Avropa İttifaqı Əliyevlə Paşinyanın daha bir görüşünü təşkil edəcək - Sülhməramlılar nə zaman çıxır?
11-04-2022, 07:54

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesini regionun əsas oyunçuları olan Rusiya və Türkiyənin Prezidentləri - Putin və Ərdoğanla ayrı-ayrılıqda müzakirə edib".
"AzPolitika.info" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən yüksək rütbəli diplomatı erməni mediasına deyib. Aİ-nin həmin ölkələrin bölgədə aktivləşməsinə necə baxacağı barədə sualına Avropa diplomatı cavab olaraq deyib ki, Türkiyə paralel olaraq Ermənistanla münasibətlərin normallaşması prosesinə başlayıb: "Bizim fəaliyyətimiz həm də türklər üçün əlverişlidir, çünki onlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması olmadan Ermənistanla münasibətlərini normallaşdıra bilməzlər. Odur ki, bu iki proses bir-birini tamamlayır”.
Diplomat Qarabağın danışıqlar prosesində ayrıca müzakirə olunub-olunmayacağı barədə suala konkret cavab verməyib. Bildirib ki, tərəflər bütün zəruri məsələləri müzakirə edəcəklər. Aİ rəsmisi qeyd edib ki, onlar başqalarının hesabına addım atacaq qədər sadəlövh deyillər.
O xatırladıb ki, Şarl Mişelin də bəyanatında 26 noyabr Soçi razılaşmalarına istinad var. Avropalı diplomat rusiyalı sülhməramlılar məsələsinə də toxunub: “Rusiya sülhməramlıları birgə sərhəd komissiyasının delimitasiya, stabilliyin təmin olunması və təhlükəsiz şəraitin yaradılması istiqamətində fəaliyyəti həqiqi nəticə verənədək orada qalacaqlar”.
Diplomat əlavə edib ki, sözügedən birgə sərhəd komissiyası öz fəaliyyətinə çox tezliklə, artıq aprelin sonlarında başlayacaq. O bildirib ki, bu istiqamətdə əldə olunmuş irəliləyişin müzakirə olunması üçün Aİ çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşü təşkil ediləcək.