Brüssel görüşü Soçidəkindən fərqləndimi? - Nə qədər ki Araik Xankəndində yuva salıb...

8-04-2022, 09:03           
Brüssel görüşü Soçidəkindən fərqləndimi? -
Brüsseldə keçirilən Əliyev - Paşinyan görüşünün nəticələrini hökumətyönlü analitiklər, parlament üzvləri ciddi - cəhdlə diplomatik uğur kimi qiymətləndirməyə çalışırlar. Aprelin 6-sı axşam saatlarından səfərbər olan iqtidar tərəfdarları dəridən-qabıqdan çıxırlar ki, görüşü böyük zəfər kimi təqdim etsinlər. Lakin hadisələri və görüşdə əldə edilən razılaşmaları obyektiv təhlil etmək lazımdır. Eyforiyaya qapılmadan, ölkənin milli maraqları ilə bağlı gedən prosesləri ictimaiyyətə olduğu kimi çatdırmaq vacibdir. Ona görə də Anaxeber.info-nun təhlil qrupunun qənaətinə görə, Brüssel zirvəsində əlahiddə qərarlar verilmədi. Tərəflər sülh müqaviləsinin bağlanması ilə bağlı hazırlıqları xarici işlər nazirlərinə tapşırılmasına razılaşdılar, eyni zamanda da, sərhədlərin dəqiqləşdirilməsi üçün komissiya yaradılacaq. Sülh müqaviləsinə hazırlıq prosesi o deməkdir ki, formal anlaşma var, bu iş uzun zaman tələb edəcək. Əvvəla, Qarabağda silahlı erməni dəstələri çıxarılmayıb. O halda böyük sülh sazişi necə ola bilər? İkincisi, Ermənistan sülh müqaviləsini Qarabağ məsələsindən ayırır və Paşinyan “artsax”dan imtina etmir. Onda ölkələr bir-birinin ərazi bütövlüyünü necə tanıyacaqlar? İşin delimitasiya hissəsinə keçid etsək, burada da Brüssel razılaşmasının hər hansı ciddi əhəmiyyəti yoxdur. Çünki sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında İşçi Qrupu yaradılıb. Baş nazirlərin müavinləri səviyyəsində bir neçə görüş keçirilib, amma irəliləyiş olmayıb. Əgər Rusiyanın vasitəçiliyi ilə İşçi Qrupu formalaşıbsa, yenidən Avropa İttifaqının əli ilə yeni Komissiyaya nə zərurət var? Sadəcə, belə görünür ki, analoji qrup Qərb platformasında yaradılır. Yəni Avropa Birliyi Cənubi Qafqazdakı proseslərə qarışmaq, Rusiyanın inhisarından qoparmaq üçün ölmüş Minsk Qrupunun yerinə bu missiyanı həyata keçirməyə başlayır. Odur ki, bu görüşlərə daha çox strateji mübarizə, yarışma kimi baxmaq lazımdır. Aİ Rusiyanı kənarda qoymaq üçün işə girişib. İndi Ukrayna müharibəsinə görə münasibətləri kəskinləşən Rusiya və Qərb Qarabağ məsələsində bir araya gələ bilmirlər. Avropada hesablayırlar ki, izolyasiya edilmiş Rusiyanı Cənubi Qafqazda da mat qoymaq fürsətidir. Lakin bu məsələdə yanılırlar. Azərbaycan və Ermənistan Qərb paytaxtlarında hər nə qədər görüşər keçirsələr də, Rusiyasız taleyüklü sənədə qol çəkməzlər. Çünki 10 noyabr sazişindən böyük bəyanat yoxdur və Kremli qıcıqlandırıb Qərb platformasında dil tapmaq hər iki ölkəyə problem yarada bilər. O baxımdan Brüsseldə keçirilən görüşü plan doldurmaq kimi dəyərləndirmək mümkündür. Axı Brüsseldə əldə olunan razılaşmaların hansı biri Moskva və Soçidə olmayıb? Hansı biri 10 noyabr sənədində göstərilməyib? Amma heç biri icra edilməyib. Deməli, Brüssel görüşü görüş xatirinə olmamalıdır. Sadəcə, buna qədər Xankəndi təmizlənməlidir. Onlar isə Rusiyaya birləşməklə bağlı müraciət ünvanlayıblar. Bu vəziyyətdə isə Ermənistanla saziş imzalamaq yarımçıq sülh müqaviləsi olar. Nə qədər ki Araik Xankəndində yuva salıb, İrəvan “artsax” adlı “ikinci erməni dövləti” haqda iddialarından vaz keçməyib, sərhədləri müəyyənləşdirmək üçün 2 il ərzində bir qarış yer də razılaşdırılmayıb, Zəngəzur dəhlizi anlaşması pozulub, böyük sülh müqaviləsindən danışmaq tezdir. Bizim ekspertlər, şablon tezislərlə çıxış edənlər isə Brüsseldəki görüşün nəticələrini az qala irəliyə doğru böyük addım sayırlar. Bəli, liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur. Bu, Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsiylə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və İttifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neftinə və qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini imzalanması prosesini sürətləndirməsinə ehtiyac var.

Azər Talıbov
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.