müddəalıq mandatında yer alan prinsiplərin heç biri imkan vermir. Əslində Minsk Qrupu öz ömrünü hələ işğalın davam etdiyi dönəmdə başa vurmuşdu. Qeyd edim ki, Minsk Qrupu həmsədrlərinin 15 bənddən ibarət mandatının yalnız 11-ci bəndində münaqişənin real həllinə müəyyən qədər təsir göstərə biləcək mexanizmlər yer alıb. Mandatın təsdiqləndiyi 25 il ərzində isə bu bəndin yerinə yetirilməsi istiqamətində heç bir prinsipial addım atılmayıb və hətta buna cəhd də edilməyib.

Beləliklə, ATƏT-in himayəsi altında Minsk konfransı (Minsk Qrupu) həmsədrlərinin mandatının 11-ci bəndində deyilir: “ATƏT-in fəaliyyətdə olan sədri ilə məsləhətləşmələrdən sonra Minsk prosesinin gedişi, yerlərdəki vəziyyətin bütün aspektləri, müvafiq qətnamələrin yerinə yetirilməsi, həmçinin bu məqsədlə ATƏT-lə BMT arasındakı əməkdaşlığın vəziyyəti barədə BMT Təhlükəsizlik Şurası sədrinin məlumatlandırılması;

- Zəruri olduğu təqdirdə və fəaliyyətdə olan sədrlə məsləhətləşmələrdən sonra, münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qəbul edə biləcəyi yeni qətnamələrlə bağlı mülahizə və təkliflərin BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi.

Göründüyü kimi, həmsədrlər mandatlarına uyğun olaraq, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz və tam azad edilməsi ilə bağlı müvafiq qətnamələrin yerinə yetirilməsinin vəziyyəti, işğalçının davranışları ilə bağlı BMT Təhlükəsizlik Şurasını məlumatlandırmalı, münaqişənin həllinə təsir göstərə biləcək yeni qətnamələrin qəbul edilməsi üçün BMT Təhlükəsizlik Şurasına mülahizə və təkliflərini təqdim etməliydilər.

Bu isə o deməkdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək istəməyən Ermənistanın sülhə məcbur edilməsi, işğalçıya qarşı diplomatik, maliyyə və nəhayət, hərbi sanksiyaların tətbiqi üçün Minsk Qrupunun həmsədrləri təşəbbüsdə bulunmalı, öz təkliflərini BMT Təhlükəsizlik Şurasına təqdim etməliydilər. Amma etməyiblər. Yəni Minsk Qrupunun həmsədrləri ATƏT tərəfindən onlara verilən mandatdan irəli gələn vəzifələrin icrası ilə məşğul olmayıblar, fəaliyyətsizlik göstəriblər və təbii ki, belə olduğu təqdirdə onların fəaliyyətinə hələ işğalın davam etdiyi dövrdə xitam verilməli idi".

Ekspertin sözlərinə görə, hazırda bu uğursuz təsisatın fəaliyyətinin yenidən bərpasına heç bir ehtiyac və hüquqi əsas yoxdur: “Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə keçirilən görüşlə bağlı yekun bəyanatda ATƏT-in Minsk Qrupuna istinad edilməmişdi. Eyni istinad NATO-nun Şimali Atlantika Şurasının yekun bəyanatında da yer almamışdı. Bu o deməkdir ki, dünyanın aparıcı gücləri Azərbaycanın regionda yaratdığı reallıqları və Minsk Qrupunun uğursuz fəaliyyətinin başa çatdığını qəbul edirlər. Dünyadakı mövcud reallıqlar çərçivəsində Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə ATƏT-in Minsk Qrupunun yenidən dirildilməsinə cəhd ediləcəyi inandırıcı görünmür. Bu baxımdan, Avropa İttifaqı Şurası Prezidentinin ilk növbədə Azərbaycan Prezidentinin mövqeyini, eyni zamanda regiondakı və dünyadakı reallıqları nəzərə alaraq, Minsk Qrupu mövzusundan yan keçəcəyini düşünürəm. İndiki halda Avropa İttifaqı üçün dialoq pəncərəsinin, Azərbaycanla münasibətlərin qorunub saxlanılması daha böyük əhəmiyyət kəsb edir”.

Politoloq Anar Əliyev isə bildirdi ki, 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiya sənədi imzalamsı ilə başa çatdıqdan sonra ATƏT Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və əldə olunmuş kövrək sülhün möhkəmləndirilməsi istiqamətində təşəbbüslərinin yalnız bu iki ölkə arasındakı əlaqələrə şamil edilməsi ilə bağlı təkliflərlə çıxış etdi. ATƏT-in Minsk Qrupunun uzun illər ərzində səmərəsiz fəaliyyəti nəticəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz gücünə həll etdiyini bəyan elədi. Ötən müddət ərzində Azərbaycana müxtəlif istiqamətli təzyiqlər və təzyiqlərə cəhdlər edildi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi, xüsusilə də Qarabağdakı ermənilərə hər hansı bir statusun verilməsi ilə bağlı MinskQrupu həmsədrlərinin bu prosesdə iştirakı təmin olunsun: “Buna həm Rusiyadan, həm də Qərbdən müəyyən cəhdlər edildi. Amma Azərbaycan tərəfi cənab Prezident İlham Əliyevin timsalında bir neçə dəfə qətiyyətlə Minsk Qrupu həmsədrlərinin artıq lazımsız bir quruma çevrildiyi bəyan olundu. Ermənistan bir neçə dəfə Minsk Qrupunu diriltməyə cəhd etməklə Azərbaycan qarşısında özünə əlavə güc qazanıb qalib Azərbaycandan müəyyən güzəştlərin əldə edilməsinə çalışıb. Xüsusilə də Ermənistanla Azərbaycan arasında münasibətlərin, sülh danışıqlarının tənzimlənməsini özündə birləşdirən beş bənddən ibarət təkliflərin İrəvana göndərilməsindən sonra Ermənistan tərəfinin bu təklfiləri Minsk Qrupu həmsədrlərinə yönləndirməsi onların Minsk Qrupunu prosesə qoşmağa növbəti cəhdi kimi qiymətləndirildi. Amma ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana ötən həftə səfəri zamanı Azərbaycan Prezidenti ilə görüşdə bu məsələdən, xüsusilə Minsk Qrupunun münasibətlərin tənzimlənməsi rolu ilə bağlı məsələnin üstündən sükutla keçməsi bir daha Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyini olduğunu ortaya qoymuş oldu. Və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini göstərdi”.

Ekspert hesab edir ki, ötən ilin 14 dekabrında Avropa İttifaqı Şurası sədri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüş əslində Avropa institutlarının Azərbaycan dövlətinin ATƏT Minsk Qrupu formatına münasibətinin nəticəsi idi. Avropa institutları dərk etməyə başladılar ki, Azərbaycan bir sıra formatlardan, xüsusilə də Minsk Qrupu çərçivəsində münasibətlərin müzakirəsindən birdəfəlik imtina edib və bu formata yenidən qayıdış mümkün deyil: “Münasibətlərin tənzimlənməsinin Rusiyanın dominantlığından çıxarılması və həm də Minsk Qrupuna alternativ analoqun yaradılması üçün yeni bir format ortaya atıldı, Şarl Mişel liderlərin görüşünü təklif etdi. Bu istiqamətdə 6 apreldə ediləcək ikinci cəhd də növbəti dəfə Avropa institutlarının Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində iştirakının təmin olunmasına doğru bir addım olacaq. Nəzərə alaq ki, 14 dekabr görüşməsində razılaşdırılmış bəyanatda və sonra ictimaiyyət üçün açıqlamada Azərbaycanın maraqlarına zidd ola biləcək və Azərbaycanın iradəsi əleyhinə olan heç bir ifadə və termindən istifadə edilməmişdi, hətta şifahi şəkildə belə “Dağlıq Qarabağ” termini, status məsələsi işlədilmədi. Hesab edirəm ki, 6 apreldə Avropa İttifaqının təşəbbüsü ilə liderlərin keçiriləcəyi görüşü zamanı da yenə də Azərbaycanın maraqlarına və mənafeyinə zidd ola biləcək heç bir nə bənd, nə də hər hansı bir termin istifadə olunmayacaq. Bu görüşdən istifadə edib Azərbaycan Ermənistan üzərinə beynəlxalq təzyiqlərin artırılmasına nail olmalıdır. Xüsusilə də bu günə qədər Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bir vaxt qrafikinin əldə olunması İrəvandan tələb edilməlidir. Bunun üçün Ermənistana beynəlxalq təzyiqin artırılması zərurəti yaranıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.