Baydenin Cənubi Qafqaza yeni həmləsi... - GƏLİŞMƏ

7-04-2022, 08:57           
Baydenin Cənubi Qafqaza yeni həmləsi... - GƏLİŞMƏ
“ABŞ Dövlət katibi son bir ayda ikinci dəfə Azərbaycan və Ermənistan liderlərinə zəng etdi. Hesab edirəm ki, Azərbaycanın Fərrux əməliyyatı və qanunsuz silahlı erməni birləşmələrinin bölgədən çıxarılması tələblərində sərtləşməsi Avropa İttifaqı və ABŞ-ın iki ölkə arasında danışıqlar prosesini sürətləndirmək üçün hərəkətə gətirib”. Dia.az musavat.com-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert ABŞ-ın iki ölkə arasındakı vasitəçilik səylərinə də diqqət çəkib:

“Görünür, ABŞ iki ölkə arasında vasitəçi missiyasını həyata keçirməyə çalışır. Qənaətimə görə, Co Bayden administrasiyasının səyləri və ya Ağ Evdən artan telefon zəngləri iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına və Brüssel prosesinin konkret nəticələrlə sonlanmasına hesablanıb. Bu baxımdan, ABŞ-ın Ermənistana maliyyə yardımını azaltması və Qarabağdakı etnik ermənilər üçün maliyyə yardımının dayandırılmasını da Vaşinqtonun İrəvana təzyiqləri kimi xarakterizə etmək olar. Çünki ayrılan vəsaitlər bölgədə separatizmin inkişafına və Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinə gətirib çıxarırdı. Bu da Rusiyanın geosiyasi maraqlarına uyğun idi.

İndiki halda isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərə maliyyə yardımının edilməsi Vaşinqtonun maraqlarına cavab vermir. Çünki buradakı separatçılar birbaşa Moskvanın təlimatına tabedirlər.

ABŞ artıq Rusiyanın regiondan geri çəkilməsi üçün Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə maraq göstərməyə başlayıb. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni geosiyasi reallıq da bunu labüd edir”.

Məhəmməd Əsədullazadə Rusiya liderinin Brüssel görüşündən əvvəl Bakı və İrəvana telefon zənglərinə də diqqət çəkib:

“Brüssel görüşündən bir neçə gün əvvəl Vladimir Putin də Azərbaycan və Ermənistan liderlərinə zəng etmişdi. Bu zəngin bu görüşlə əlaqəsinin olduğu şübhəsizdir. Görünür, Putin ABŞ və Avropa İttifaqının fəallaşmasından narahatdır. Rusiya çalışacaq ki, proses onun nəzərindən uzaqlaşmasın, bunun üçün indiyədək əldə edilmiş üçtərəfli anlaşmaların icrasının sürətləndirməyi də nəzərdən keçirə bilər.

Amma Vaşinqtonun yanaşmasının real sülhə daha yaxın olduğunu düşünürəm. Ona görə də Blinken görüşə saatlar qalmış Ermənistanın real danışıqlardan yayınmasının qarşısını almaq üçün telefon dəstəyinə əl atdı. Ermənistan növbəti dəfə prosesi pozsa, bundan sonra baş verənlər onun əleyhinə işləyəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.