DONBASA HÜCUM BAŞLAYIB, 12 KİLOMETRLİK KARVAN HƏRƏKƏTƏ KEÇİB - Rusiyanın divizion komandiri öldürüldü, itkiləri açıqlandı

10-04-2022, 14:36           
DONBASA HÜCUM BAŞLAYIB, 12 KİLOMETRLİK KARVAN HƏRƏKƏTƏ KEÇİB - Rusiyanın divizion komandiri öldürüldü, itkiləri açıqlandı
Rusiya qoşunlarının Donbasda hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir.

Bu barədə Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, Rusiyanın şimaldan və cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacağını vurğulayıb.

Bundan əvvəl Oleksiy Arestoviç qeyd edib ki, yaxın iki həftə ərzində Donbasda ağır döyüşlər aparılacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.

Bu arada Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rusların itkilərini açıqlayıb. Məlumata görə, Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 000-ə yaxınlaşır.

Qeyd edilir ki, Rusiya müharibə ərzində 722 tank, 1 911 zirehli döyüş maşını, 342 artilleriya sistemi, 55 hava hücumundan müdafiə sistemi, 152 təyyarə, 137 helikopter, 1 384 avtomobil və s. hərbi texnika, sursat itirib.

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - məlumatda deyilir.

Ukraynada Rusiya Silahlı Qüvvələrinin podpolkovniki Dinar Xametov da öldürülüb.


Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, D.Xametov Şimal Hərbi Donanmasının 14-cu ordu korpusunun 200-cü motoatıcı briqadasında divizion komandiri idi.

O, əvvəllər üç dəfə Suriyada hərbi ezamiyyətdə olub. Əslən Tatarıstandan olan Dina Axmetov "Rəşadət" ordeni ilə təltif olunub. Dinar Xametov Kazanda dəfn edilib.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında isə qeyd olunub ki, artan itkilərinə cavab olaraq Rusiya Silahlı Qüvvələri qoşunlarının sayını 2012-ci ildən hərbi xidmətdən tərxis edilmiş personalı hesabına artırmağa çalışır.

Bildirilib ki, Rusiya döyüş gücünü artırmaq səyləri çərçivəsində Moldovanın tanınmamış Dnestryanı regionundan da döyüşçülərin rekrut etməyə çalışır.

Bu arada Xarkov istiqamətində Rusiyanın 12 kilometrlik hərbi karvanının hərəkət etdiyi məlum olub.

"Maxar Technologies" tərəfindən toplanan və təhlil edilən peyk görüntüləri Ukraynanın şərqində Rusiya hərbi texnikasının böyük karvanının görüntülərini qeydə alıb. B barədə CNN-ə istinadən xəbər verir.

Görüntülərdə hərbi karvanın Xarkov vilayətinin Bolşoy Burluk kəndindən keçərək cənuba, rayon mərkəzinə doğru irəliləməsi əks olunub.

Qeyd edilir ki, Bolşoy Burluk Xarkovdan şərqdə, Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə yerləşir.

Baş Qərargahın səhər saatlarında verdiyi məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa və Mariupol üzərində nəzarəti bərqərar etməyə cəhd edib.

Həmçinin qarşı tərəf Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir ki, Rusiya hərbçiləri şəhərin mərkəzi hissəsinə nəzarəti ələ keçirmək üçün Mariupolun müdafiəsini yarmağa çalışır.

Məlumatda deyilir: “Düşmən Ukrayna Silahlı Qüvvələrinin İzyum vilayətindəki bölmələrinin müdafiəsini yarmağa və Mariupol üzərində tam nəzarəti bərqərar etməyə çalışır. Həmçinin, Rusiya ordusu Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa cəhdlər edirlər”.

Eyni zamanda bildirilir ki, Slobojanskidə Xarkovu qismən bloklamaq cəhdləri edilir. Şəhər daim raket və top artilleriya sistemlərindən və minaatanlardan atəşə tutulur. Rusiya ordusu İzyuma əlavə birliklər aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.