ƏLAVƏ XƏRC VƏ VAXT İTKİSİ YARADAN YENİ QURUM... -

7-04-2022, 12:12           
ƏLAVƏ XƏRC VƏ VAXT İTKİSİ YARADAN YENİ QURUM... -
Hüquqşünas Azər Quliyev: “Mediasiya məcburi yox, könüllü olmalıdır...”

“Ötən müddət göstərdi ki, mediasiya qanununun bizim hüqüqa heç bir xeyri olmadı”

1 iyul 2021-ci il tarixindən qüvvəyə minən “Mediasiya haqqında” Qanuna görə tərəflərdən biri və ya hər ikisi aralarında olan mübahisənin məhkəməyə getməməsi üçün mediasiya vasitəsi ilə həll edə bilərlər. Bu qanunun qəbul olunmasında məqsəd məhkəmələrin yükünü müəyyən qədər azaltmaq idi. Müvafiq qanuna uyğun olaraq, mediasiyada ortaq məxrəcə gələ bilməyənlər, artıq bu qurumdan sənəd aldıqdan sonra məhkəməyə müraciət edə bilərlər.

Ailə münaqişələri, kommersiya məsələləri və əmək mübahisələri zamanı məhkəməyə müraciət edən tərəflər isə məcburi qaydada mediasiya prosesindən keçərək, rüsum ödəməlidirlər.

Mediasiyaya müraciət edən vətəndaşlara isə “mediator” adlandırılan şəxslər xidmət göstərir. Mediatorlar tərəflər arasında ortaq maraqların yaranmasına vasitəçilik edir və mövcud problemdən çıxış yolları təklif edirlər. Hazırda Azərbaycanda 19 bölgədə 217 mediator fəaliyyət göstərir. Onlar ərazi üzrə Bakı, Xaçmaz, Quba, Sumqayıt, Gəncə, Lənkəran, Cəbrayıl, Şirvan, Qusar, Şamaxı, Mingəçevir, Balakən, Masallı, Cəlilabad, Lerik, Astara, Ağsu, Ağdaş və Xırdalanda fəaliyyət göstərirlər. Bu mediatorların əksəriyyəti paytaxtda cəmləşdiyi üçün bölgələrdə aktiv mediatorların sayı olduqca azdır.

Məsələn, hazırda paytaxt Bakıda 145 mediator fəaliyyət göstərdiyi halda, Xaçmazda aktiv mediator tapmaq mümkün deyil. Eyni zamanda Bakıda və Gəncədə mediasiya təşkilatları olduğu halda, digər bölgələrdə belə bir imkan yoxdur. Amma gerçəklik budur ki, mediatorların ölkə üzrə qeyri-bərabər bölgüsü və zəif təşkilatlanmadan xeyli vətəndaş əziyyət çəkir. Mediatorların fəaliyyət dairəsindən uzaq olan vətəndaşlar isə məhkəməyə müraciət etmək üçün məcburdurlar ki, yaxın şəhərlərə gedərək müvafiq sənədi alsınlar. Nəticədə bu proses vətəndaşlara həm əlavə xərc, həm də vaxt itkisi yaradır. Hüquq islahatı adı ilə vətndaşlara əlavə bürokratik maneə yaradılıb.

Statistik məlumatlara əsasən, 2021-ci ildə mediatorlar tərəfindən təqribən 12 min mübahisəyə baxılıb. Onlardan 83-ü kommersiya və 62-si əmək mübahisəsi olmaqla, ümumilikdə 475 mübahisə məhkəməyə getmədən mediasiya yolu ilə həll olunub. Bu, mediasiayaya daxil olan müraciətlərin cəmi 25 faizinin müsbət nəticələndiyini göstərir. Ancaq ekspertlər bu rəqəmi də şübhəli hesab edir.

Mediasiya rüsumlarına gəlincə, bu məbləğ müxtəlif nüanslara uyğun olaraq 20-400 manat aralığında dəyişir. Kommersiya məsələlərində iddia qiyməti 500 manatadək olduqda 20 manat, 501-1000 manat aralığında olduqda 40 manat, 1001-5000 manat aralığında olduqda 60 manat, 5001-10000 manat aralığında olduqda 100 manat, 10001- 50000 manat aralığında olduqda 200 manat, 500000 manatdan çox olduqda isə 400 manat nəzərdə tutulub.

Ailə münasibətləri və əmək məsələlərindən irəli gələn mübahisələr üçün 50 manat rüsum tələb olunur. Mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği isə 10 manata qədər müəyyən olunub. Yəni bir xanımın pulu yoxdursa boşanma iddiası qaldırmağa belə cəhd edə bilmir.

Bu mövzuyla bağlı hüquqşünas Azər Quliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, 10 aydır tətbiq olunan qanuna uyğun olaraq, mediasiyaya ünvanladığımız şikayətlərin heç biri barışıqla nəticələnməyib: “Ötən il bu mövzuda Mediasiya Şurasına sorğu göndərdik. Qurumdan bizə bildirildi ki, mediasiyaya daxil olan müraciətlərin 20 faizi barışıqla nəticələnib. Hesab edirəm ki, bu qanun o vaxt effektiv olardı ki, mediasiyaya daxil olan mübahisələrin 40 faizi sülhlə nəticələnərdi. Hərçənd qurumun qeyd etdiyi 20 faiz göstəricisi də inandırıcı deyil. Düşünürəm ki, mediasiyaya daxil olan 100 müraciətin 3-ü ya da 5-i barışıqla yekunlaşır. Barışıq tərəfləri də adətən xarici şirkətlər olur. Çünki onlar məsələnin uzanmasını və işin məhkəməyə getməsini istəmirlər”.

Hüquqşünas qeyd edib ki, vətəndaşların ailə münaqişələrində, kommersiya və əmək məsələlərində məcburi qaydada mediasiyaya yönləndirilmələri düzgün deyil: “Qanunla müəyyən olunub ki, əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət edən vətəndaşlar dövlət rüsumundan azad ediliblər. Burada nəzərə alınıb ki, əmək mübahisələri zamanı işini itirən tərəf əməkhaqqı almır və bu rüsumu ödəmək imkanı yoxdur.

Amma yeni qanundan sonra həmin şəxslər məcburdurlar ki, mediasiya prosesindən keçsinlər və rüsum ödəsinlər. Bunun üçün isə vəkil tutmaq, mediasiyaya müraciət ünvanlamaq, qurumdan cavab gözləmək və s. prosedurları tamamlamaq lazımdır. Bu zaman isə vətəndaşlara əlavə xərclər yaranır və onlar süründürməçiliyə məruz qalırlar”.

A.Quliyevin sözlərində görə, analoji vəziyyət ailədaxili münaqişələrə də aiddir: “Məsələn, tərəflər boşanmaq istəmirlər. Və öz aralalarında barışığa nail olurlar. Bu zaman onların məcburi olaraq mediasiyaya getməyinə nə ehtiyac var? Və ya bunun əksi olaraq, tərəflər boşanmaq üçün mediasiyadan sənəd alırlar. Daha sonra məhkəmə tərəflər 1 ay vaxt verir. Əgər onlardan biri razı olmasa, məsələ 3 ay daha uzanır. Nəticədə ər-arvad arasında baş verən mübahisənin həll olunması üçün 4-5 ay vaxt gedir. Aydındır ki, tərəflərin niyyəti olsa, onlar bu 4-5 ay ərzində özləri də barışa bilərdilər. Bunun üçün onların mediasiyaya müraciət etmələrinə ehtiyac yoxdur. Hesab edirəm ki, Azərbaycanda mediasiya məcburi yox, könüllü olmalıdır. Əgər iki tərəfdə barışığa meyillidirsə bunun üçün xüsusi bir prosedurundan keçməyə ehtiyac yoxdur.

Bu qanun qəbul olunarkən hər rayonda mediatorların fəaliyyət göstərəcəyi nəzərdə tutulmuşdu. Amma biz görürük ki, bu məsələ də tam formalaşmayıb və kifayət qədər problemlər var. Məlumdur ki, məhkəmələr dövlət büdcəsi hesabına maliyyələşir. Sözügedən qurum isə tərəflərdən aldığı rüsumlar hesabına xərclərini qarşılmağa çalışır. Hesab edirəm ki, gələcəkdə mediasiyanın saxlanma xərcləri artacaq və dövlətdən maliyyə dəstəyi almalı olacaq. Hər halda bu müddət göstərdi ki, mediasiya qanununun bizim hüqüqa heç bir xeyri olmadı”.

Qeyd edək ki, beynəlxalq təcrübədə bu sahə daha şəffaf və əlçatan bir mühit üzərində formalaşıb. Məsələn, Avroapa ölkələrində mediasiya məcburi yox, könüllülük prinsipi üzərində hazırlanıb. Eyni zamanda bu prosedurdan keçən insanlar hər hansı rüsum da ödəmirlər.

Mediator kollektivi isə əsasən, pensiyaya çıxan köhnə hakimlər və hüquqşünaslardan ibarətdir. Azərbaycanda isə mediasiya Avropadan fərqli olaraq, məcburiyyət üzərində qurulub.

Digər tərəfdən mediatorların ixtisasıyla bağlı da problemlər var. Belə ki, Azərbaycanda hər hansı sahə də mütəxəssis olmaq, mediator kimi fəaliyyət göstərməyə imkan verir. Bu gün mediatorların əksəriyyəti vəkillərdən ibarət olsa da, onlar arasında psixoloq, politoloq və müəllimə də rast gəlmək mümkündür. Bu isə vətəndaşların keyfiyyətli xidmət almalarına mane olur. Doğrudur, sözügedən qanun cəmi 10 aydır icra olunur və bu barədə rəy bildirmək bir qədər tez ola bilər. Ancaq onu da nəzərə almalıyıq ki, mediasiya prosesi bu 10 ay ərzində vətəndaşlara əlavə xərc və vaxt itkisindən başqa müsbət heç nə vermədi...

Elvin Bəyməmmədli

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.