Makron yoxsa Marin Le Pen? - Fransanın taleyi...

12-04-2022, 11:15           
Makron yoxsa Marin Le Pen? -  Fransanın taleyi...
Fransa. Seçkilər. Makron yoxsa Marin Le Pen? Fransanın taleyi. Hərbi çevriliş ehtimalı.

Bütün dünyada baş verən hadisələri təhlil edib, müzakirə edirik. Hər bir ölkədə mövcud qüvvələrin siyasi maraqlarını, xarici və daxili siyasətin konsepsiyalarını araşdırırıq və bununla ümumi qiymət verə bilirik. Bu gün, dünyada böyük geosiyasi savaş dönəmində, hansı ölkənin, hansı siyasi qüvvənin, hansı tərəfdə olacağı çox vacib məsələdir. Almaniyanın son zamanlarda mürəkkəb və qeyri-müəyyən xarici siyasətinə baxmayaraq, bu gün daxili siyasi proseslərə qiymət vermək elə də çətin deyil. Son siyasi təhlilimdə bunu izah etmişəm. Biz görürük ki, ''Birlik90/Yaşıllar'' partiyasının Rusiyaya qarşı sərt münasibətini və XDİ/XSİ blokun rusiyayönlü mövqeyini. Məşhur alman politoloq gözəl sözlər deyib: ''Merkeli sevirlər, XDİ-yə isə inanmırlar''. Məhz XDİ-nin nümayəndələri Azərbaycan hakimiyyətindən rüşvət götürürdülər, XDİ həm alman xalqının, həm beynəlxaql ictimayyətin etimadını itirib. Fikrimi sona çatdıraraq demək istəyirəm ki, istər ABŞ-da, istər Almaniyada, istər Rusiyada, istər Afrika ölkələrində, istər Myanmada və s. hər bir siyasi qüvvənin mövqeyini və siyasi konsepsiyasını müəyyən etmək olar. Fransada isə elə deyil və siyasi səhnə tamamilə fərqlidir. Bir çox ölkələrdə siyasi prosesləri qiymətləndirərək, belə qənaətə gəldim ki, dünyanda ən mürəkkəb siyasi səhnə məhz Fransadadır.
2022-ci ilin aprelində Fransada prezident seçkiləri keçiriləcək. Mən hesab edirəm ki, bu seçkilər Fransa tarixində ən çirkin seçkilər ola bilər. Prezidentlik uğrunda əsas 2 şəxs mübarizə aparacaq, Emanuel Makron və Marin Le Pen. Əsas 2 namizədin sırasında Marin le Penin adı varsa, deməli nəinki Fransa üçün, bütün dünya üçün ciddi təhlükə var. Niyə? Marin Le Pen kimdir?
Biz bilirik ki, dünyada avtoritar ölkələrin prezidentləri, hökümət başçıları rusiyayönlüdürlər. Biz bilirik ki, demokratik ölkələrdə belə, Rusiyanın maraqlarını təmsil edən radikal, populist siyasi qüvvələr var. Mən dəfələrlə bu siyahını sizə təqdim etmişəm və yenə təqdim edirəm.
Fransada radikal ''Milli Cəbhə'' partiyası(sədr - Marin Le Pen❗️), Almaniyada radikal və mühafizəkar «Almaniya üçün Alternativ» partiyası(sədrlər - Yorg Moyten və Tino Xrupalla), Macarıstanda radikal ''Yobbik'' partiyası(sədr - Peter Yakab), Ukraynada "Həyat naminə" müxalifət platforması partiyası(sədr - Viktor Medvedçuk), Yunanıstanda ultra millətçi, faşist və neo-nasist meyilli ''Qızıl Şəfəq'' partiyası(sədr - Nikolaos Mixaloliakos), Litvada ''Ədalət və intizam'' partiyası(sədr - Remigiyus Jemaytaytis), Bolqarıstanda radikal ''ATAKA'' partiyası(sədr - Volen Siderov) bu siyahıya İtaliyanın mühafizəkar ''Şimal Liqası'' partiyasını da əlavə etmək olar. Bu partiyaları hakimiyyətə gətirmək çox çətindir, onlar çox radikal mövqeləri ilə fərqlənirlər və sosial bazaları elə də geniş deyil. Amma(❗️) ölkələrin daxilində qeyri-sabitliyi yarada bilirlər, bu isə öz növbəsində Rusiyanın maraqlarına cavab verir. Bir neçə il qabaq ''Şimal Liqası'' partiyası İtaliyada hakimiyyətə gəlmişdir(siyasi konsepsiyası o qədər də radikal deyildi), bu gün həmin insanlar həbs olunurlar və İtaliya xalqı öz səhvini anladı. Məsələ ondadır ki, Marin Le Penin prezident seçkilərində qələbəsi Fransaya və Fransa xalqına neçəyə başa gələcək?
İndi isə Marin Le Penin siyasi mövqeyini sizə çatdırmaq üçün, onun məşhur sitatlarını təqdim edəcəm.
''Ruslar böyük millətdir və seçimlərini etdilər. Bəyənsəm də, bəyənməsəm də, heç bir fərqi yoxdur. Rusiya Fransa üçün nümunə olmalıdır? Yox. Rusiya Fransanın müttəfiqi olmalıdır? Bəli''.
''Ukraynada çevriliş olub. Bu reallıqdır''.
''Rusiyada seçkilər şəffaf keçirilib''. Bu sözləri Konstitusiyaya dəyişikliklərlə bağlı referundumdan sonra deyib.
''Krım həmişə Rusiyanın olub. Bu tarixi ədalətdir''.
''Avropa İttifaqı öləcək''.
Bundan əlavə Marin Le Pen dəfələrlə İslama qarşı, müsəlmanlara qarşı hörmətsizlik edib, faktiki olaraq Fransada İslama qarşı müharibə elan etmişdir. Bu bəyanatların nəticəsidə Fransanın daxilində ciddi qalmaqallar, toqquşmalar yaranmışdır. Bu bəyanatlar , ''təsadüfən'' məhz Fransa-Rusiya münasibətlərin gərginləşməsi fonunda verilirdi və Fransanın daxilində qeyri-sabitliyin yaranması məhz Rusiyanın maraqlarına cavab verirdi. Məsələn ''sarı jiletlilərin'' hərəkatı yadınızdadırmı? Fransada çox ciddi qarşıdurma yaranmışdır. Bəli, ''sarı jiletlilərin'' hərəkatında Marin Le Penin xüsusi rolu var idi, Marin Le Penin arxasında isə bildiyiniz kimi Rusiya dayanır. İndi anlayırsınızmı Fransada qeyri-sabitliyin yaranmasının arxasında kim dayanır? Başqa bir misal da gətirə bilərəm, Marin Le Penin radikal sağçı olduğuna görə, onun seçki kampaniyası üçün heç bir bank kredit vermirdi. Sizcə hansı bank maliyyələşdirirdi bu kampaniyaları? ''İlk Çex-Rusiya bankı''. Marin hər dəfə Rusiyaya gedəndə, Vladimir Putinlə və ya başqa vəzifəli şəxslərlə görüşəndən sonra, partiyasına ciddi maddi vəsaitlər əlavə olunurdu. Və mən sizə onlarla belə misal gətirə bilərəm, məqaləm isə onda bitməz. Əsas odur ki, Marin Le Penin kimliyini və hansı qüvvələrin maraqlarına xidmət etdiyini ortaya qoyduq. Keçək son günlərdə baş vermiş hadisələrə və prosesin mahiyyətinə.
Aprelin sonunda hərbçilər Makrona açıq məktub ünvanlayıblar. Şəxsən mən bu məktubu açıq-aşkar təxribat kimi qiymətləndirirəm. ''Ağır günlər yaşanır, Fransa təhlükədədir(İslamı nəzərdə tuturlar), biz hamımız ayağa qalxıb Fransanı xilas etməliyik. Əgər hakimiyyət qarışmasa ölkədə partlayış olacaq və bizim həmkarlarımız(hərbçilər nəzərdə tutulur), Fransanı qorumaq üçün müdaxilə edəcəklər''. Bu açıq-aşkar hərbi çevriliş hədəsidir. Ermənistanda Rusiyanın kurasiyasında olan BQ rəisi Oniq Qasparyanın bəyanatına oxşayır. Ölkələr fərqli olsa da, ssenari eynidir. Ona görə ki, proseslər eyni mərkəzdən idarə olunur. Marin Le Pen isə bu üsyanı dəstəklərdi. Əlbəttə ki, Fransanın müvaffiq orqanları buna sərt reaksiya verdilər, hərbçilərə qarşı ciddi tədbirlərin görülməsi haqda da danışdılar və s. Məsələ ondadır ki, seçkilər 1 ildən sonra keçiriləcək, seçki kampaniyası isə artıq başlayıb(qeyri-rəsmi) və siyasi səhnədə gərginlik gündən-günə artacaq. Bu seçkilər Fransa tarixində ən çirkin seçkilər olacaq.
Hal-hazırda bütün üsullardan istifadə edərək Marin Le Pen sosial bazasını genişləndirir. Emanuel Makron da buna səssiz qalmır və siyasi strategiyasına düzəlişlər edir. Sağdan mərkəzə keçidlər, solçuların səslərini itirməmək üçün siyasi manevrlər, mərkəzdən yenə sağa və s. Bu ayrı mövzudur və bu haqda ayrı yazacam.
Məsələ ondadır ki, Marin Le Pen seçkilərdə qələbə qazansa bu nəinki Fransa üçün, nəinki Avropa üçün, bütün dünya üçün böyük faciə olacaq. Bəli Makronun xarici siyasətindən narazıyıq, bəli Putinlə yaxın münasibətlərindən narazıyıq, bəli bu gün Avropa Rusiyaya qarşı sərt mövqe ortaya qoyur, Makron isə bunu etmir, AMMA(❗️) Makronla danışmaq olar, Makronla razılığa gəlmək olar, unutmayaq ki, Fransa nüvə dövlətidir. Marin Le Penlə isə danışıqlar mümkünsüz olacaq, Fransa Rusiyanın ən böyük müttəfiqi olacaq, təkrarlayıram ki, Fransa nüvə dövlətidir! Fransa Avropanın mərkəzində yerləşən ölkədir və Makronun qeyri-müəyyən xarici siyasətinə təsir etmək olarsa, Marin Le Penin siyasətinə təsir etmək mümkün olmayacaq, bu isə böyük faciə ilə nəticələnəcək. Birinci növbədə Fransa və Fransa xalqı üçün. Heç şübhəniz olmasın ki, Azərbaycana da ciddi təsiri olacaq. Təsəvvür etmədiyiniz qədər ciddi.
Ənənəvi olaraq sonda öz proqnozumu vermək istəyirəm. Seçkilərdə Emanuel Makron qələbə qazanacaq. Seçkilərdən sonra da, xarici siyasətində dəyişikliklər olacaq.
Avtorirar ölkələrdə Rusiyanın mövqelərini araşdıraraq qənaətə gəldim ki, Rusiyanın ən güclü mövqeləri olan ölkə məhz Azərbaycandır. Demokratik ölkələrin sırasında isə bu ölkə Fransadır. Ona görə də hər şey, heç də görsəndiyi kimi sadə deyil. Amma heç şübhəniz olmasın ki, Qərbin, ABŞ-ın, Co Baydenin sərt mövqeyi buna son qoyacaq.
Kamran Cəfərov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.