Ehtiyatda olan hərbi qulluqçular haqqında qanuna dəyişikliklər barədə təkliflər verildi

7-04-2022, 20:10           
Ehtiyatda olan hərbi qulluqçular haqqında qanuna dəyişikliklər barədə təkliflər verildi
Teref.az yazır ki, hüquqşünas, polkovnik-leytenant İlqar Allahverdiyev Milli Məclisə hərbi və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı təkliflərini hazırlıyıb. Təklifləri təqdim edirik:
Hörmətli hərbi və xüsusi rütbəli pensiyaçılar!
Hamımızı narahat edən məsələlərlə bağlı parlamentin müvafiq komissiyasına müracaiətimiz gündəmdədir.Ümumi olaraq problemləri bilirik və həm narazı qaldığımız problemləri, həm də hazırda qüvvədə olan qanunlara hansı dəyişiklikləri təklif etdiyimizi əks etdirən müraciətin siqnal variantını əlavə edirəm.
Xahiş edirəm tərif, şərh yazmaq xatirinə rəy yazmayaq. Kim burada yüzılanlardan əlavə hamıya aid olub problem şəklində olan məsələni görürsə konkret maddəni və ona edilə biləcək real təklifi yazsın.
---
Azərbaycan Respublikası Milli Məıclisinin
Müdafiə, təhlükəsilzik və korrupsiya ilə
mübarizə Komitəsinin sədri
cənab Ziyafət Əsgərova
Ehtiyatda və istefada olan hərbi
qulluqçular adından
MÜRACAİƏT
Hörməli Ziyafət müəllim!
Bildiyiniz kimi Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müdafiə və təhlükəsizliyinin qarantı olmaqla dövlət strukturunda çox vacib yer tuturlar.
Ölkəmiz müstəqillik qazandıqdan sonra parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin təyinatına, vəzifələrinə, hərbi qulluqçuların statusuna, hərbi xidmətkeçməyə, hərbi nizamnamələrə, hərbi qulluqçuların icbari tibbi sığortasına dair və sair məsələlərlə bağlı çoxsaylı qanunvericilik aktları qəbul edilmiş və nəticədə Silahlı Qüvvələrin hüquqi bazası yaranmışdır.
Təəssüf hissi ilə qeyd edirik ki, son illər ərzində aidiyyati dövlət orqanlarının qanunvericilik təşəbbüsündən çıxış edərək hərbi qanunvericilik aktlarına təklif etdikləri bir sıra dəyişikliklər bizim mövqeyimiz nəzərə alınmadan və iştirakımız olmadan irəli sürülmüş, müzakirə edilərək qəbul edilmiş, nəticədə bu cür dəyişikliklər həm hərbi xidmət keçən, həm də ehtiyatda və istefada olan hərbi qulluqçuların hüquqlarının kobud və total şəkildə pozulmasına hüquqi rəvac vermişdir və bu proses bu gün də davam etməkdədir.
Ən acınaqlı hal isə ondan ibarətdir ki, hərbi və xüsusi rütbəli şəxslərin pensiya təminatını tənzimləyən “Hərbi qulluqçuların pensiya təminatı” haqqında ayrıca qanun qüvvədən düşmüş, həmin qanunun “Əmək pensiyaları haqqında” qanuna daxil edilmiş maddələri isə artıq əhəmiyyətini itirmişdir.
Fikrimizi konkret faktlarla sadalayaraq hansı qanunvericilik aktlarında konkret nədən narazı olduğumuzu diqqətinizə çatdırır, eyni zamanda həmin qanunvericilik aktlarında müvafiq dəyişiklikləri necə gördüyümüzə dair təkliflərimizi də qeyd edirik:
I. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun:
Maddə 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
_____
Qanunda başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və onların strukturuna daxil olan qurumların siyahısının konkret göstərilməməsi təcrübədə çoxlu problemlər yaradır, minlərlə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların hüquqlarını kobud şəkildə pozur.
Təklif edirik ki, qanunun 1.0.3-cü maddəsində başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və onların strukturuna daxil olan qurumların siyahısı konkret olaraq sadalansın.
II. “Hərbi qulluqçularin statusu haqqında"qanun:
Maddə 9. Əmək hüququ
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddələrin əsasən, həqiqi hərbi xidmətdən buraxılarkən hərbi qulluqçuların təhsili və ixtisası nəzərə alınmaqla işə düzəlməsinə təminat verilir. Yerli icra hakimiyyəti başçıları həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların ixtisası nəzərə alınmaqla işə düzəlməsini müraciət günündən ən geci bir ay keçənədək təmin etməlidirlər.Buraxılmalı olan hərbi qulluqçuların xalq təsərrüfatında işləmək üçün peşə hazırlığını təmin etmək məqsədilə imkanı olan hərbi hissələrdə və müəssisələrdə və ya həmin regionun müvafiq dövlət müəssisələrində, idarələrində və təşkilatlarında belə şəxslərə hərbi xidmət vəzifələrinin icrasından asudə vaxtlarda mülki ixtisaslar öyrədilməsi təşkiledilir.
_____
Bu gün acı bir həqiqəti hamımız etiraf etməliyik ki, hərbi qulluqçu ehtiyata buraxıldıqdan sonra heç kimə lazım olmayan bir insan statusundadır. Çünki, icra hakimiyyətlərinin bu günədək hər hansı ehtiyata buraxılmış hərbçini işlə təmin etməsinin şahidi olmamışıq. (Vətən Müharibəsindən sonra RİH-də yaradılmış şöbələr istisnadır).
Təklif edirik:
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 5-ci maddəsinə aşağıdakı əlavə edilsin:
• Hərbi qulluqçuların xdimət etdikləri qurumlar müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə ehtiyata buraxılmış və buraxılacaq hərbi qulluqçular üçün mülki ixtisaslar üzrə yenidən hazırlıq kursları təşkil etsin. (Məsələn, menecer, administrator və s). Müvafiq icra hakimiyyəti orqanı ehtiyata buraxılmış hərbi qulluqçuların işlə təmin olunması üçün tədbirlər görür.
Maddə 10. Pul təminatı və maddi təminat hüququ
5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdəpul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.
_____
Nazirlər Kabinetinin müvafiq qərarı ilə ərzaq payı əvəzinə ödənilən pul kompensasiyasının məbləğini hər ay dövlət pərakəndə satış qiymətləri üzrə müəyyən edilməsi Ticarət Nazirliyinə tapşırılmışdı. Hazırda nə Ticarət Nazirliyi var, nə də hər ay bu normaların dövlət pərakəndə satış qiymətləri müəyyən edilir bu da bizə çoxsaylı problemlər yaradır. Baxmayaraq ki, qanunla bu məsələnin tənzimləməsi Nazirlər kabinetinin vəzifəsidir, artıq 10 ildir ki, bu vəziyətdir, halbuki hər il ölkədə inflyasiya baş verir, dolanışıq indeksləri dəyişilir, lakin ərzaq əvəzi pul kompensasiyasının məbləği dəyişilmir.
Maddənin 5-ci bəndinin ikinci abzasında aşağıdakı dəyişikliyin əlavə edilməsini təklif edirik:
Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişilməsi ilə əlaqədar olaraq pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti HƏR İLyenidən nəzərdən keçirib dəyişdirir və ÖDƏNİLMƏSI ÜÇÜN AİDIYYATI QURUMLARA TAPŞIRIQ VERİR.
Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.”
_____
Hal-hazırda həqiqi hərbi xidmət keçən və ehtiyataburaxımış hərbi qulluqçuların mənzil təminatı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən həyata keçirilir ki, həmin fərmanda da hərbi qulluqçunun 20 (iyirmi) təqvim ilindən artıq qüsursuz xidmət etməsi şərt kimi göstərilir. Rayon icra hakimiyyətlərinin xətti ilə mənzil təminatı demək olar ki, dondurulub.
Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, “qüsursuz xidmət” anlayışının qanunda izahının verilməməsi mənzil təminatında bir çox problemlərə yol açmışdır.
Eyni zamanda həmin maddədə qeyd olunan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə sözləri Konstistusiyada təsbit olunmuş ədalət və ayrı-seçkilik prinsiplərinə zidd olmaqla aidiyyatı qurumlar üçün manipulyasiyalara şərait yaradır.
Təklif edirik:
*Qusursuz xidmət" anlayışının qanunla izahı verilsin;
*Həmin maddədə mənzilin əvəzində bazar dəyərində pul kompensasiyası verilməsi öz əksini tapsın;
* Maddədənyaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görəsözləri çıxarılaraq cinayət törətmiş şəxslərdən başqa sözləri əlavə edilsin;
Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilir ki, “ yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş və yüksək rütbəli zabitlərin, gizirlərin, miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə, sanatoriya – kurort müalicəsi və istirahət hüququ saxlanılır”.
_____
Necə ola bilər ki, hərbi qulluqçu 20 il və daha artıq xidmət etsin, bütün gəncliyini dövlətə və orduya həsr etsin, gərgin hərbi xidmət dövründə sağlamlığını itirsin, 20 təqvim ilindən sonra dövlət ona ömürlük pensiya təyin etsin, Səfərbərlik Xidməti onu hərbi uçota alaraq müharibə şəraitində yenidən hərbi xidmətə çağırsın, Müdafiə Nazirliyi də onu ştata qoyaraq faktiki ölümə göndərməyə razı olsun, amma yuxarıda sadalanan bəndlər istisna olmaqla başqa bəndlərlə ehtiyata buraxılmış hərbi qulluqçu Müdafiə Nazirliyinin tibbi müəssisələrində müayinədən keçə bilməsin, xəstədirsə müalicə ala bilməsin, hərbi sanatoriyalarda sağlamlığını bərpa edə bilməsin? Bu tam şəkildə anormal bir haldır.
Təklif edirik:
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində aşağıdakı şəkildə düzəliş edilsin:
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilir ki, CINAYƏT TÖRƏDƏRƏK AZADLIQDAN MƏHRUM EDİLMIŞ HƏRBI QULLUQÇULARDAN BAŞQA ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş və yüksək rütbəli zabitlərin, gizirlərin, miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə, BÜ CÜR HƏRBI-TIBBI MÜƏSSISƏLƏR OLMAYAN ƏRAZILƏRDƏ RAYON MƏRKƏZI XƏSTƏXANALARINDA TIBBI YARDIM ALMAQ HÜQUQU, sanatoriya – kurort müalicəsi və istirahət hüququ saxlanılır”.
Maddə 17. Xidmət yerini dəyişdirmək hüququ
Hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var.
_____
Qanunvericilikdə eyni hərbi hissədə, birləşmədə, birlikdə, regionda hərbi xidmət keçmənin konkret müddətinin göstərilməməsi təcrübədə hərbi qulluqçulara çoxlu çətinliklər yaradır.
Həmin maddəyə aşağıdakı əlavənin edilməsini təklif edirik:
Eyni hərbi hissədə, birlikdə, birləşmədə, regionda azı 5 il xidmət keçmiş hərbi qulluqçunun rotasiya qaydasında xidmət yerini dəyişdirmək hüququ var.
Maddə 21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ
Hazırda qüvvədə olan 'Əmək pensiyaları haqqında" qanunun tələblərinə görə hərbi qulluqçunun vəfatetməsi zamanı onun həyat yoldaşına yalnız 3 halda pensiya təyin edilə bilər:a) pensiya yaşına çatıbsa;b) 1-2-ci qrup əlildirsə; c) himayəsində vəfatedənin 8 yaşına çatmamış övladı varsa.
_____
Hesab edirik ki, bu ədalətsizlikdir. 25-30 il ömrünü hərbçi ilə şəraitsiz qarnizonlarda, kirayə evlərdə keçir, hərbi qulluqçu vəfat edəndə də bu 3 haldan başqa pensiya hüququn olmasın? Hesab edik ki bu olduqca absurd yanaşmadır.
Təklif edirik:
"Hərbi qulluqçuların statusu haqqında" qanunun 21-ci maddəsinə aşağıdakı şəkildə yeni bənd əlavə olunsun:
Pensiya yaşına çatmasından, əlil olmasından, 8 yaşınadək uşağı təkbaşına böyütməsindən ASILI OLMAYARAQ hərbi qulluqçu vəfat etdiyi halda onun həyat yoldaşına pensiya təyinedilir.
Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti
2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Hərbi xidmətdən qanunsuz buraxılmaq günündən həqiqi hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının isə həqiqi hərbi xidmət müddətinə daxil edilir.
---
Təcrübədə elə hallar var ki, hərbi qulluqçuya qarşı qanunsuz hərəkətlər olur, məhkəmə onun hüquqlarını bərpa edir, lakin o hərbi xidmətə ya qaytarılmır, ya özü qayıtmaq istəmir.
Həmin maddəyə aşağıdakı əlavənin edilməsini təklif edirik:
Hərbi xidmətdən qanunsuz buraxılmaq günündən həqiqi hərbi xidmətə bərpa gününədək, HABELƏ HÜQUQLARI MƏHKƏMƏ TƏRƏFİNDƏN BƏRPA EDİLƏN GÜNƏDƏK OLAN DÖVR HƏRBİ XODMƏTƏ BƏRPA EDİLMƏSINDƏN ASILI OLMAYARAQ PENSİYA TƏYIN EDİLMƏK ÜÇÜN XİDMƏT MÜDDƏTİNƏ DAXİL EDİLİR.
III. “Əmək pensiyaları haqqında” qanun:
Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailəüzvləri:
Təklif edirik ki, həmin maddəyə aşağıdakı şəkildə 14.5-ci bənd əlavə edilsin:
Pensiya yaşına çatmasından, I və ya II dərəcə əlilliyi olmasından, 8 yaşınadək uşağı təkbaşına böyütməsindən ASILI OLMAYARAQ hərbi qulluqçu vəfat etdiyi halda onun həyat yoldaşının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
M a d d ə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr
20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.
Təklif edirik ki, maddədən 2 faiz sözləri çıxarılsın və 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili hamıya 3(üç) faiz miqdarında əlavə olunmaqla hesablanamsı müəyyən edilsin.
Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi
29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.
Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.
----
Bu maddə çox dolaşıq, ehtiyatda və istefada olan hərbçilərdə ən çox narazalıq yaradan maddədir. ƏƏSMN və DSMF bu maddə ilə çoxsaylı və qnusuz manipulyasiyalar edirlər.
Biz hesab edirik ki, bu maddə yeni redaksiyada, aydın və aşağıdakı şəkildə verilməlidir.
- Maddənin adına “ARTIRILMASI” sözü əlavə edilməldir.
- Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.
Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasınaəlavələr yenidən hesablanır.
Qeyd: üstündən xətt çəkilən sözlərin qanundan yığışdırılması təklif olunur.
Eyni zamanda və xüsusi olaraq qeyd edirik ki, ƏƏSMN və DSMF qanunda dəyişiklik təklif edərək qulluq stajına görə əmək pensiyalarını ƏMƏK HAQQI İLƏ BAĞLI DEYİL İNDEKSLƏŞDİRMƏ İLƏ (?) artırılmasını təklif edirlər ki, biz də buna QƏTİ ŞƏKİLDƏ ETİRAZ EDİRİK!
Çünki, indeksləşdirmə pensiya artımı deyil, yalnız inflyasiya nəticəsində itirilmiş vəsaitin müəyyən faiz bərpasıdır. Qanunla təsbit olunmuş vəzifə maaşlarının artırılması zamanı pensiaymızın yenidən hesablanamasının məhdudlaşdırılmasına, qanundan yığışdırılmasına QƏTİ ŞƏKİLDƏ ETİRAZ EDİRİK və aidiyyatı orqanların vəzifəli şəxslərinin bu cür düşünülməmiş və təhlükəli təklifləri qəbul edilərsə ehtiyata və istefaya buraxılmış həbi qulluqçular kütləvi aksiyalara başlayacaqları əzmindədirlər.
Hörmətli Ziyafət m-m!
Bütün bu təkliflərin yekunu olaraq Sizdən xahiş edirik:
- Hərbi qanunvericilik aktlarının qəbulu, onlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılmazdan əvvəl bizim də mövqeyimiz öyrənilsin və müzakirələrdə iştirakımıza şərait yaradılsın;
- Dövlət başçısının Türkiyə Ordusu modelli ordiya keçidini elan etməsi ilə əlaqədar olaraq bizim mövqeyimiz öyrənilməklə və iştirakımız təmin olunmaqla “Hərbi qulluqçuların pensiya təminatı”na dair yeni qanunun qəbul edilməsini xahiş edirik.
- Əgər hazırda “Hərbi qulluqçuların pensiya təminatı”na dair yeni qanunun qəbul edilməsi mümkün deyilsə adı çəkilən qanunlara yuxarıda təklif etdiyimiz dəyişikliklərin qəbul edilməsini xahiş edirik.
Ümid edirik ki, sayı 100 mindən artıq olan ehtiyata və istefaya buraxılmış hərbçiləri, o cümlədən hazırda xidmət edən hərbi qulluqçuları narahat edən problemli məsələlərə parlament anlayışla yanaşaraq müvafiq və doğru qərarlar qəbul edəcəkdir.
Hörmətlə,
Ehtiyatda və istefada olan hərbi qulluqçular
“____” aprel 2022-ci il
22 vərəq, 1 nüsxə.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.