Limiti artırmamaq üçün bəhanə, yoxsa rəqəm oyunu? - “Azəriqaz”ın 80 faizlik qazı

8-04-2022, 17:38           
Limiti artırmamaq üçün bəhanə, yoxsa rəqəm oyunu? - “Azəriqaz”ın 80 faizlik qazı
Bu ilin yanvar-mart ayında əhali qrupu üzrə abonentlərin 80%-i (1 970 000 abonent) aşağı qaz istifadəsi limitini (1200 kubmetrədək) keçməyib.

Bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, 1200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 20% keçib.

“Azəriqaz” rəsmisinin bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələr səbəb oldu. Açıqlamada konkret göstəricilərin olmaması diqqəti cəlb edir. Belə ki, ilk 3 ay ərzində 1100 və hətta 1199 kubmetr qaz istifadə edən abonentlər limiti keçməyən 80 faiz arasında göstərilir. Bu isə hesablanan faiz statistikasının əslində mövcud vəziyyəti obyektiv ortaya qoymur.

Ruslan Əliyev 80 faiz əhalinin limiti keçmədiyini demək əvəzinə yaxşı olardı ki, bu göstəriciləri konkret rəqəmlər olaraq açıqlayardı. Məsələn, əhali qrupu abonentlərin hansı hissəsinin limiti 50, hansı hissəsinin 60, hansı hissəsinin 70, hansı hissəsinin 100 faiz keçdiyini deyilməsi daha məqbul olardı. Beləliklə real mənzərə ortaya çıxmış olardı.

Bu statistika həm də limiti müəyyən edən Tarif Şurasına qərar verməkdə yardım etmiş olardı. Nəzərə almaq lazımdır ki, artıq ilk 3 ay ərzində kifayət qədər abonent qaz limitini keçib.

Aprel ayı olmasına baxmayaraq, havaların soyuq keçməsi abonentlərin xeyli hissəsinin də payız gəlmədən limiti keçməsinə səbəb olacaq. Bu isə oktyabr-noyabr-dekabr aylarında əhalinin az qala hamısının limitlə bağlı haqlı şikayətinə imkan yaradacaq.

Ümumiyyətlə, illik qaz limitinin 1200 kubmetr olması da xeyli müzakirələrə və tənqidlərə səbəb olur. Çünki 12 qəpikdən hesablanan 1200 kubmetr qaz bir abonentə il ərzində kifayət etmir. Abonent 1200-2500 kubmetrədək 20 qəpik, 2500 kubmetrdən çox olduqda isə 25 qəpikdən ödəniş etməli olur. Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, “Azəriqaz”-ın yanaşması ictimaiyyəti aldatmağa yönəlib:

“Əslində “Azəriqaz”ın yanaşması doğru deyil. Çünki bu yanaşmada vətəndaşların qazla bağlı istehlak imkanları nəzərə alınmır. Xüsusən payız aylarından etibarən qaz limiti bitir və noyabr-dekabr aylarında isə qaza daha çox tələbat olur. Ona görə də kateqoriyalar üzrə həndəsi silsilə ilə 100-300, 300-600, 600-1100 kubmetr arası nə qədər insanın qaz istifadə etdiyi müəyyənləşdirilməlidir. Həmçinin, bu rəqəmlər həndəsi silsilə ilə 2000 və ya 2500 kubmetrə qədər də arta bilər. Əgər bu istehsal həcmləri arasında vətəndaşlar kateqoriyaya bölünərsə, əslində 80 faizin 1100 kubmetrə yaxın qaz istifadə etdiyini görərik. Hətta əhalinin böyük əksəriyyətinin artıq limiti keçdiyi və ya keçmək üzərə olduğu ortaya çıxar”.

Ekspert hesab edir ki, Azərbaycanda fəsillər üzrə qaz limitləri tətbiq olunmalıdır:

“Bu, bütün dünya təcrübəsində var və limitlər 4 rübə bölünür. Hətta Avropada 1 apreldən etibarən qazla bağlı yeni istehlak limitləri tətbiq edilməyə başlayıb. Bu, mavi yanacağın binalara verilməsinin məhdudlaşdırılması və tariflərlə bağlı tətbiq edilən prinsipdir. Ölkəmizdə də 4 rübə bölünməklə il ərzində vətəndaşlara qaz istehlakıyla bağlı limit tətbiq edilməlidir. Amma bizdə limitlər il üzrə tətbiq olunur. Artıq yay aylarında limiti keçən abonenet qış aylarında daha yüksək qiymətlə ödəniş etmək məcburiyyətində qalır. Prinsiplər dəyişməlidir. Fikrimcə, limitlər 4 və ya ən pis halda 2 dövrə bölünməli, həmin dövrlərə əsasən qaz tarifləri hesablanmalıdır”.

R.Abbasbəyli qeyd edib ki, belə açıqlamlarla həm ictimaiyyətə yalan danışılır, həm də istehlakçıların real istehlak potensialını ifadə etməyən rəqəmlər səsləndirilir:

“Ümumiyyətlə, bu, Azərbaycan hökumətinin ənənəvi statistik yanaşmasıdır. Hökumət də orta aylıq əmək haqqını çıxaran zaman 10 min manat əmək haqqı alanla 300 manat alanı birlikdə toplayır. Bununla da ümumilikdə ölkədə ödənilən əmək haqqından rəqəm çıxararaq orta aylıq əmək haqqının 600 manat olduğu açıqlanır. Bu sistem əslində kökündən yanlışdır və “Azəriqaz” da eyni prinsiplə yanaşır. Bu qurum ən yüksək və ən aşağı qaz istifadəçilərini bir yerə toplayaraq, onların ortaq bir istehlak rəqəməni çıxarır. Bununla da, ifadə olunan rəqəm əslində reallığı əks etdirmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru