Paşinyandan Brüssel razılaşmasında yer almayan ziyanlı fikirlər...

8-04-2022, 18:57           
Paşinyandan Brüssel razılaşmasında yer almayan ziyanlı fikirlər...
Afsəddin Nəbiyev: “Paşinyan Azərbaycanın qırmızı xətlərini bilə-bilə, hər dəfə təxribatçı fikirlər səsləndirir”

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşün yekunları barədə danışıb. O bildirib ki, Azərbaycan tərəfinin təkliflərində “qəbuledilməz heç nə yoxdur”. Qeyd edib ki, iki ölkənin Xarici İşlər nazirliklərinin rəhbərlərinə sülh danışıqlarına hazırlığa başlamaq tapşırılıb.

Daha sonra Paşinyan “Qarabağın yekun statusu məsələsinin” Azərbaycanla imzalanacaq sülh sazişi çərçivəsində müzakirə edilməli olduğunu vurğulayıb. Qeyd edib ki, status məsələsi onlar üçün çox vacibdi və danışıqlara ATƏT-in Minsk Qrupu cəlb edilməlidir: “Bu həm də o deməkdir ki, Ermənistan və Azərbaycanın sülh sazişi ilə bağlı təklif etdiyi prinsiplər və məsələlər danışıqların nəticələrinə görə dəqiqləşdirilməli və ümumiləşdirilməlidir”.

Paşinyanın fikrincə, prosesin sonrakı qiymətləndirilməsi razılaşmaların praktiki icrası mərhələsində qeydə alınan nəticələrdən asılıdır. Baş nazir həmçinin əlavə edib ki, Ermənistan regionda uzunmüddətli sülh erasının açılmasına sadiqdir, lakin başa düşmək lazımdır ki, hər şey ondan asılı deyil: “Ermənistan sülhə hazırdı, biz regionda dinc inkişaf dövrünün açılması üçün gündəliyimizi ardıcıl olaraq irəli sürəcəyik. Təəssüf ki, bu təkcə bizdən asılı deyil, biz ardıcıl olaraq özümüzə düşən işi görəcəyik”.

Göründüyü kimi, Paşinyan yenə oyun oynayır. Çünki Brüsseldə əldə olunmuş bu razılaşmalarda nə status məsələsinə, nə də Minsk Qrupuna toxunulur. Belə olan halda Paşinyanın bu cür yanaşması Brüssel razılaşmalarının ruhuna nə dərəcədə uyğundur? Çünkı bu, demək olar onun əleyhinə çevrilib.

“Onun Minsk Qrupu və status barəsində səsləndirdiyi fikirlər Brüssel danışıqlarına xəyanətdir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin fikrincə, bu onu göstərir ki, Ermənistan hökuməti dünyada baş verən olduqca mürəkkəb siyasi vəziyyəti doğru-düzgün anlaya bilmir: “44 günlük müharibədə Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra gözləntilər başqa idi. Azərbaycan ictimaiyyətində belə bir təsəvvür yaranmaşdı ki, nəhayət ermənilər yeni siyasi reallıqları dərk edəcək, bölgəmizdə sülhün və sabitliyin təmin olunmasına şərait yaranacaq. Müharibədən bir il altı ay ötməsinə baxmayaraq, Ermənistan hakimiyyəti bir dəfə də olsun sülhə töhfə verəcək bir ideyanı ardıcıl dəstəkləməyib. Ermənistan rəhbərliyi sülh prosesini uzatmaq üçün axşam saatlarında verdiyi pozitiv açıqlamanı səhər saatlarında təkzib edib, başqa təxribata yol açan "açıqlamalar" verirlər. Bütün bunlar onu göstərir ki, Ermənistan rəhbərliyi müharibədən sonra yaranmış yeni reallıqları dərk etmək gücündə deyil. Azərbaycan öz suveren ərazilərində yeni inzibati idarəetmə ərazi bölgərini yaradıb. Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Bunu bütün dünya bilir və qəbul edir. Ancaq 44 günlük müharibədən doğru-düzgün dərs almayan Ermənistan rəhbərliyi hələ də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək bu ifadəni işlədir. Bu yolverilməzdir və statusun yeri də məlumdur. Prezident İlham Əliyev müharibə bitən günlərdə erməni cəmiyyətinə statusun yerini göstərib. O ki qaldı ATƏT -in Minsk Qrupunun 30 illik fəaliyyətinə, həm Azərbaycan cəmiyyəti, həm də dövlət rəhbəri bu quruma doğru “ölü” qiymətini verib. Əgər bu qrup münaqişənin sülh yolu ilə həll olunmasına töhfə verə bilməyibsə, indi kimə və nəyə gərəkdir? Birmənalı olaraq bildirirəm ki, aprelin 6-da Belçikada keçirilən görüşlə bağlı şəxsən mən Ermənistan baş nazirinin ictimaiyyətə açıqladığı barış mesajlarına inanmıram. Baxın, Nikol Paşinyan Azərbaycanın qırmızı xətlərini bilə-bilə, hər dəfə təxribatçı fikirlər səsləndirir. Onun Minsk Qrupu və status barəsində səsləndirdiyi fikirlər Brüssel danışıqlarına xəyanətdir. Əgər Azərbaycanda yaşayan 20 min erməniyə status tələb edirlərsə, Azərbaycan ərazisində ermənilərə güzəştə gediləcək bir qarış da torpaq yoxdur”.

Sədr müavini onu da əlavə etdi ki, buyurub Fransanın, Amerikanın, Rusiyanın ərazilərindən ermənilərə status tələb etsinlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.