Bu gün Paşinyan son qərarını AÇIQLAYACAQ - Brüssel raundu yekun ola bilər

6-04-2022, 11:14           
Bu gün Paşinyan son qərarını AÇIQLAYACAQ -
"Brüssel artıq ikinci dəfədir ki, Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli müzakirələrə ev sahibliyi edir. Bundan əvvəlki görüş də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə baş tutmuşdu".

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Ermənistanın Azərbaycanın 5 maddəlik sülh təklifindən yayınmaq cəhdləri nəticə verməyəcək:

"Ümumiyyətlə, Avropa İttifaqı müharibədən sonra konstruktiv mövqeyi ilə seçilən beynəlxalq qurumlardandır. Xüsusən, Şarl Mişelin bəyanatlarında postkonflikt reallıqlarının əks olunduğunu müşahidə etmişik. Onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsində fəal mövqe tutduğunu deyə bilərik. Bütün bunları nəzərə alaraq, Brüssel danışıqlarının konstruktiv mühitdə baş tutacağını və nəticəyönümlü olacağını indidən proqnoz edə bilərik. Bizim üçün masada olan əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır.

Bu yaxınlarda sülh quruculuğu prosesinin sürətlənməsi üçün 5 maddədən ibarət təkliflər paketimizi də irəli sürmüşük. Təəssüf ki, Ermənistan hələ də spekulyativ bəyanatlar verməklə Azərbaycanın təkliflərindən yan keçməyə çalışır. Amma cənab Prezidentimizin də ifadə etdiyi kimi, həmin təkliflərdə biz hansısa bir velosiped ixtira etməmişik. Həmin təkliflər beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurulub. İstənilən ölkələr arasında münasibətlər bu təməl prinsiplər üzərində qurulur. Ona görə də Ermənistanın manevr imkanları demək olar ki, yoxdur.

Brüsseldə Ermənistanın həmin təkliflərdən yayınmaq cəhdləri nəticə verməyəcək. Bu mənada, bugünkü danışıqlarda müsbət irəliləyişlərin olacağını düşünürəm. Danışıqların Brüssel raundunun özünəməxsus və faydalı tərəfi həm də odur ki, burada Azərbaycan və Ermənistan liderləri təkbətək görüşüb məsələləri müzakirə etmək imkanı da qazanırlar. Hesab edirəm ki, bu da çox önəmli nüansdır".

Təhməz Əsədov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.